Azərbaycanda növbəti inflyasiya dalğası gözlənilir - Dolların rubl, lirə və rialla savaşı bu gün olmasa da, sabah mütləq manata da öz mənfi təsirini göstərəcək

Baxış sayı:
907

Tramp Rusiya, Türkiyə və İran iqtisadiyyatını çökdürməyi planlaşdırır
Hər üç qonşu ölkədə baş verən iqtisadi və siyasi hadisələr Azərbaycandan yan keçməyəcək

ABŞ prezidenti Donald Tramp ölkəsinin maraqlarını təmin etmək, daha doğrusu dünyada yeganə söz sahibi, əsas həlledici güc olduğunu sübuta yetirmək, rəqiblərini ram etmək və onları tələblərinə boyun əydirmək məqsədiylə Rusiya, Türkiyə və İran iqtisadiyyatını çökdürməyi planlaşdırır. Məhz elə bu səbəbədən də hazırda adıçəkilən ölkələrin milli valyutaları ABŞ dollarına nisbətdə kəskin dəyər itirməkdədir. Belə ki, tanınmış iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovun da bildirdiyi kimi, Türkiyə lirəsinin rekord düşüşü davam edir və bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır.
Onun sözlərinə görə, digər qonşumuz Rusiyada isə rubl müqavimət göstərməkdə davam etəsə də Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir: "Cənub qonşumuzda isə "dollar panikası" yaşanmaqdadır. Lirənin ucuzlaşması Türkiyə ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiyanın tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır. Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makro-iqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələr gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır".
Türkiyə, Rusiya və İranın Azərbaycanla qonşu olduğunu, eyni zamanda onların əsas ticarət tərəfdaşımız olduğunu nəzərə alsaq, o zaman qəti əminliklə demək olar ki, sözügedən dövlətlərin milli valyutalarının dəyərdən düşməsi mütləq ölkəmizə də öz təsirini göstərəcək. Düzdür, Azərbaycan Mərkəzi Bankının manatın xarici valyutalara qarşı rəsmi məzənnəsinə əsasən demək olar ki, manat rubl və lirə ilə müqayisədə bahalaşıb. Lakin bu, müvəqqəti xarakter də daşıya bilər. Qeyd edək ki, məsələ ilə bağlı mövqeyini bildirən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb: "İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22 faiz artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir. İdxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir". Ekspert hesab edir ki, bütövlükdə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir: "Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımızın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Amma əgər, lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir. Növbəti aylarda isə dekabrda dollara tələbin artacağı gözlənilir. Bu həmin özəl və dövlət müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır. Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq, Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir".
Bu arada, Türkiyənin Azərbaycan üçün ən önəmli ticarət tərəfdaşlarından biri, ölkəmizin Qərbə açılan qapısı, bütün enerji və logistika layihələrinin ən önəmli həlqəsi olduğunu vurğulayan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, qardaş ölkədə baş verən iqtisadi, o cümlədən siyasi hadisələrin Azərbaycana təsirləri çox böyükdür. Seçkilərədən sonra Türkiyənin yeni hökuməti açıqlanan kimi türk lirəsinin ciddi dəyər itirdiyini, birjalarda səhmlərin ucuzlaşdığını, Türkiyənin 10 illik dövlət borc kağızları üzrə faizlərin xeyli artdığını qeyd edən ekspertin bildirdiyinə görə, ABŞ ilə ciddi böhran yaşandıqdan sonra isə lirə tarixi rekordlara imza ataraq ucuzlaşdı, birjalarda çalxanma oldu. Ağ Evin Ankaradan həbsdə olan keşiş Bransonun azad olunmasını, İrandan neft alışının noyabra qədər dayandırılmasını, Rusiyadan S-400-lərin alışından imtinanı istədiyini deyən Natiq Cəfərli hesab edir ki, Donald Trampın əsas hədəfi İrandır. Yəni ABŞ-ın Çin, Avropa Birliyi, Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır: "ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini kəsmək, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır. Trampın məqsədi bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da İranda rejimin dəyişməsinə nail olmaqdır. Trampın addımları rasional deyil, aqressivdir, amma öz məntiqi var - adam öz missiyasını İsrailin bütün istəklərini yerinə yetirməkdə görür. Çox maraqlı, amma təhlükəli vəziyyət yaranıb. Çin bəyan edib ki, İrana qarşı sanksiyalara qoşulmayacaq, bu ölkədən neft almağa davam edəcək. Məhz buna görə Tramp Çin mallarına əlavə rüsum və vergilər tədbiq edib. Çin çox rasional ölkədi, ABŞ-a ildə 512 mlrd. dollarlıq mal satır, Yəni Çin gərginliyi artıracaq, sonra ABŞ-dan əlavə güzəştlər alıb, hətta rüsum və vergiləri azaldıb İrandan vaz keçəcək. Rusiya isə öz oynunu oynayır, İran onun vecinə də deyil. Sonda ABŞ-dan sanksiyaları ləğv etmək müqabilində İranı satacaq. AB ilə vəziyyət fərqlidir. Avropa ölkələri Rusiya sanksiyalarına ona görə razı oldular ki, əvəzində yeni texnologiya və malara "ac" və yeni, 80 mln. əhalisi olan İran bazarında əsas oyunçu olsunlar. İran sazişini imzalayanda AB ölkələri Rusiyada itirdiklərini İranla kompensasiya etmək, əlavə İrana 400 mlrd. dollarlıq mal satmaq, İranın enerji və avtomobil sənayesində əsas oyunçu olmaq istəyirlər. ABŞ Avropaya basqı edib İran məsələsində onları müttəfiq etmək üçün Avropaya daha çox güzəşt etməyə məcburdur, bu mümkün olsa da, çox çətindir. Türkiyə isə İrandan ən çox neft-qaz alan, ən çox pul qazanan ölkələrdən biridir. Suriyada İran Türkiyəyə rəqib, PKK məsələsində isə müttəfiqdir. İraqda İran əsas oyunçulardan biri, Türkiyənin maraqlarına toxunan ölkə, amma Qərblə münasibətlərdə yaxın ölkədir. Yəni ən ağır durumda Türkiyədir, iqtisadiyyatı zəif, daxili problemləri çoxdur. ABŞ bunu bilir və Türkiyənin zəif nöqtələrinə basaraq İran məsələsində güzəşt almaq istəyir. Sonda buna nail olacaq".
