YENƏ QARABAĞ OLAYDI! - Etimad Əsədovun 55 yaşına

Baxış sayı:
6184

Yenə o QARABAĞ olayd! Biz də ürəyimizin hökmü ilə çağırış gözləmədən  ANA YURDu qorumağa qaçaydıq. Kimimiz yad ölkələrdən, kimimiz elə doğma yurd içindən.
Kaş yenə Ağdam, Şuşa, Laçın... olaydı! Yenə o dağlı balası Teyyub olaydı , “erməni nədi ki qabağında əyilim”, deyə daim şax gəzən Teyyub. Kaş döyüş çağı şax durmayaydı, onda namərd gülləsi də gicgahından dəyib gözünü kor etməzdi. Kaş Teyyubu dış ölkələrdən birinə sağalmağa göndərəydilər, onda bəlkə vurulduqdan üç il sonra gözünü əbədi yummazdı.
Kaş yenə Ağdərədə olaydıq, Fərrux dağı yönündə. Yenə döyüş öncəsi sevdiklərimizlə - anamızla, gözü Qarabağ yolunda olanlarımızla şeirlə, sözlə, sevgi ilə danışaydıq, ürəyimizdə. Kaş yenə Tovuzlu balası Etibar olaydı, düşmənə atəş yağdıranda “şan dığa, sənin ananı...” söyüşünü də yağdıran, dili kimi, dilçəyi də olan Etibar.  Elə əlində yaraq şəhid oldu, kaş ölməyəydi!
Kaş yenə o Bakılı balası ƏSGƏR olaydı, düşmənin həmləsini dəf edib “dabanına tüpürüb” qaçmağa vadar edəndə, “komandir, qoy arxalarınca gedib axırlarına çıxaq”,deyə dil tökəydi...
Kaş o Şamaxılı balası Elnur olaydı, ad gününü elə düşmən gülləsinin atəşi altında bir kol dibində “vətən sağ olsun! “ sağlığı ilə qeyd edəydik.
Kaş yenə Mən də BƏDƏL olaydım, oğlumun 7 yaşını düşməndən “qənimət” götürdüyüm əl qumbarası “hədiyyəsi” ilə qeyd etməyi düşünəydim.
Kaş yenə Allahverdi Bağırov, Ramiz Qəmbərov, Koroğlu Rəhimov, Şirin Mirzəyev, Əliyar Əliyev, Mübariz İbrahimov ....olaydı! Kaş yenə 2016-nın şanlı APRELİ olaydı!
Kaş yenə Fred Asif olaydı, yenə topa mərmi qoyub atanda Allaha yalvaraydı ki, kaş bu mərmi uşağa, qadına tuş gəlməsin! Onda bəlkə saxta pasifistlər, azadlıq savaşçılarını “qəddarlıqda” suçlayanlar azadlıq eşqinin, azadlıq sevgisinin nə olduğunu anlayardılar. Bizim igidlərin düşmən də olsa, qadına, uşağa heç vaxt yaraq çəkmədiyini, “qatil” olmadıqlarını bəlkə qanardılar.
Kaş yenə Etimad olaydı, bir ayağı Qarabağda, bir ayağı Bakıda, bütöv ürəyi Qarabağda qala -qala yaşayaydı!
Kaş yenə Qarabağ olaydı! Kaş Etimadımız olaydı!
Kaş gecə nədi, gündüz nədi bilmədən Qarabağ yolunda, Vətən sərhədində keşikçi olaydıq! Ulu Peyğəmbərimizin dediyindən kaş hamıya pay düşəydi: “BİR GÜN VƏ BİR GECƏ SƏRHƏD BOYUNCA KEŞİK ÇƏKMƏK – GÜNDÜZLƏRİ ORUCLA,   GECƏLƏRİ İBADƏTLƏ KEÇİRİLƏN BİR İLDƏN DAHA FAYDALIDIR”.
Kaş Etimadımız olaydı ! Kaş hər gün APREL olaydı! Kaş ya QAZİ, ya da ŞƏHİD olaydıq! Etimad kimi. ..
Kaş Etimad olaydı(q)!
MƏĞRUR BƏDƏLSOY