Ziyalılardan Fazil Mustafaya etiraz: Biz slavyan mədəniyyətinin daşıyıcısı deyilik

Bu ölkədə yaşayan azsaylı xalqlar da daxil olmaqla, bütün vətəndaşlarımız onlara doğma olan Azərbaycan mədəniyyətinin daşıyıcısıdır.
 
Bu sözləri xalq şairi, Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri Sabir Rüstəmxanlı millət vəkili Fazil Mustafanın “Biz həm də slavyan mədəniyyətinin daşıyıcısıyıq” sözləri haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, slavyanların, gürcülərin formalaşmasında türklərin böyük rolu olub:
“Ancaq əminliklə vurğulayıram ki, biz slavyan mədəniyyətinin daşıyıcısı deyilik. Biz türk mədəniyyətinin daşıyıcısı ola bilərik. Fazil Mustafa bu fikri niyə deyib, bilmirəm. Doğrudur, SSRİ dövründə ruslarla qaynayıb-qarışmışıq, onlar ümumi “sovet xalqı” yaratmaq istəyirdilər. Amma bu istəkləri həyata keçmədi. Hazırda rus mədəniyyəti və bizim mədəniyyətimiz ayrıdır. Müəyyən mədəniyyətlərarası dialoq, əlaqələr var. Lakin bunu “daşıyıcı” sözü ilə eyniləşdirmək olmaz. Bu söz tamamilə ayrı bir anlayışdır. Biz heç vaxt slavyan mədəniyyətinin daşıyıcıları ola bilmərik”.
Tarixçi Kərəm Məmmədovun sözlərinə görə, Yer kürəsində ayrı-ayrı millətlərin mədəniyyətləri bir-birinə inteqrasiya edə, bir-birinə qarışa bilər:
“Fazil müəllim bu sözləri çox güman ki, Azərbaycanın şimal hissəsinin müəyyən bir dövr üçün slavyan dövləti olan Rusiyanın tərkibində olmasına görə deyib. Amma həmin dövrdə də, Rusiya bizi işğal etdiyi müddətdə də Rusiyanın öz sarayında belə rus dilində danışmırdılar. Əlbəttə, slavyanlar bizim mədəniyyətin daşıyıcısı olduğu kimi, təbii ki, biz də onlardan müəyyən nüanslar götürmüş ola bilərik. Ancaq bir etnoqraf kimi deyə bilərəm ki, bizim slavyan kültürünün daşıyıcısı olmağımızla bağlı heç bir fakta rast gəlməmişəm. Əksinə, Rusiyanın özündə son zamanlar “Türk mənşəli rus adları” adında kitab çıxıb. Rusiya tarixçilərinin özləri də Xəzər türklərinin slavyanlara həddindən çox təsir etdiyini etiraf edir. Slavyan və türk mədəniyyətlərinin qarşılaşması erkən orta əsrlərə uzanan tarixə malikdir. Fazil Mustafa bu sözü konkret faktlarla desə, daha yaxşı olardı. Çox güman ki, o bu sözləri deyəndə bizim uzun müddət Rusiyanın tərkibində olmağımızı nəzərdə tutub, ancaq bu, slavyan mədəniyyətinin daşıyıcısı olmağımızla bağlı fikir yürütməyə əsas deyil”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa “Moskva-Bakı oxu” konfransında çıxışı zamanı “biz təkcə türk yox, həm də slavyan mədəniyyətinin daşıyıcısıyıq” sözlərini deyib.
Qeyd: Hörmətli ziyalıların dedikləri həqiqətdir. Tarixi gerçək odur ki, Türklərdə mədəniyyət olanda rus "mujikləri" üzlərini balta ilə qırxırdılar. Bunu Azərbaycanda kimsə, o cümlədən Fazil Mustafa da bilməmiş deyil. Burada əsas məsələ ondadır ki, Fazil və digərlərini Moskvaya göndərənlər sifarişi bu yöndə veriblər. Düşünüblər ki, ruslar qoltuqaltda qarpızı çox sevirlər və bu cür qarpızları verməklə tezliklə bütün problemlərimiz həll olacaq. Ona görə də möhkəm durun, verdiyimiz qarpızların qayıdan vaxtı da olacaq. Amma başımıza...