​Arvadın evi saxlaması kişinin sağlamlığına təhlükədir – ALİMLƏRİN YENİ TAPINTISI

“Ailə başçısı rolunu itirən kişilər müxtəlif problemlərlə qarşılaşırlar...”
 
"The Telegraph" qəzeti yazır ki, iş yerində uzun saatlar gərginlik içində vurnuxan kişilər üçün evdə çörək qazananın qadın olması cənnət kimi görünə bilər. Lakin indi məlum olub ki, ailənin əsas çörək gətirəninin qadın olması, evin kişisinin sağlamlığı üçün böyük təhlükə imiş.
Alimlər aşkar ediblər ki, qadının öz qazancı ilə dolandırdığı ailədə evdar kişi olan ər ürək xəstəlikləri, insult və ikinci tip diabet təhlükəsi ilə üzləşə bilər.
ABŞ-dakı Rutgers Universitetinin sosioloqları tərəfindən aparılmış tədqiqat göstərib ki, ailə başçısı rolunu itirən kişilər müxtəlif problemlərlə qarşılaşırlar.
Tədqiqatdan bəlli olub ki, hətta kişinin də çalışdığı ailədə əsas qazancı qadın gətirirsə, bu, kişinin sağlamlığı üçün böyük təhlükələr yaradır.
Belə düşünülür ki, ailə başçısı "taxtından" salınan kişilər psixoloji sarsıntıya məruz qalırlar və bu da fiziki sağlamlığa mənfi təsir göstərir.
Bu nəticəyə gəlməzdən əvvəl Rutgers alimlər qrupu 2000 cütü 30 il ərzində monitorinq edib. Qrup cütlərin hansının daha çox qazandığına xüsusi diqqət yetirirdi.
Alimlər aşkar ediblər ki, maliyyə baxımından qadının hakimiyyəti altında olan ailələrdə kişilər streslə bağlı xəstəliklərə, daha dəqiq deyilərsə, ürək xəstəliklərinə və diabetə tutulurlar.
Maraqlısı budur ki, ümumən evə gətirilən qazancın yüksək olduğu hallarda belə, kişinin maaşı daha azdırsa, eyni fizioloji problemlər baş qaldırır.
Alimlərin hazırladığı hesabatda deyilir ki, müasir dövrümüzdə qadınlar qazanc məsələsində kişiləri getdikcə daha çox geridə qoyurlar və bu da kişi sağlamlığının pisləşməsi ilə nəticələnir.
Elmi tədqiqatdan bəlli olur ki, evin çörək qazananı kimi kişilik idealından məhrum olan kişilər daha ahıl yaşlarda daha çox xəstə olurlar.
Lakin Manchester Biznes Məktəbindən psixoloq Cary Cooper deyir ki, işləyən qadınların artmasına baxmayaraq, hələ də statistik baxımdan kişilər evin çörəkgətirənidirlər.
Alim deyir ki, son vaxtlar evdə uşaqlarla məşğul olan və ev işləri görən "yeni kişi" modelindən tez-tez bəhs edilsə də, kişilərin əksəriyyəti ailəni dolandırmaq funksiyasının onlara aid olduğunu bilirlər.
Cənab Cooper də razılaşır ki, ailədə aparıcı rolunu itirən kişilər psixoloji sarsıntıya məruz qalırlar və bunun da başqa xəstəliklərə yol açması inandırıcıdır.
Ən fəlakətlisi də kişinin öz işini ixtisara düşüb itirməsidir. İstər qadın, istərsə də kişilərin bu zehniyyətinin dəyişməsi üçün nəsillər lazım gələ bilər, alim deyib.