AZƏRBAYCANDA CAVABI TAPILMAYAN SUAL... - Ölkədə neçə siyasi məhbus var?

Baxış sayı:
10576

Azərbaycanda beynəlxalq və yerli hüquq "siyasi məhbus" məsələsinə görə bir sıra Avropa qurumları tərəfindən tənqid olunsa da, ortada vahid siyahı yoxdur. Daha doğrusu, bir neçə siyahı var və oradakı say fərqi iki dəfədən çoxdur.

Məsələn, siyahıların birində 53, digərində 127, başqa birində isə 137 nəfərin adı qeyd olunub. Bəs bu qədər siyahıya ehtiyac varmı və bunlardan hansı əsas götürülməlidir?

BBC News Azərbaycanca bu yazıda ortaya çıxan suallara cavab axtarıb.

Məhbus siyahılarındakı fərqlərlə bağlı məqamlara Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bu günlərdə BBC News Azərbaycancanın "Sual vaxtı" proqramına müsahibəsində toxunmuşdu.

"Beynəlxalq təşkilatlarda, xüsusən də Avropa Şurasında bizə müxtəlif siyahılar təqdim olunur. O siyahılarda müxtəlif adlar peyda olur. Bəzən bu siyahılar bir-birinə tamam zidddir, biri-birini inkar edir", o deyib.

Səməd Seyidovun sözlərinə görə, hüquq müdafiəçiləri ilə görüşdə də bu məsələ müzakirə edilib.

"Bu siyahılar hardan əmələ gəlir, niyə sui-istifadə olunur? Siyahıdakı məhbuslarla bağlı deyilənlər nə dərəcədə həqiqətəuyğundur, problemləri necə həll edilə bilər?"

BBC News Azərbaycanca siyahını hazırlayanlara müraciət edib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, onların siyahısında 53 məhbusun adı var və onu əfv komissiyasına təqdim ediblər. Siyahıdakı adlar haqqında detalları açıqlamayan hüquq müdafiəçisi "Bizim siyahıda ən məşhurlardır", deyə əlavə edir.

Zümrüd Yağmur, Mehman Əliyev, Əvəz Zeynallı, Zəfər Əhmədov, Əlövsət Sadıqlı, Taleh Xasməmmədov, Rövşən Məmmədlinin təmsil olunduğu Siyasi Məhbusların Müdafiə Mərkəzinin siyahısında 137 nəfərin adı var.

Amma bununla belə, Mərkəzin koordinatoru Oqtay Gülalıyev siyahının daha da böyüyəcəyini istisna etmir, xeyli sayda adamın hələlik monitorinq altında olduğunu, araşdırıldığını söyləyir. Araşdırlan şəxslərin ötən ilin iyulunda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı ittihamlar əsasında həbs edilənlər olduğunu bildirir.

"Həmin həbslərdə siyasi motivlər var. Eyni zamanda Tərtər işi (2017-ci ilin mayında hüquq-mühafizə orqanları orduda casus şəbəkəsinin aşkarlanması, bir qrup şəxsin maddi maraq qarşılığında Ermənistan Silahlı Qüvvələrinə hərbi sirləri ötürməsi haqqında məlumat yaymışdı.

Onlarla şəxsin tutulduğu deyilirdi. Hətta istintaq dövründə bir neçə nəfərin işgəncə altında öldürülməsi iddiaları da vardı. Həmin şəxslərin yaxınları bir neçə dəfə Prezident Administrasiyası qarşısında aksiya da keçiriblər -red.) ilə bağlı hərbçilərin işi də araşdırılır".

Hüquq müdafiəçisi Respublika Prokurorluğuna istinadla Gəncə hadisələrindən sonra 77 nəfərin həbs edildiyini qeyd edir.

"77 nəfərdən azadlığa çıxanların olduğu deyilsə də, son rəqəm açıqlanmır. Bizim araşdırmamıza görə, Gəncə işi ilə bağlı təxminən 50-dən çox adamın məhkəməsi gedir və ya başlayacaq, onlara işgəncə verilib, qurama ittiham irəli sürülüb. Hətta Gəncəyə gələn təsadüfi insanlar iyulun 10-da kameraya düşdüklərinə görə və ya həbs edilənlər haqda məlumat almaq üçün müraciət etdikləri zaman tutulublar.

