Azərbaycan şirkətləri pomidordan 138 milyon dollar qazanıblar

Baxış sayı:
1291

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayı təqdim olunub.

İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının ixracı 9,98 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 15 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 979 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 127 milyon ABŞ dolları və ya 15 faiz artıb. Bu ilin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon, İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz və İtaliyaya 2,3 dəfə artıb.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (138,1 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (74,9 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 70,4 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarımilliyi ərzində meyvə-tərəvəz ixracı 318,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,3 milyon, pambıq lifi ixracı 75,7 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 milyon, kimya sənayesi məhsullarının ixracı 45,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 milyon, pambıq ipliyi ixracı 14,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 15,5 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 49 faiz, pambıq ipliyinin ixracı 47 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 44 faiz, meyvə-tərəvəzin ixracı 15 faiz artıb.

2019-cu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə ixrac 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon ABŞ dolları və ya 7 faiz artıb. /fed.az