​“Yalan, çaşdırıcı məlumat yayırlar, imicimizə zərbə vururlar” - SOCAR-dan AÇIQLAMA

Baxış sayı:
7507

Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-da aparılan yoxlamalarla bağlı birgə məlumat yayıb. BakuPost-un məlumatına görə, birgə məlumatda qeyd edilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində SOCAR-da Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi xarakter daşıyan məlumatlar yayılmaqdadır. Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır: "Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər. KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər”. Qeyd edək ki, ötən gün virtualaz.org saytı Vergilər Nazirliyinin Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-da apardığı yoxlamalardan sonra şirkətin vitse-prezidenti Mikayıl İsmayılov vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat yayıb. Saytın yazdığına görə, Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Bu səbəbdən o, şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən uzaqlaşdırılıb. Bildirilib ki, oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir. Artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi qələmə vermişdi.