Azərbaycanda şəxsi məlumatlar necə qorunur?

Baxış sayı:
15895

Sonuncu mitinqdən sonra aksiyada iştirak edən və ya həmin vaxtda o ərazidə olanlara polisdən gələn telefon zəngi bir məsələni aktuallaşdırdı: Azərbaycanda şəxsi məlumatlar necə qorunur?

Polis Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan mitinq vaxtı o ərazilərdə olanların nömrəsini necə əldə etdiyini açıqlamır, bunu "hüquq-mühafizə orqanlarının işi" ilə izah edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, şəxsi məlumatların əldə edilməsi müvafiq qanun əsasında həyata keçirilir, amma bunun üçün məhkəmənin qərarı lazımdır.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunlara edilən bəzi dəyişiklər mobil operatorlara məhkəmə qərarı olmadan şəbəkə içərisinə xüsusi avadanlıqların yerləşdirilməsi və insanların fərdi məlumatlarının izlənməsi imkanı verir.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, şəxsi məlumatların qorunması qanunvericiliklə tənzimlənsə də müəyyən problemlər hələ də qalır.

"Nömrə kimə məxsusdur?"

İctimai fəal Sənubər Heydərova BBC News Azərbaycancaya deyir ki, anası Gülşən Heydərova müxalifətin 19 yanvar mitinqinə qatılıb və bundan sonra ona zəng gəlib.

"Çərşənbə axşamı anama zəng gəlib ki, Binəqədi rayon 4 saylı polis bölməsinə gəlməlisiniz. Anam gələ bilməyəcəyini dedikdə ona, "nə vaxt imkanınız var, o zaman gəlin" deyiblər. Axşam gedəndə isə istifadə etdiyi nömrənin kimə məxsus olmasını, yaşadığı ünvanı soruşub, polisə niyə çağırdıqlarını izah etmədən buraxıblar".

İnsanlar və onların olduğu ərazi necə müəyyənləşdirilir?

19 yanvar mitinqi ilə bağlı orada iştirak edənlərin polisə çağrılmasını təsdiq edən Daxili İşlər Nazirliyinin rəsmisi Orxan Mansurzadə bunu bir qrup şəxsin mitinqdən sonra asayişi pozması ilə izah edib.

Ancaq o, mitinqə gələnlərin necə müəyyənləşdirilməsi, polisin onların telefon nömrələrini necə əldə etməsi barədə danışmayıb.

"Bu, polis fəaliyyətidir, polis fəaliyyəti isə həm ictimai, həm də əməliyyat-axtarış və digər istintaq fəaliyyətidir".

Ələsgər Məmmədli

"Məhkəmə qərarı olmadan barəmizdə məlumat toplana bilər"

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, qanunvericiliyə edilən son dəyişiklər mobil operatorlara məhkəmə qərarı olmadan şəbəkə içərisinə xüsusi avadanlıqların yerləşdirilməsi və insanların fərdi məlumatlarının izlənməsi imkanı verir.

"Məhkəmə qərarı olmadan bizim harada yerləşdiyimiz haqda informasiya, trayektoriyamız və s. haqda informasiya toplanır.

"Telekommunikasiya haqqında qanun"da yazılıb ki, mobil operatorlar müvafiq qurumun yerləşdirdiyi bu tip qurğuları gizli saxlamaq məcburiyyətindədir və bununla bağlı məlumatlar sızdırmamalıdır".

Ancaq hüquqşünas qeyd edir ki, operatorların ofislərinə və ya serverlərinə yerləşdirilən qurğuların hansı qanunla və ya hansı məhkəmə qərarı ilə yerləşdirilməsi və lazım olan məlumatları kimlərin izləyəcəyi ilə bağlı qanunda konkret müddəa yoxdur. "Daha doğrusu, bu sual açıq qalıb və bu, tamamilə icra strukturlarının öhdəliyinə buraxılıb", o vurğulayır.

Cənab Məmmədli hesab edir ki, bu halda "şəxsin harada olmağından asılı olmayaraq, barəsindəki informasiya onun icazəsi olmadan birbaşa icra strukturlarının sərəncamına ötürülür. Dəxli yoxdur, bu məlumat hüquqi baxımdan hansısa araşdırmanın və ya istintaqın mövzusudur, ya yox. Hədəfdə olan şəxs barəsində bütün informasiyalar toplana bilər".

"Məsələn, hansısa Qarabağ ətrafı rayona gedəndə dərhal mesaj gəlir ki, siz hal-hazırda elə yerdə yerləşirsiniz ki, orada əsgərlərin sağlamlığı və ya təhlükəsizliyi baxımından mobil telefonda və ya sosial şəbəkədə hərbi məsələləri danışmayın.

