Yurdumuza bahar gəlir...

Baxış sayı:
2182

Bu gün həm Torpaq çərşənbəsi, həm də Novruz bayramı qeyd edilir...
 
Bu gün Azərbaycanda həm ilaxır çərşənbə - Torpaq çərşənbəsi, həm də Novruz bayramı qeyd edilir. 2008-ci ildən bu yana ilk dəfədir ki, axır çərşənbə ilə bayram üst-üstə düşür. Bu, bir müddət insanlarda çaşqınlığa səbəb olsa da, folklorşünaslar bunun mümkün ola biləcəyini və bayramla çərşənbənin üst-üstə düşməsinin çərşənbəni qabağa çəkməyə heç bir əsas vermədiyini bildirdilər. Məhz buna görə də bu gün elimizdə Novruz bayramı və torpaq çərşənbəsinin ənənələri qeyd edilir. Qeyd edək ki, sonuncu çərşənbədə Yer oyanır, torpaq nəfəs alır. İnanca görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və əkin sahələrinə toxum səpmək olar.
Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldər, tonqal yandırarlar, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Qeyd edək ki, elmi araşdırmalar Novruz bayramının tarixinin çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq “Xıdır İlyas”ı (məhsuldarlıq, çiçəklənmə simvolu), “Kos-kosa” əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar. Od ilə bağlı da maraqlı adət-ənənələr var. Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Bu gün tonqal üstündən hoppanmaq da adətlərdən biridir.
Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: “Ağırlığım odda yansın”. Tonqalı heç vaxt su ilə söndürmək olmaz.
Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış olur. Yuxarıda sadaladıqlarımızdan başqa Novruzda papaq atmaq (qapıya atılan papağı boş qaytarmazlar), qulaq falına çıxmaq (əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir), yumurta döyüşdürmək (oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir), qonaq getmək (Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar), şam yandırmaq (Novruzda ailənin sayı qədər şam yandırarlar), küsülülərin barışması (Novruzda heç kim küsülü qalmamalı, bütün küsülülər barışmalıdır), yallı getmək (Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir və bunun mənası insanların birliyidir, xoruz döyüşdürmək, Novruz oyunları oynamaq kimi ənənlər də  yerinə yetirilir. Qeyd edək ki, bayram axşamı hamı təzə geyinər, yüksək əhval-ruhiyyədə olar və gözəl bir bayram süfrəsi bəzəyər. Adətə görə, süfrəyə 7 ədəd S hərfi ilə başlayan qidalar qoyulmalıdır. Bunlara misal olaraq səməni, su, süd, sünbül, sumax, siyənək balığı, süzmə, sucuq və s. göstərmək olar.
Bunun da mənası odur ki, keçmişdə insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir. Bayram axşamı süfrəyə paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar da qoyulur. Süfrəni bəzəyən qoğal günəşin və istiliyin simvolu kimi xarakterizə edilir. Şəkərbura da kənarındakı və üzərindəki naxışlara görə günəş şüalarını xatırladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənasını özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı, qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlə, şirniyyatla onu bəzəyirlər. Süfrəyə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyib-gülür və insanlar evlərində xoş sözlər danışırlar. Ənənələrə görə, bayram gecəsi hər kəs evində olmalıdır. Qədim adətlərə görə, Novruzda bayır qapılar bağlanmır.
Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli, il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli, bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Sonda qeyd edək ki, yurdumuza yaz fəsli 20 mart saat 20:15:30-da daxil olacaq və həmin gün bayram axşamı kimi qeyd ediləcək.
Bayramınız mübarək!