Xaricdə təhsil xidməti göstərən dələduzlar və TƏHSİL NAZİRLİYİNİN “GƏLİR MƏNBƏYİ” – Ölkə sərhədini keçməyən gənclər xaricdə necə təhsil alır?

Baxış sayı:
5188

Azərbaycanda gənclərin xarici ölkələrdə ali təhsil almasına “dəstək verən” şirkətlərin sayı günbəgün artmaqdadır. Hətta son illər bu işlə təkcə hansısa şirkətlər deyil, çoxsaylı fiziki şəxslər də məşğul olur. Lakin çox təəssüf ki, bəzi hallarda bu şirkətlər və bu sahədə xidmət göstərən vətəndaşlar xaricdə təhsil almaq istəyən gənclərin gələcək arzularını, ümidlərini alt-üst edirlər. Çünki son vaxtlar xaricdə təhsil xidməti göstərən şirkətlərin və fiziki şəxslərin böyük əksəriyyətinin dələduzluqla məşğul olduğu öz təsdiqini tapmaqdadır. Təsadüfi deyil ki, indiyədək yüzlərlə vətəndaş həmin dələduzların qrubanına çevrilib, külli miqdarda pullları mənimsənilib, qarşılığında isə övladlarının və yaxud yaxınlarının xaricdə təhsil almaq arzusu puç olub.
Heç şübhəsiz, bu məsələdə ən böyük məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür. Doğrudur, dələduzlarla mübarizə aparmaq bu nazirliyin səlahiyyətində deyil. Lakin, xüsusən də 2017-ci ildən sonra gənclərin xaricdə təhsil alması sahəsində çox ciddi boşluqlar yarandığından və bu sahə Təhsil Nazirliyinin maraq dairəsindən kənarda qaldığından, çoxsaylı dələduzların fəaliyyətinə geniş imkan yaranıb. Hansı ki, bu cür dələduz şəxslər hətta hansısa şirkət təsis etmədən belə, qeyri-qanuni olaraq vətəndaşlarla müqavilə bağlayır və bu zaman pul vəsaitini almalarına dair ödəniş qəbzi təqdim etmir. Bununla vergidən yaylnmaqla yanaşı, gələcəkdə zərərçəkən şəxs ona pul ödədiyini hüquqi müstəvidə təsdiq etməkdə çətinlik çəkir...
Çox təəssüflə qeyd etməliyik ki, hazırda Təhsil Nazirliyinin bu məsələdə missiyası sadəcə müxtəlif xarici ölkələrin ali təhsil ocaqlarının diplomlarını tanımaqla məhdudlaşır. Halbuki, xaricdə təhsil xidməti göstərən bütün şirkətlərin və fiziki şəxslərin fəaliyyəti bu qurumun nəzarəti altında olmalıdır. Üstəlik, Təhsil Nazirliyi bu məsələ ilə bağlı ciddi maarifləndirmə işləri həyata keçirməlidir ki, xaricdə təhsil almaq istəyən gənclərimiz düzgün seçim edə bilsinlər, oxuyub qayıtdıqdan sonra diplomlarının ölkəmizdə tanınmasından imtina olunmasın.
O da bəllidir ki, xaricdə təhsil almaq üçün müraciət edən şəxslərin çox hissəsi respublika üçün stratji əhəmiyyət kəsb edən (kənd təsərrüfatı, qida təhlükəsizliyi, ekologiya və s.) zəruri ixtisaslara yiyələnmək əvəzinə, əksər insaların təhsil aldığı və (maliyyə, iqtisadiyyat, idarəetmə, kompyüter mühəndisliyi və s.) və sonradan iş tapmaqda çətinlik çəkəcəkləri ixtisaslara meylli olurlar.

Ümumiyyətlə, Təhsil Nazirliyinin xaricdə təhsil proqramını dayandırmasının özü də yanlışdır. Bəlli olduğu kimi, hazırda 50 min nəfərdən çox tələbəmiz xaricdə təhsil alır. Hansı ki, bunların da bir çoxu keçmiş post-sovet ölkələrində - Rusiayda, Ukraynada, Gürcüstanda və s. dövlətlərin ali təhsil ocaqlarında oxuyurlar. Amma yenə də təəssüflə qeyd etməliyik ki, bu gənclərin bir hissəsi ümumiyyətlə dərslərə getmir, Azərbaycanda olduğu kimi, təhsilini rüşvət hesabına, yaxud da bu kimi müxtəlif yollarla başa vurur.  Ən qəribəsi isə odur ki, məhz bu tələbələrin də bir çoxu ölkəyə qayıtdıqdan sonra dipolamlarını müxtəlif qanunsuz yollarla təsdiqlədərək, dövlət idarələrində çalışırlar. Hətta “xaricdə təhsil alan” elə insanların diplomları təsdiq olunub ki, onlar həyatları boyu bir dəfə də olsun dövlət sınırından kənara çıxmayıblar. Amma nə olsun, indi dövlət idarələrində çalışan insanlar arasında belə şəxslər də az deyil. O cümlədən, Rusiya, Ukrayna, Gürcüstan və s. post-sovet ölkələrində təhsil alan gənclərin, diplom əldə etmələrinə rəğmən, ixtisasa uyğun savadlarının olmadığı da ciddi problemlərdəndir.

Onu da vurğulayaq ki, xaricdə hansısa şirkətin, yaxud dövlət idarəsinin dəstəyi ilə yox, öz xətti ilə təhsil alan oxuyan gənclərimizin sayı da az deyil. Hansı ki, bu tələbələr əsasən nüfuzlu təhsil ocaqlarında oxuyurlar. Lakin həmin tələbələr bir çox hallarda təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmaqdan imtina edirlər. Çünki onlar ölkəyə qayıtdıqda iş tapmaqda çətinlik çəkir, Təhzil Nazirliyinin, yaxud da digər dövlət qurumlarının bürokratik maneəçilikləri ilə üzləşirlər. Bu səbəbdən də son illərdə Azərbaycandan xaricə “beyin axı” sürətlə artmaqdadır.
Odur ki, Təhzil Nazirliyi xaricdə təhsil məsələsinə daha diqqətlə yanaşmalı, bu sahədə hər hansı dövlət proqramı həyata keçirilməsə belə, xaricdə təhsil xidməti göstərən şirkətlərin və fiziki şəxslərin fəaliyyətinə ciddi nəzarət etməlidir.

Muxalifet.az
P.S. Mövzunu davam etdirəcəyik.