Xilaskar paşaların töhfəsi

Ötən il Alanyada keçirilən bir media tədbirində iştirak edərkən məni nurani bir ağsaqqalla tanış etdilər. Ona məni göstərərək “bu bəy qardaş Azərbaycandan gəlib” dedilər, onu isə mənə “Ənvər paşanın nəvəsi Osman Mayatepekdir”, dedilər.

Ağsaqqalın sifəti dərhal işıqlandı, sanki çoxdan tanıdığı bir adamı gördü. Ayaqüstü bir qədər söhbət etdik. Məlum oldu ki, Osman bəy ölkəmizdə qonaq olub və çoxlu tanıdığı, müntəzəm əlaqə saxladığı adamlar var. 

Onun soyunun təkcə Ənvər paşadan yox, eləcə də sultan Əbdülməcidin nəslindən gəldiyini vikipediya məlumatlarından öyrəndim. Ancaq elə duruşundan, söhbətindən adamın əsilzadə olduğu ortadaydı. Qısa çəkən söhbətimiz əsnasında rəhmətlik Osman bəy (o, 2017-ci ilin əvvəllərində rəhmətə getdi) yarızarafat-yarıgerçək bir cümlə işlətdi: “Azərbaycanda daha çox Nuri əmimi tanıyır, sevirlər, amma onu və türk ordusunu Bakıya mənim babam göndərib”.

Sabiq diplomat bu sözləri fəxrlə söyləyərkən çox haqlıydı. Türk ordusunun Bakını xilas etməyə göndərilməsində əsas iradə yiyəsi məhz Ənvər paşa olub. 28 yaşlı Nuri Killigil onun iradəsi və əmri ilə Bakıya gəlib və xalqımızı genosiddən qurtarıb. 

Bu günlərdə hansısa bir ziyalımızın 1918-ci ildə Osmanlı ordusunun komandanlığına yazdığı məktub gün işığına çıxarılıb. O məktubda xalqımızın durumunun nə qədər ümidsiz olduğu açıq-aydın göstərilib. Olduqca təsirli dillə yazılmış məktubun həmin o tarixi qərarın verilməsində böyük rol oynadığı şübhəsizdir.

Təsəvvür edin, cəmi 100 il öncə (bu sətirlərin müəllifinin təvəllüdündən 47 il qabaq) Bakı yadelli işğalçıların əlindəymiş. 

Bu gündən baxanda ağlasığmaz görünür. Elə bilirik ki, qədim Bakı əsrlərcə bizim olub və xalqımız həmişə bu şəhərdə asudə yaşayıb. Xeyr, 100 il öncə bu şəhərin hökmranlığı yeddi-səkkiz başqa millətdən olan şəxslərin əlinə keçibmiş.

O dövrdə nefti fəvvarə vuran Bakının tükənməz sərvətinin iyinə daraşıb gələn fürsətcil, zirək, hiyləgər və amansız adamlar olub. Şirəyə daraşan milçəklər kimi ölkəmizə axışıb gələn bu adamlar bir müddətdən sonra xalqın əsas sərvətinin şəriksiz sahibi olmaq, Bakını bütünlükdə ələ keçirmək istəyiblər və bunu bacarıblar. 

Bu gün o tarixi məsələyə emosional, ideoloji aspektlərdən yanaşmaq, uzun-uzadı mübahisə etmək olar. Ancaq fakt faktlığında qalır. Fərqli ideoloji dünyagörüşə malik olan ermənilər Bakı uğrunda bir-birilə mübarizə aparır, bir-birini hakimiyyətdən qovmağa çalışırmışlar.
Bəs bu durumda şəhərin qədim və aborigen sahibləri harada imişlər? Varlılar öz qoçuları vasitəsilə şəhərdən kənar kəndlərdə öz başlarını, ailələrini qorumaqdaykən, ziyalılar milli nicat ümidiylə çırpınarkən, əliyalın xalq mütəşəkkil və silahlı erməni-daşnak-bolşevik-eser-menşevik qüvvələrinin gülləsi qabağında qırılırmış (31 Mart soyqırımı).

Ermənilərin bədnam “dənizdən dənizə böyük dövlət” ideyasının reallaşmasına bir addım qalıbmış. Artıq dənizin biri (Xəzər) və onun sahilindəki varlı şəhər tutulmuşdu, qalırdı Batum və Potini ələ keçirmək. Onlar zamanla bunu da edəcəkdilər.

Təsəvvür edin ki, I dünya müharibəsinin gedişində bu millət özünü o qədər oyanmış, güclü sayıb, böyük dövlət qurmağa hazır hesab edib ki, Türkiyədə, Gürcüstanda, Azərbaycanın Naxçıvan, Qarabağ, Quba, Lənkəran, Şamaxı bölgələrində, hətta uzaq Özbəkistanda paralel müharibələr aparıb, silah zoruyla hakimiyyətə gəlmək, başqa xalqları qırıb-çatmaq, əsarət altına almaq istəyiblər. Ermənilər bunu qismən bacarıblar, amma sonra bu avantüra onlar üçün faciəli sonluqla bitib.

Əgər Ənvər paşa göndərməsəydi və Nuri paşa bu ölkəni xilas etməyə gəlməsəydi, bu gün biz ən yaxşı halda Azərbaycan türklərinin “böyük erməni dövləti”ndən muxtariyyat əldə etməsi üçün yazılar yazacaqdıq, ya da onlar bizi son nəfərimizə qədər bu ölkədən sürgün edəcək, qırıb-çatacaqdılar.

1920-ci ildən sonra qurulan sovet hökuməti zamanı ermənilər bunu ona görə edə bilmədilər ki, artıq xalq oyanmış, ayağa qalxmışdı, üstəlik, müzəffər türk ordusu Bakıda terror əsdirən erməni banditləri Xəzərə tökmüş, məhv etmişdi. Bununla belə, sovet hökumətinin ilk illərində başqa millətlərdən olan şəxslər Azərbaycana rəhbərlik etməkdəydilər. Məsələn, 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycana aşağıda adı çəkilən yadeillilər rəhbərlik edib: 

Viktor Naneyşvili
Yelena Stasova
Vladimir Dumbadze
Qriqori Kaminski
Sergey Kirov
Levon Mirzoyan
Nikolay Gikalo
Vladimir Polonski
Ruben Rubenov.
Mənzərəyə baxın. Azərbaycanın 9 rəhbərindən yeddisini qırağa qoyuram, xalqımıza Levon Mirzoyan və Ruben Rubenov kimi yadelli ünsürlər rəhbərlik edib. Görün öz ölkəmizdə necə hüquqsuz vəziyyətdə imişik. Bizim taleyimizi ordan-burdan gələnlər həll edirmiş.

Bir də düşünək ki, o müzəffər türk ordusu gəlməsəydi, necə olardı. Onların gəlməsi ilə yerli siyasi fəallar, ziyalılar dirçəldilər, silah və qələm əldə etdilər, dövlət qurdular. Bizim yetmiş ildən sonra olsa da, bərpa etdiyimiz dövlət həmin dövlətdir. 

Ənvər və Nuri paşa təkcə Bakının xilaskarı deyillər, eyni zamanda Azərbaycan dövlətinin qurulmasına töhfə vermiş tarixi şəxsiyyətlərdir.
Onların hər ikisi Bakının Dağüstü parkında əzəmətli bir abidəni haqq edirlər.
Xalid Kazımlı