Yevlax DYP-nin rəisindən Ramil Usubova ŞİKAYƏT – Rüşvət alaraq, qəzaya səbəb olmayan sürücünü “günahkar çıxarıb”

Baxış sayı:
12430

Ucar rayonu Qulabənd kənd sakini Şıxəliyev Rauf Variz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Onun sözlərinə görə, Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona qarşı saxtakarlıq edib. Bunu təsdiq edən konkret subutları isə gizlətməyə çalışır: “Belə ki, 25 sentyabr 2018-ci il tarixdə Bakı-Qazax magistral yolunun 242-ci km-də Ucar rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı mənə məxsus “Mersedes BENZ” markalı 20 CH 059 nömrəli avtomobilimə ciddi ziyan dəymişdir. Qəzanın təqsirkarı “Vaz 2106” markalı 20 CH 059 nömrəli avtomobil olmuşdur. Bunu həmin avtomobilin sürücüsü Emin Məmmədov özü təsdiqləmişdir. Ancaq həmin avtomobili sığorta edən “Azsığorta” şirkətinin əməkdaşları Yevlax Dövlət Yol Polis Postunun rəisi Etibar İbrahmova rüşvət verib, saxta sənəd tərtib etdirə biliblər ki, guya, avtomobil qəzasının təqsirkarı mənəm. Ancaq həmin avtoqəza baş verən ərazidə müşahidə kamerası var və orada olan video görüntülər subut edir ki, avtomobil qəzasının təqsiri “Vaz-2106” markalı avtomobilin sürücüsündə olmuşdur. Mən həmin müşahidə kamerasına baxılmasını Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmovdan xahiş etsəm də, mənə kobud cavab verərək, həmin müşahidə kamerasının işləmədiyini qeyd etdi. Ancaq həmin müşahidə kamerası işləyir, bunu Daxili İşlər Nazirliyindən mənə dedilər. Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmov mənə qarşı saxtakarlıq və qanunsuzluq etdi. Çünki, yuxarıda qeyd etdiyim kimi, “Azsığorta” şirkətinin əməkdaşı Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmova rüşvət verib, məni təqsirkar çıxardılar. Bunu da ona görə etdilər ki, mənim avtomobilimə dəymiş ziyanın məbləği çoxdur. Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmov yolda soyğunçuluqla qazandığı pullar hesabına Bakı şəhərində və respublikanın müxtəlif yerlərində villalar alıb, ticarət obyektləri, şadlıq evləri və daş karxanaları əldə edib. Onun bütün fəaliyyəti korrupsiya ilə bağlıdır. Mən mətbuat vasitəsi ilə Daxili işlər naziri cənab Ramil Usubova müraciət edib, xahiş edirəm, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rüşvət alıb saxtakarlıq edən Yevlax Dövlət Yol Polisi Postunun rəisi Etibar İbrahmovun cinayət əməlləri araşdırılıb, barəsində qanuna müvafiq tədbirlər görəsiniz. 25.09.2018-ci il tarixdə avtomobil qəzası baş vermiş ərazidə olan müşahidə kamerasına baxış keçirməyinizi obyektiv həqiqətin ortaya çıxarılmasına nail olmağınızı xahiş edirəm”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.