“Aksiz dərəcələrinin artması qiymət bahalaşmasına təsirsiz ötüşməyəcək”

Baxış sayı:
2339

“Ötən ilin son günləri Azərbaycan Respublikası baş nazirinin iş günləri çox məhsuldar olub. Artur Rasi-zadə yalnız dekabrın 21-də Nazirlər Kabinetinin 18 qərarını imzalayıb. Onlardan biri də “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edilməsi barədə 574 saylı qərardır”.
Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
 
“Nazirlər Kabinetinin 574 saylı qərarı bu gündən qüvvəyə minib”
 
Q.İbadoğlu nəzərə çatdırıb ki, qərar aksiz vergisinə cəlb edilən idxala mallarının aksiz dərəcələrinin dəyişdirilməsi və bu dəyişikliyin bu sahədə fəaliyyət göstərən sahibkarların işinə təsiri olduğuna görə 30 gündən sonra, yəni yanvarın 23-dən qüvvəyə minib: “Bu, ona görə edilir ki, həmin müddət ərzində sahibkarlar fəaliyyətlərini yeni qərarın tələblərinə uyğunlaşdırsınlar”.
 
“Benzinin qiyməti hər an bahalaşa bilər”
 
İqtisadçı qərarın istehlak bazarında qiymətlərin səviyyəsinə artırıcı təsirini nəzərə alaraq qərarı şərh edib: “21 yanvar 2017-ci il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir. Bu qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium - 98 markalı benzin markaları idxal olunsa da, bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər”. 

“Siqaret və alkoollu içkilərin qiyməti bu gündən etibarən artacaq”
 
Q.İbadoğlu hesab edir ki, siqaretlərə və siqarlara gəlincə, qiymət artımı labüddür: “Lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq. Alkoqollu içkilər, o sıradan pivə, üzüm çaxırı, viski, rom cin, araq, likörlər və digər spirtli içkilərin idxalına aksiz dərəcələri qaldırıldığından onların da qiyməti bu gündən etibarən artacaq”.

“Mərkəzi Bankın hədəfinə çatmasında çətinliklər yarancaq”
 
“Yuxarıda sadalanan üç qrup məhsulun hər birinin yerli istehsalında keyfiyyət problemi olduğuna görə, istehlak bazarında həmin qrup mallar üzrə idxalın payı yüksək olaraq qalır. Bu halda da aksiz dərəcələrinin artması ümumi qiymət bahalaşmasına da təsirsiz ötüşməyəcək və Mərkəzi Bankın iki rəqəmli inflyasiyadan bir rəqəmliyə keçid istiqamətində hədəfinə çatmasında çətinliklər yaradacaq”,-deyə iqtisadçı vurğulayıb.
 
Cavid, Muxalifet.az