İqtisadçı ekspert bu qənaətdədir ki, bu gün Azərbaycanın da durumu yaxşı deyil. Belə ki, İran ən böyük qonşulardan biridir, ciddi iqtisadi və insanı əlaqələrimiz var: "İranın da ölkəmizə təsir rıçaqları çoxdur. İran ölkəmizdə oyun qurucu güc olmasa da, təəssüf ki, böyük dağıdıcı gücə sahibdir. İrana qarşı müharibə olsa, bundan ən çox əziyyət çəkən ölkə biz olacağıq. Yüz minlərlə qaçqın ölkəmizə gələ bilər, buna isə hazır deyilik. İrana qarşı açıq cəbhədə yer alsaq qonşu dövlət qarşı cəbhənin ən zəif həlqəsi olan ölkəmizə qarşı aqressiv addımlar ata bilər. Buna görə də, İran məsələsində çox ehtiyatlı və həssas davranmalıyıq, buna məcburuq. Amma bizdən asılı olmayan səbəblərdən İranda yeni bir demokratik dalğa başlasa orada yaşayan soydaşlarımızın özlərinə ciddi muxtariyyət qazanma şansı da yaranacaq. Bunu da həmişə nəzərdə saxlamalıyıq".
Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, ABŞ dollarının rus rublu, türk lirəsi və İran rialı ilə savaşı bu gün olmasa da, sabah mütləq Azərbaycan manatına da öz mənfi təsirini göstərəcək. Təxminən, bu mövqedən çıxış edən iqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir: "Dəfələrlə demişik, indi də təkrar edirəm dedi ki, Azərbaycan Okeanda yalqız bir ada deyil ki, dünyada, xüsusilə də yaxın qonşularda baş verənlər ona təsir göstərməsin. Bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir. Bəlkə də onu heç istəmir. Çünki son 1 ildə baş verənlər idxala nəzarət edən məmur-oliqarxların maraqlarına xidmət edir. Baxın, bu ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 14,1 faiz, kredit qoyuluşları 19,3 faiz azalıb. Bu o deməkdir ki, iqtisadiyyat daxildən qidalanmır. Bununla yanaşı, son 2 ayda (may və iyunda) ixracın aşağı düşməsi fonunda 2018-ci ilin yanvar-iyun ayları üzrə idxal əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 37 faiz artıb. Bu isə o deməkdir ki, daxildə qazanılan əlavə dəyər, kapital ölkədə qalmır, "xaricə qaçır"". Son 6 ayda ixracatda xam neft, neft məhsullar və qazın birlikdə payının 90 faizə çatdığını bildirən ekspertin sözlərinə görə, bütün bunlar da Azərbaycan iqtisadiyyatının xarici şoklara həssaslığı artırır: "Xarici ticarət tərəfdaşların, xüsusilə də Türkiyə, Rusiya və İranın valyutalarının ABŞ dollarına nisbətdə dəyərini sürətlə itirməsi manata təzyiqləri artırıb, idxalı stimullaşdırırb qeyri-neft məhsullarının ixrac rəqabət qabiliyyətini aşağı salıb. Fikrimcə, bir ölkənin iqtisadiyyatını inkişafdan saxlamaq üçün bundan artığına gərək yoxdur. Arxasında heç bir iqtisadi məntiq olmadan ABŞ dollarına nisbətdə inzibati vasitələrlə sabit saxlanılması kökündən yanlış siyasət olmasına baxmayaraq, 1 il 5 aydır ki, onu davam etdirirlər".