Mobil operator sizin lokasiyanız haqda məlumatı müvafiq qurumlara ötürür, ya da heç mobil operatorun xəbəri yoxdur ki, abonentinin lokasiyası barədə məlumat hansısa qurumlara gedib. Beləliklə, sizin orada olmağınız barədə məlumat sizin icazəniz olmadan hansısa icra qurumuna çatır".

Ələsgər Məmmədli deyir ki, "bu cür fərdi məlumatlar normal ölkələrdə ancaq məhkəmə qərarı ilə xüsusi hallarda izlənə bilər.

"Bizdə isə məhkəmə qərarı olmadan birbaşa şəbəkə üzərinə yerləşdirilən qurğular vasitəsilə təqib oluna bilirik".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Xəbərdarlıq edilmədən abunəçilərin ev, mobil telefonları dinlənə bilərmi?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, müvafiq qanuna əsasən, fiziki və hüquqi şəxslərin stansiya avadanlığına qoşulmaqla telefon danışıqlarına qulaq asması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması mümkündür. Amma bunu hüquq-mühafizə orqanları məhkəmənin qərarı əsasında həyata keçirir.

Nazirlikdən BBC News Azərbaycancaya bildirilib ki, onlara şəxsi məlumatların ötürülməsi barədə daxil olan şikayətlər araşdırılır.

"Abunəçilərin fərdi məlumatlarının abunəçini məlumatlandırmadan üçüncü tərəflə paylaşılması barədə nazirliyə daxil olan şikayətlər nazirlik tərəfindən qanunvericiliyə uyğun araşdırılır (o cümlədən, operatorlardan sorğu yolu ilə) və müraciət edən vətəndaşlara nəticəsi barədə məlumat verilir", qurumdan bildirilib.

Bəxtiyar Hacıyev

"Mobil operatorlar "üçüncü tərəfə məlumat ötürmək" haqqını müqavilədə göstərirlər"

İctimai fəal Bəxtiyar Hacıyev ötən ilin aprelində Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan birinin məlumat bazasının internetdə yayıldığını iddia etmişdi.

BBC News Azərbaycancaya danışan fəal deyir ki, sözügedən bazada dörd milyona yaxın abonentin şəxsi məlumatı olub.

"Bu məlumatlar şirkətin bazasından çıxarılıb və sıravi vətəndaşların əllərində, eləcə də internet resurslarında gəzirdi", o bildirib.

Cənab Hacıyev hesab edir ki, mobil operatorların abunə müqaviləsində abunəçilərin şəxsi məlumatlarının üçüncü tərəfə ötürülə biləcəyi qeyd olunur, "amma bu zaman abunəçiyə seçim verilmir".

"Ölkədəki hər üç mobil operator abunəçilərlə imzaladığı müqaviləni təktərəfli tərtib edir və abunəçinin seçimi olmur ki, o şərti aradan qaldırsın".

Mobil operatorlar nə deyir?

"Azerfon" şirkəti BBC News Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, "şirkət bütün abunəçilərinə aid məlumatların məxfiliyini qanunvericiliyin tələblərinə uyğun olaraq qoruyur".

""Nar" istifadəçiyə məxsus informasiyaları yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, rəsmi sorğu əsasında hüquq-mühafizə orqanlarına, məhkəmələrə və digər dövlət qurumlarına təqdim edə bilər".

Azercell və Bakcell operatorları isə BBC News Azərbaycancanın sorğusunu cavablandırmayıb.

Fazil Mustafa

"Şəxsi məlumatların qorunmasında müəyyən problemlər var"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa hesab edir ki, şəxsi məlumatların qorunması qanunvericiliklə tənzimlənsə də müəyyən problemlər qalmaqdadır.

"Konstitusiyaya bununla bağlı xüsusi müddəalar daxil edildi və bunun əsasında da məsələ həllini tapdı, lakin bu, bəzən tam mənada yerinə yetirilmir. Məsələn, bəzən görürsən ki, istintaq altında olan məsələlər barədə məlumatlar verilir, şəxslərin adları çatdırılır.

Bunlar hüquqazidd davranışlardır. Bu cür davranışlar da hüquqi məsuliyyət yaratmalıdır, bir çox hallarda isə yaratmır".

Deputat deyir ki, məsələyə iki yanaşma var, biri qanuni, digəri isə qanunazidd hallardır.

"Əgər şəxsi məlumatların əldə edilməsi istintaq xarakterlidirsə və istintaq orqanının tələbi əsasında baş tutursa, bu, qanunda nəzərdə tutulub, çünki terrorçuluğa qarşı mübarizə, çirkli pulların yuyulması və başqa hallarda cinayətin qarşısının alınması məsələləri var".

Millət vəkili hesab edir ki, bu imkandan "şəxsi məqsədlərlə, tamah və ya kimisə şantaj etmək məqsədilə" istifadə edilirsə, bu, qanuna ziddir və məsuliyyət yaradır.

"Bu cür hallar monitorinq aparılaraq cəzalandırılmalıdır", Fazil Mustafa vurğulayır.