Bakı metrosunda sərnişinlərin həyatına biganəlik...

Baxış sayı:
3790

“Uzun müddətdir ki, metro parklarının yenilənməsi ilə bağlı hər hansı bir informasiya yoxdur”

Bakı metrosunda problemlər səngimir. Redaksiyamıza şikayət edən sərnişinlər bildirirlər ki, qatarlarda tez-tez müxtəlif problemlərlə üzləşirlər. Xüsusilə də qatarların qapının bağlanmaması problemi həll olunmamış qalır.

“Yeni Müsavat”a daxil olan məlumata görə, bu ilin may ayının 28-də “20 Yanvar” stansiyası istiqamətində maşinist Fazil Rəsulovun idarə etdiyi qatar stansiyada saxlamadan yoluna davam edib. İyunun 7-də 1-ci yolda maşinist Tərlan Tağıyevin idarə etdiyi qatar “Koroğlu” stansiyasını saxlamadan keçib. Eləcə də iddia olunur ki, iyun ayı ərzində maşinist Surxay Süleymanovun idarə etdiyi qatar “Əhmədli” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə 3-cü vaqonun 4 qapısı açıq formada gedib. Həmçinin maşinist Elman Musayevin idarə etdiyi qatar “Əhmədli” stansiyasında qatarı saxlasa da, qapıları açmayıb, sonra yoluna davam edib. Həmçinin şikayətlərdə bildirilir ki, maşinist Rəşad Borcəliyevin idarə etdiyi qatar “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyasına qədər 5 vaqonun qapıları açıq şəkildə gedib.

“Bakı Metropoliteni” QSC-nin redaksiyamıza şikayət edən əməkdaşları bildirirlər ki, bütün bu kimi hadisələr maşinistlərin yorğun, müvafiq şəxslərin texniki təlimatlara əməl etməməsi səbəbindən baş verir. Eyni zamanda metroda bir zamanlar fəaliyyət göstərən kassaların bərpa olunması da tələb edilir. Sərnişinlər bildirirlər ki, gediş yükləyən zaman xırda pulları olmadığı təqdirdə xeyli əziyyət çəkib, stansiyadan çıxıb, haradasa pulu xırdalatmağa çalışırlar.

Metropolitendən isə “Yeni Müsavat”a verilən açıqlamada bildirilib ki, qapılarla bağlı məsələ dərindən araşdırılır və nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

“Yeni Müsavat”a danışan ekspert İlqar Hüseynli bildirib ki, bütün bunlar sərnişinlərin hüquqlarının pozulması, onların təhlükəyə atılmasıdır:

“Metroda ciddi problem var. Bu problem ondan ibarətdir ki, Azərbaycanda metro təsərrüfatının yenilənməsi prosesi demək olar ki, dayanıb. Metro təsərrüfatı dedikdə burada xidmət sektorundan tutmuş, yeni vaqonların alınmasına qədər hər bir detal nəzərdə tutulur. Əslində insanların qapısı açıq qatarda hərəkəti olduqca təhlükəli və diqqət olunası məsələdir. İnsanlar bu qatarlardan məcburiyyət qarşısında qaldıqları üçün istifadə edirlər. Metroda qatarların hərəkət intervalında da çox ciddi problem yaşanır. Bir istiqamət üzrə hərəkət zamanı qatarın gəlməsi 2-3 dəqiqə interval nəzərdə tutulursa, reallıqda bu, 8-10 dəqiqədən artıqdır. Səbəb də odur ki, metroya yeni qatarlar alınmır. Uzun müddətdir ki, metro parklarının yenilənməsi ilə bağlı hər hansı bir informasiya yoxdur. Bu da ondan irəli gəlir ki, metroda gediş haqqı ilə bağlı, reklam ödənişləri və digər bu kimi məsələlərlə əlaqədar korrupsiya halları var. Nəticə də budur ki, metro təsərrüfatının yenilənməsində ciddi problemlər var. Onun da bir parçası olaraq bu gün qatarlar hələ də sovet dönəmindən qalmadır və yeniləri də alınmır. Heç yeni qatarın alınmasında da maraqlı görünmürlər. Hesab edirəm ki, qatarların sayı kifayət qədər olmalıdır ki, interval da normal qaydada olsun”.

Ekspert söyləyib ki, vətəndaşlar pik saatlarda işdən çıxan zaman uzun müddət qatara minə bilmir:

“Stansiyalar tikilib, şəhərin bu başından, digər başına qədər insanların daşınması nəzərdə tutulub. Ancaq normal qatar yoxdur. Ona görə də burada məsələdən çıxış yolu yalnız yeni qatarların alınması, hərəkət intervalını azaltmaqdır. Kassalarla bağlı məsələ də olduqca dərindir. Bilirik ki, stansiyaların girişində vaxtilə jetonlar satılırdı və insanlar pullarını da xırdalaya, gedişlərini də ala bilirdilər. Ancaq bunun da ləğv edilməsi insanların əlavə problemlə üzləşməsinə səbəb olub. İnsanlar 1 manat pul yükləmək üçün stansiyadan çıxıb, hansısa mağazadan nə isə almalıdır ki, pulunu xırdalaya bilsin. Bu da sərnişinlərin hüquqlarının pozulması deməkdir. Qeyd edilən problemi də aradan qaldırmaq lazımdır. Ancaq nədənsə bu problemlər həll edilmir. İmkan vermək olmaz ki, vətəndaşlar artıq bununla bağlı sosial partlayış həddinə qədər gəlsinlər. Metro rəhbərliyi məsələlərə konkret formada müdaxilə etməlidir. Əgər dövlətin vəsaiti ilə bağlı hansısa ehtiyaclar yaranıbsa, bunu ciddi şəkildə əsaslandırıb, Nazirlər Kabinetinə təqdim etməlidirlər. Orada hər bir şey qeyd olunmalıdır ki, vəsait nəyə lazımdır və hansı tədbirlərin keçirilməsinə ehtiyac var. Əks halda, proses bu qaydada da davam edəcək və getdikcə vəziyyət daha da acınacaqlı olacaq. Artıq yay fəsli gəldi və bundan sonra metro qatarlarında vəziyyət daha da acınacaqlı olacaq. Çünki sərinləşdirmə sistemi yoxdur. Baxın, həm sıxlıqdır, sərnişinlərin sayı normadan çoxdur, həm də qatarlarda havalandırma sistemi işləmir. Bütün bunları da aradan qaldırmaq üçün yenə də təzə qatarların alınmasına gərək var. Sadəcə, görüntü xatirinə bir neçə yeni vaqon alındı, sonra isə proses tamamilə dayandırıldı”.

Onu da qeyd edək ki, metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırıldıqdan sonra sərnişinlərin daşınmasında ciddi bir yeniliklər, onların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində hansısa ciddi dəyişiklik müşahidə olunmayıb...