Həmin vaxt artıq 9 ay həbsdə olan siyasi məhbus Firudin Zeynalova da Gəncə hadisələri ilə bağlı ittiham verilib. O ittihamlar ki, Yunis Səfərova verilib. Zeynalovun həbsdə ola-ola həmin hadisələrdə iştirakı mümkün deyildi", hüquq müdafiəçisi əlavə edir.

Siyasi Məhbusların Müdafiə Mərkəzi hazırladığı siyahını rəsmi qurumlara təqdim etmədiyini, sadəcə sosial şəbəkələrdə və KİV-də yaydığını bildirir.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupa isə Xədicə İsmayıl, İntiqam Əliyev, Akif Qurbanov, Anar Məmmədli, Günay İsmayılova, Xalid Ağaliyev, Rövşən Hacıbəyli, Samir Kazımlı, Sevinc Vaqifqızı və Səməd Rəhimli daxildir. Bu qurum 127 nəfəri siyasi məhbus sayır.

Doqquz jurnalist və bloqçunu, 18 siyasi və ictimai fəalı, 67 dindarı, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovu siyasi məhbus hesab edirlər. Siyahıda sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş prokurorluq işçisi Rüfət Səfərov da yer alır.

Bu qurum da siyahını rəsmi qurumlara göndərmədiyini, beynəlxalq qurumlara yolladığını və yerli ictimaiyyətə açıqladığını bildirir.

Novella Cəfəroğlu

Novella Cəfəroğlu: "Özlərinə hüquq müdafiəçisi deməsinlər, yoxsa hər şeyi açıb tökərik"

Siyahı müəlliflərinin fikriləri üst-üstə düşümür və bir-birlərini tənqid edirlər, bəzən də bir-birinin ünvanına suçlamalar səsləndirir, "hakimiyyətlə əlbir olmaqda" və ya "şəxsi, maddi maraqlara, müəyyən qruplara" işləməkdə ittiham edirlər.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu digər siyahıları hazırlayanları əsəbi tonda tənqid edir:

"Kimdir onlar? İndiyə kimi bir adam buraxdırıblar? O siyahı tərtib edənlər həbsxanaya bir adamın yanına gediblər? Bir adamla bağlı kiminləsə görüşüblər? Biz 1994-cü ildən görə-görə gəlmişik, 716 nəfər bir dəfə buraxdırmışıq, 350 bir, 150 bir buraxdırmışıq. Təzə siyahı düzəldənlər ortalığa düşüblər, kimi istəyirlər ora salırlar. Ağzımızı açdırmasınlar. Özlərinə hüquq müdafiəçisi deməsinlər, yoxsa hər şeyi açıb tökərik ki, o siyahıları necə tərtib edirlər", hüquq müdafiəçisi deyir.

Rövşən Hacıbəyli: "O və komandası hüquq müdafiəçiliyindən çox hakimiyyətin müdafiəçiliyi ilə məşğuldur"

"Novella Cəfəroğlu və komandası bir neçə ildir ki, hüquq müdafiəçiliyindən çox hakimiyyətin müdafiəçiliyi ilə məşğuldur. Hakimiyyət də siyasi məhbusları qəbul etmir", Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun üzvü Rövşən Hacıbəyli deyir.

"Ölkədə siyasi məhbus yoxdur" deyilsə də, hakimiyyət vaxtaşırı həmin şəxsləri azadlığa buraxır. Novella Cəfəroğlu da hakimiyyət mövqeyindən çıxış etdiyindən elə deyəcək, sayı azaldacaq".

Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülaliyevsə Novella Cəfəroğlunu və digər həmkarlarını məhkəmədə iştirak etməyə dəvət edir.

"Təəssüf ki, onlar məhkəməyə gəlmirlər. Onlar həmin şəxslərə verilən ittihamların nə qədər qondarma, saxta, gülünc və dəhşətli olduğunu gözləri ilə görəcəklər.

AXCP-ni maliyyələşdirməkdə ittiham olunan Saleh Rüstəmovun, Babək Həsənovun, Aqil Məhərrəmlinin məhkəməsi buna nümunədir. Məhkəmədə iştirak etmədən, araşdırmadan, günahsız insanlara damğa vurmaq çox böyük ədalətsizlikdir, hüquq müdafiəçisi üçünsə yolverilməzdir".