Onu nəzərinizə çatdıraq ki, bir müddət əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan monitorinq və qiymətləndirmə üzrə hesabatda bildirilir ki, 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu günə qədər Azərbaycan hökuməti baş verən iki devalvasiya prosesindən sonra dəfələrlə bəyan edib ki, üzən məzənnə rejiminə keçib. Amma bununla belə, hələ də manatın məzənnəsi Mərkəzi Bankın müdaxiləsi, yəni inzibati yolla tənzimlənməkdə davam edir. İndi isə bəyan edilir ki, üzən məzənnə rejiminə keçid 2020-ci ildə baş tutacaq. Məhz bu məsələ ilə bağlı fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun qənaətincə, üzən məzənnə sisteminə keçidin müddəti 2020-ci ilə qədər uzadılsa da, onun baş tutub-tutmamasında əsas sözü neftin qiyməti deyəcək: "Neftin qiyməti Azərbaycan hökuməti üçün məqbul səviyyədə olacaqsa, bu halda böyük ehtimalla üzən məzənnə rejiminə keçid deyildiyinin əksinə olaraq, 2020-ci ildə də baş tutmayacaq. Ancaq neftin qiymətində ciddi enmələr baş verərsə, tədiyyə balansında defisit yaranarsa, prosesi tənzimləmək mümkün olmazsa, bu halda üzən məzənnə rejiminə keçid baş tuta bilər. Yəni proses daha çox neftin qiymətindən asılı olacaq. Bu mənada düşünmürəm ki, burada 2020-ci il hər hansı bir meyardır. Əslində 2020-ci ildə nəhayət ki, üzən məzənnəyə keçəcəyimizlə bağlı proqnozlaşdırma aparmaq çox çətindir. Çünki bu istiqamətdə dəfələrlə müəyyən müddətlər göstərilib. Lakin sonrakı dövrdə əslində üzən məzənnə rejiminə keçidin birmənalı olaraq baş tutmadığını müşahidə etdik. Məsələ ondan ibarətdir ki, hökumət üzən məzənnənin tətbiq edilmədiyini etiraf etmirdi. 2017-ci ilin əvvəlində üzən məzənnəyə keçidlə bağlı bəyanat səsləndi. Mərkəzi Bankın pul siyasətində də il ərzində üzən məzənnə siyasətinə keçidin tamamlanacağı vəd olunurdu. Amma sonradan neftin qiymətinin bahalaşması və tədiyyə balansında profisit imkanlarının genişlənməsi Mərkəzi Bankın yenidən tənzimlənən məzənnə sisteminə keçidinə səbəb oldu. 2017-ci ilin sentyabrında Mərkəzi Bank rəsmiləri tərəfindən manatın məzənnəsinin tələb və təklif əsasında, yəni üzən rejimdə formalaşdığı fikri səsləndirildi. Hazırkı məqamda səsləndirilən bəyanat isə onu göstərir ki, üzən məzənnə rejiminə keçid dediklərinin əksinə olaraq, əslində baş tutmayıb. Strateji yol xəritələrində 2017-ci il ərzində üzən məzənnəyə keçid prosesinin tamamlanacağı nəzərdə tutulurdu. Amma gördüyümüz kimi, bu baş tutmadı".
Yeri gəlmişkən, bildirək ki, bir müddət öncə rus rublu və türk lirəsinin dəyərdən düşməsinə münasibət bildirən keçmiş maliyyə naziri Fikrət Yusifov da bəyan edib ki, hər iki ölkənin milli valyutası məhz siyasi motivlər əsasında ABŞ-ın istəyinə uyğun bir ssenari ilə ucuzlaşır: "Rusiya, İran və Türkiyə dollardan imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aparmağı təklif etdilər. Bu, yeni təşəbbüs deyil, bundan öncə hətta BRİKS-ə daxil olan ölkələrdə bu təklifin reallaşdırılmasına cəhd edilmişdi. Lakin dolların bir saylı valyuta kimi onillər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegemonluq buna imkan vermədi. Təbii ki, nə vaxtsa dollardan imtina etmək mümkün olacaq, bunun əksini demək düzgün deyil. Lakin bu gün heç bir dövlət və ya müxtəlif formatlarda bir araya gəlmiş ölkələr tərəfindən bunun edilməsi mümkün deyil. Çünki bu gün ABŞ-ın hərbi büdcəsi 700 milyard dolları ötürsə və bu zaman Rusiyanın hərbi büdcəsi cəmisi 45 milyard dollar ətrafındadırsa, Rusiya ABŞ-a qarşı hansı gücü nümayiş etdirə bilər?" Məsələnin maraqlı tərəfi isə ondadır ki, digər iqtisadçılardan fərqli olaraq sabiq maliyyə naziri rublun və lirənin dollar qarşısında duruş gətirə bilməməsinə rəğmən, manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək səbəbin olmadığını iddia edib. Onun fikrincə, manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir: "Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, bu ilin yanvar, fevral və mart ayları içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda, 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər əldə edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta da manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur".
Xülasə, iqtisadçı ekspertlərin sözügedən mövzu ilə bağlı fikirlərini ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, istəsək də, istəməsək də, hazırda cərəyan edən proseslərin gedişatı, yəni dolların rubl, lirə və rialla savaşı manatın da devalvasiyasına səbəb olacaq. Bu isə son nəticədə növbəti inflyasiya dalğasına gətirib çıxaracaq.
Vazeh BƏHRAMOĞLU