​Yaxın Şərq böyük toqquşmaya doğru gedir

Baxış sayı:
2611

Vəliəhd şahzadənin Amerika mesajları
 
Son günlər Yaxın Şərqin əsas mövzusu Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır. Daha doğrusu, vəliəhdin etdikləri və dedikləridir. Bu günlərdə ABŞ-a səfər edən Səudiyyə taxt-tacının əsas namizədi bir sıra önəmli açıqlamalar verib, hətta sensasion sayılacaq fikirlər səsləndirib.
Bütün Şərq şahzadələri kimi, Səudiyyə vəliəhdi Amerikada səxavətli davranıb. İlk olaraq şahzadənin özü ilə apardığı şirkətlər Amerika şirkətləri ilə 16 milyard dəyərində anlaşma imzalayıb. Daha sonra isə vəliəhd BMT-ni də unutmayıb. BMT baş katibi ilə görüşən Məhəmməd bin Salman dünyanın ən böyük təşkilatına 930 milyon dollar dəyərində pul hədiyyə edib.
Maraqlıdır ki, Amerikada yəhudi diaspor təşkilatları ilə görüşən Səudiyyə Ərəbistanı vəliəhdi eyni zamanda İsrailin Milli Təhlükəsizlik Şurasının sədri ilə görüşüb. Bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Ğadi Ayzenkot məlumat verib.
Ötən gün isə vəliəhd “Wall Street Journal” nəşrinə müsahibəsində İranla savaş ehtimalından danışıb. Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla müharibə edə biləcəklərini deyib. Şahzadə deyib ki, regionda hərbi qarşıdurmadan yayınmaq üçün dünya ictimaiyyəti rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməlidir. Sitat: “Biz nə olursa-olsun, hərbi münaqişədən qaçmalıyıq. Əgər buna nail olmasaq, 10-15 ildən sonra İranla müharibə başlayacaq”.
 
Ancaq əsas yaddaqalan hadisələr vəliəhdin qalmaqallı açıqlamaları olub. “Washington Post” qəzetinə müsahibəsində Səudiyyə şahzadəsi “soyuq savaş” illərində ABŞ istəyi ilə SSRİ-də vəhhabiliyin yayıldığını deyib. Jurnalistin Səudiyyə Ərəbistanının rəsmi dini ideologiyası adlandırılan və bəzi dairələrə görə qlobal terrorizmin ideologiyasına çevrilmiş vəhhabiliyin Səudiyyə Ərəbistanı dövlətinin dəstəyi ilə yayılması ilə bağlı sualına cavab olaraq şahzadə deyib ki, beynəlxalq səviyyədə dini təbliğatın başlamasının kökləri “soyuq müharibə” illərinə gedib çıxır. Onun sözlərinə görə, SSRİ-nin müsəlman ölkələrində təsirinin artmasının qarşısını almaq üçün Qərb bloku Səudiyyə Ərəbistanının fəaliyyətə keçməsini istəyib. eyni zamanda etiraf edib ki. bu zaman bəzi fəaliyyətlər “limiti aşıb”.
Məhəmməd bin Salman eyni zamanda əlavə edib ki, “indi hər şeyi geri toplamaq lazımdır”. Daha sonra isə bildirib ki, artıq bu işləri Səudiyyə Ərəbistanı hökuməti deyil, Səudiyyə Ərəbistanında və xaricdə yerləşən dini vəqflər həyata keçirir.
Qeyd edək ki, bu etiraz xüsusən də Rusiya və post-sovet respublikalarında geniş rezonans doğurub. Əlbəttə, Səudiyyə Ərəbistanının klerikal dövlət olaraq dini yayması və ya bu fəaliyyəti maliyyələşdirməsi nəinki yeni deyil, ümumilikdə kimsəni təəccübləndirə bilməz. Bütün dünyada dini dövlətlərin sahib olduqları dini yayması normaldır. Bu gün də dünyada bir çox dövlətlər dini siyasi-ideoloji vasitə olaraq dünyada yayır və bunun üçün böyük büdcələr ayırır. Ancaq məsələ ondadır ki, vəliəhd-şahzadənin etirafı başqa bir nüansı ortaya qoyub. Məlum olur ki, Səudiyyə Ərəbistanı dini ideologiyanı məhz Qərb ölkələrinin sifarişi ilə yayıb və bu proses “kommunizmə qarşı mübarizə” kampaniyasının tərkib hissəsi olub. Yeri gəlmişkən, Türkiyədə də 60-cı illərdə artan kommunist fəaliyyətlərinə qarşı “Kommunizmə qarşı mübarizə Dərnəkləri” adlı dini təşkilatlar yaradılıb. Onlardan bir neçəsini də hazırda ABŞ-da yaşayan Fətullah Gülən yaradaraq idarə edib. Yəni belə aydın olur ki, bu cür dini fəaliyyətlərin arxasında siyasi maraqlar, ya da daha dəqiqi siyasi mübarizə dayanırmış.
 