"Uyğunsuzluq bununla bağlıdır"

Mübahisə və gərginliklərə yol açan siyahılardakı fərqlər hardan qaynaqlanır?

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun üzvü Rövşən Hacıbəyli izah edir ki, məhbus siyahılarının üst-ütə düşməməsinin səbəblərindən biri onu hazırlayan qrupların yanaşma tərzi ilə bağlıdır. O, "şübhəli məhbuslar"la bağlı monitorinq aparıldığını, məlumat yetərli olmadıqda siyahıya daxil etmədiklərini bildirir.

"Bəziləri müxtəlif səbəbdən kriteriyalara cavab verməyən məhbusları siyasi məhbus saymır, ya da məlumat azlığından belə bir addım atır. Bununla bağlı bir sıra sənədlər toplanmalıdır, monitorinq aparılmalıdır, yalnız bundan sonra ad siyahıya daxil edilməlidir.

Vaxtilə dövlət qurumunda çalışanlar var ki, biz onları siyasi məhbus saymırıq. Məsələn, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev. Uyğunsuzluq bununla bağlıdır".

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev: "Spekulyasiya cəhdləri var"

Prezident yanında əfv komissiyasının üzvü Əliməmməd Nuriyev siyahıların üst-üstə düşməməsini qrupların bu məsələdə manipulyasiya cəhdləri, bəzən də "maddi, qrant maraqları" ilə izah edir.

"Hər zaman hüquq müdafiəsi ilə məşğul olan şəxslər var, məsələn, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı. Bəziləri daha sonra, bəzi hadisələrin, müəyyən strukturların və ya şəxsi maraqların təsiri altında gəliblər.

Siyahılarla bağlı məsələdə spekulyasiya, manipulyasiya cəhdləri olur. Ötən illərdə bunu görmüşük, "siyasi məhbus" siyahısına terrorçuların da adlarını salıblar. Siyasi fəaliyyəti olmayan şəxslərin də siyahılara salınması müşahidə edilir. Bu siyahı hazırlanmasını biznesə çevirənlər var".

Hərçənd komissiya üzvü son ittihamla bağlı konkret ad çəkmir.

Əliməmməd Nuriyev üzvü olduğu əfv komissiyasının "siyasi məhbus" anlayışını qəbul etmədiyini vurğulayır. O, həmçinin bu siyahıların əfv komissiyası üçün xüsusi əhəmiyyət daşımadığını, kimin hansı əqidə sahibi olmasına baxmayaraq daxil olan bütün müraciətlərin araşdırıldığını bildirir.

"Qanunvericiliyə görə, yerli və beynəlxalq təşkilatlar, ombudsman, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya, deputatlar, Penitensiar Xidəmətin rəhbərliyi ayrı-ayrı məhkumların əfv edilməsi ilə bağlı vəsatət qaldıra bilər. Amma bu vəsatətlərə baxılması Əfv Komissiyasının səlahiyyətinə aiddir. Kimi əfv edib-etməməksə cənab prezidentin müstəsna hüququdur".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə siyasi məhbus sayılan şəxslərin azadlığa çıxacağını istisna etmir, amma o, bu cür sərəncamların çıxış yolu olmadığını, problemin kökündən həll edilməli olduğunu qeyd edir.

Hüquq müdafiəçisi ölkədə həbslərin davam etdiyini və siyahıya yeni adların salınacağını düşünür. "Hakimiyyət azadlığa çıxacaq insanların yerinə yenilərini hazırlayır və bu həbslər siyasi motivlidir".

Sözügedən problemə toxunan Əliməmməd Nuriyevsə siyahıların "maddi və ya qrant maraqları" qarşılığında yeniləcəyini iddia edir. O ki qaldı, problemin birdəfəlik həllinə, cənab Nuriyev dövlət başçısının bugünlərdə məhkəmə-hüquq islahatları ilə bağlı anons verdiyini, son illər bir sıra qanunvericilikdə, məsələn, cəzanın humanistləşdirilməsi ilə bağlı ciddi dəyişikliklər edildiyini xatırladır.

Onun fikrincə, məhkəmə-hüquq islahatlarının yeni dalğasında əsas hədəf insan hüquq və azadlıqlarının qorunması, müdafiənin gücləndirilməsi olacaq.