​Əyləncə mərkəzində ofisiant azərbaycanlı aparıcının üstünə hücum çəkib

Baxış sayı:
11638

Jurnalist, teleaparıcı, natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlunun getdiyi əyləncə mərkəzlərinin birində başına iş gəlib.
Aparıcı oğlunun israrı ilə Xırdalanada yollandığı əyləncə məkanında baş verən qalmaqalı izləyiciləri ilə bölüşüb.
O bildirib ki, həmin məkanda yemək də verilir: "Ortalıqda gəzib hər şeyə nəzarət edən xanım həm də çörəyi əlləri ilə qaba yığır, mənə göndərir. Mətbəx şüşəli olduğundan, bunu görürəm. Heç nə demirəm. Çörəyin üstünü sıyırıb içini yeyirik. Yeməkdən sonra xanımı kənarda görürəm. Yaxınlaşıb deyirəm: "Xanım, olarmı, sizə bir söz deyim? Əlləriniz gün ərzində çox yerə dəyir. Hər dəfə çörək verəndə əllərinizi yumağı fiziki olaraq çatdırmazsınız. Olmazmı, çörəyi xüsusi maqqaşla götürəsiniz?".
C.Nəzəroğlu bu sözlərindən sonra ofisiantın nalayiq sözlər işlətdiyi və üstünə hücum çəkdiyini bildirib: ""Xanım" adlandırmağa utandığım qadın bunu eşidib necə dəhşətli hərəkət elədi. Vulqar sözlər, "başına atdığı" cır səsi ilə nalayiq ifadələr işlətdi. Dediklərini yazmağa utanıram. Küçə sözləri havada uçuşurdu. Ağzım açıq qaldı, bir qədər təəccüblə baxdım. Bu vaxt administrator yaxınlaşdı. O da çörəyin əllə götürülməsini normal hesab edir və personalın əlinin təmiz olduğunu dedi. Mikrob və bakteriyalarla müqavilə bağlayıblar. Amma adminstrator daha mədəni sözlər seçməyə çalışırdı.".
Jurnalist adminstratora ofisiantın hərəkətinin tərbiyəsiz yanaşma olduğunu söyləyib: "Bunu eşidən ofisiant qadın məni son həftələrdə ilk dəfə ürəkdən güldürən hərəkət elədi: üstümə cumdu. Digər iş yoldaşları bunu zorla çəkib apardılar. Ad günü olduğundan, ağzına kimi dolu olan salonda müştərilər bunu gördü. Yəqin onlar da mənim kimi güldü. Başqa cür edə bilməzdim, onun dərəcəsinə düşə bilmərəm. Bu mərkəzin təmiri, avadanlıqları, əşyaların keyfiyyətli və səviyyəli olması dərhal diqqət çəkir. Sahibkar görün, nə qədər vəsait qoyub. Bu ərazidə yaşayan sakinlər üçün əla şərait yaradıb. Amma heyif ki, ən vacib məsələdə səhv edib, əməkdaş seçimində. Müştərinin gördüyü son nəticə-münasibətdir. Bir çox iş adamının gəlirləri belələri ucbatından artmır və ya qurduğu iş batır".