Avro ucuzlaşmaqda davam edir, dollar isə… - Ekspertlər açıqladı

Baxış sayı:
1297

Avronun indiki halda birbaşa ucuzlaşmasının iki əsas səbəbi var. Bu sözləri Axar.az-a avronun ucuzlaşmasının səbəbləri haqda danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, avro dünya bazarında ABŞ dollarının mövqeyinin möhkəmlənməsi və İtaliyanın maliyyə vəziyyəti ilə bağlı büdcə prinsipinin qəbul olunması fonunda yaranmış böhrandan dolayı dəyər itirir:
“Hazırda Avropa Birliyi ilə İtaliya idarəetməsi arasında müəyyən fikir ayrılıqları var. Bu isə avronun məzənnəsini əhəmiyyətli səviyyədə zəiflədən faktorlardan biri kimi çıxış edir. Digər bir faktor isə ondan ibarətdir ki, FES uçot dərəcəsini artırma siyasəti aparsa da, Avropa Birliyi müvafiq indikatorları əldə edə bilmədiyi üçün uçot dərəcəsinin artımına gedə bilmir. Bu faktor da avronun mövqeyini müəyyən qədər zəiflədir. Həmçinin Avropa Birliyində iqtisadi indikatorların tam olaraq yerinə oturmaması və gözləntilərin özünü doğrultmaması da Avropa pulunun məzənnəsinə təsirsiz ötüşmür”.

İqtisadçı qeyd edib ki, İtaliyanın büdcə probleminin həllindən sonra avro müəyyən qədər itkilərini bərpa edəcək:“Ancaq ilin sonuna qədər avronun dollara nisbətdə məzənnəsinin 1.15 səviyyəsindən aşağı qalacağı ehtimal olunur”.

İqtisadçı alim Vüqar Bayramov da yaxın zamanlarda avronun məzənnəsində kəskin artımların proqnozlaşdırılmadığını bildirib:“Avro son 6 ayda 9 faiz ucuzlaşıb. Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa, bu proses davamlı ola bilər”.