“10-15 manat artan xərcləri qarşılamaq iqtidarında deyil” - Qubad İBADOĞLU

Baxış sayı:
3616

“2005-ci ilə nisbətən Azərbaycanda qiymətlər 245,6 faiz artıb”
 
“Bu ildən ötən il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları indeksləşdirilir. Dövlət statistika komitəsinin 2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub. Belə olan halda bütün növ əmək pensiyaları orta hesabla 5,7 faiz artır. Bu o deməkdir, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpiklik artıma məruz qalacaq”.
Muxalifət.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəziin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.
 
“Əvvəlki metodika üzrə 12.8 faizlik indeksləşdirmə tətbiq olunmalı idi”
 
Q.İbadoğu nəzərə çatdırıb ki, yeni metodologiyaya görə, cari il üçün əmək pensiyaları əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq nominal əmək haqqının illik artım artım tempinə uyğun olaraq indeksləşdirilir: “Əmək pensiyaların baza hissəsi ləğv edildiyi üçün indeksləşdirməyə bütün pensiya məbləği məruz qalması müsbət dəyişiklik hesab edilsə də, bu sosial öhdəliklərin ədalətli icrasına xidmət etmir. Belə ki, köhnə qaydaya görə daha çox sığorta ödənişi edənlər indeksləşdirmədən də çox qazana bilərdilər. Bu zaman pensiyanın sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsinə müvafiq olaraq indeksləşdirlirdi. Nəzərə alsaq ki, 2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz bahalaşıb, onda əvvəlki metodika üzrə 12.8 faizlik indeksləşdirmə tətbiq olunmalı idi”.
 
“2005-ci ilə nisbətən qiymətlər Gürcüstanda 177,4 faiz, Ermənistanda isə164,5 faiz artıb”
 
İqtisadçı onu da diqqətə çatdırıb ki, Economist Intelligence Unitin son hesablamalarına görə, 2005-ci ilə nisbətən Azərbaycanda qiymətlər 245,6 faiz, Gürcüstanda 177,4 faiz, Ermənistanda 164,5 faiz artıb: "Göründüyü kimi, yeni indeksləşdirmə metodu ilə pensiyalara əlavə olunan 10-15 manat qiymətlərin bahalaşması nəticəsində artan xərcləri qarşılamaq iqtidarında deyildir”.