​XİN-dən İtaliyaya: Qarabağa səfərin qarşısı alınmalıdır

Baxış sayı:
7390

Azərbaycan və İtaliya Xarici İşlər Nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən verilən məlumata görə, İtaliya nümayəndə heyəti öncə Azərbaycan xarici işlər nazirinin müavini, səfir Nadir Hüseynov tərəfindən qəbul edilib.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf edən münasibətlərimiz müzakirə edilib.
Daha sonra ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 26-cı ildönümünün qeyd edildiyi əlamətdar gündə keçirilən konsulluq məsləhətləşmələri açıq elan edildi.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Faiq Bağırov, İtaliya nümayəndə heyətinə isə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xaricdə yaşayan İtalyanlar və Miqrasiya Siyasəti İdarəsinin rəisi, Səlahiyyətli Nazir Luigi Vignali rəhbərlik edirdi. Görüşdə həmçinin İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri və nümayəndə heyəti, eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edirdi.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən yeni sazişlərin imzalanması imkanları nəzərdən keçirildi.
Konsulluq sahəsini tənzimləyən milli qanunvericilikdə həyata keçirilmiş son dəyişikliklər barədə məlumat mübadiləsi aparan tərəflər həmçinin İtaliya və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsi istiqamətində dolğun və düzgün məlumatlandırılmasının vacibliyini vurğuladılar.
Səfir Faiq Bağırov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə söz açaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. Həmçinin, Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan Hökumətinin razılığı olmadan icazəsiz səfərlərinin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün İtaliya Respublikası səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparıldı.
Səfir Faiq Bağırov həmçinin beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq çərçivəsində Azərbaycanın Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə İtaliya tərəfində məlumat verdi.