Maraqlıdır ki, bunu uzun illərdən sonra Səudiyyə Ərəbistanının potensial kralı, hazırda dövlətin əsas güc mərkəzlərinə nəzarət edən bir şəxs deyir. 32 yaşlı Məhəmməd bin Salman vəliəhd şahzadədir, yəni atasından sonra iqtidarda faktiki ikinci adam və onun yerinə əsas namizəddir. Bundan başqa vəliəhd müdafiə naziri, iqtisadi islahatlar və korrupsiyaya qarşı mübarizə qurumlarına rəhbərlik edir. Yəni dövlətin açar adamdır.
Hazırda Qərbin böyük dəstək verdiyi, xüsusən də ABŞ administrasiyası ilə yaxın əlaqələrə malik olan Məhəmməd bin Salman böyük ümidlər bəslənən şəxsdir. Qərbdə hesab edirlər ki, şahzadə Səudiyyə Ərəbistanının qatı dinçi, mühafizəkar imicini dəyişəcək, liberal islahatlara gedəcək. Artıq şahzadə bu istiqamətdə bir sıra addımlar atıb, kinoteatrların fəaliyyətinə icazə verilməsi, qadınların maşın sürməsi, idman yarışlarını izləməsi artıq icazəlidir. Vəliəhd ölkəni daha da liberallaşdırmaq və Yaxın Şərqin modern, inkişaf etmiş ölkəsinə çevirmək istədiyini bildirib. Bu. Həm də Qərb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanına görə ciddi qınaqlarla üzləşən ABŞ üçün çox əlverişlidir. Vaşinqton Yaxın Şərqdəki əsas müttəfiqini daha modern görmək istəyir.
Vəliəhd isə həm də Vaşinqtonda xatırladır ki, Səudiyyə Ərəbistanı Qərbin “ən çətin günlərində” onun yanında olub, ideoloji kampaniyaya dəstək verib. Eyni zamanda qeyd edir ki, artıq o illər arxada qalıb, ər-Riyad bu tip fəaliyyətlərə rəsmi olaraq dəstək vermir. Bu, həm də gənc liderin Qərbə mesajı hesab oluna bilər.
Yeri gəlmişkən, bu ayın əvvəlində əldə olunmuş rəsmi razılıqdan sonra ilk dəfə olaraq Səudiyyə Ərəbistanı üzərindən uçan təyyarə İsrailə keçib. Bu, İsrailin tarixində ilk hadisədir. Məhəmməd bin Salman Yaxın Şərqdə ölçüləri dəyişir. Bu il mayın 15-də İsrailin yaranmasının 70 ili tamam olur və Səudiyyə Ərəbistanı İsraillə bağlı “inqilabi” sayıla biləcək addımlar atır. ABŞ prezidenti də bir neçə dəfə Fələstin-İsrail münaqişəsi ilə bağlı yeni bir həll planından bəhs edib. Görünən odur ki. ortada Yaxın Şərqin mənzərəsini dəyişəcək planlardan söz edilir. Bu istiqamətdə ABŞ və onun regional müttəfiqləri qarşısında yeganə maneə hələlik İrandır. Tehran həm İsrail, həm də Səudiyyə Ərəbistanı ilə savaş vəziyyətindədir. Fələstindəki müqavimət qruplarını dəstəkləyir. Qərbdə hesab olunur ki, əgər İran silahlı qruplaşmalara dəstəyini dayandırsa, o zaman İsrailin və Qərbin təklif etdiyi həll variantının qəbulu mümkündür. İran isə hələlik dirənir. Tehran Səudiyyə Ərəbistanına qarşı regionun digər ölkələrini səfərbər etməyə çalışsa da, hazırkı şərtlərdə bu mümkün olmayıb. Beləliklə, Yaxın Şərqdə iki dövlət və əslində iki cəbhə böyük qarşıdurmaya doğru gedir.