“Xalqı “Elçibəyçilər” və “Əliyevçilər”ə bölməklə, “5-ci kolon”un mövqeyini möhkəmləndirirsiniz” – PARTİYA SƏDRİ ZAHİD ORUCA ETİRAZ ETDİ

Baxış sayı:
1741

Keçmişdə olduğu kimi, Azərbaycan xalqını “Elçibəyçilər” və “Əliyevçilər” adı altında qarşı-qarşıya qoyan “5-ci kolon” hələ də meydanda “at oyandır”. Xalqı bu cür qarşı-qarşıya qoymaq cəhdini deputat, Prezident yanında Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, sayın Zahid Orucun açıqlamalarında da görmək olar.
Zahid bəy, “Elçibəyçilər” deməklə cəbhə açmaq istədiyiniz qüvvələrin böyük əksəriyyətinin Elçibəy ideologiyasına aidiyyatı yoxdur. Elçibəyin rəsmini başının üstündən asan, amma Bütöv Azərbaycan, Türklük, Turançılıq siyasətinin daşıyıcısı olmayan, Azərbaycandan başqa hər kəsə, hər yerə işləməyə hazır olanlar Elçibəyçi ola bilməz. Elçibəyin prezidentliyinin qorunmasına cavabdeh olan, amma əks cəbhəylə gizli işbirliyinə girən, Elçibəy komandası kimi görünüb, onun haqda iftira atan, saxtakarlıq edən, bir eli Klintonun, bir əli Putinin cibində olan, fars şovinizminə qucaq açan, yerli mafiozların oyuncağı olan Elçibəyçi deyil və ola da bilməz!
“Heydər Əliyevçilər” dediyiniz və özünüzü də onlardan saymağa cəhd etdiyiniz cəbhənin böyük qisminin Heydər Əliyev ideologiyasının daşıyıcısı olmadığı son siyasi proseslerin gedişatında daha aydın görünməkdədir.
Azərbaycan dövlətini ayaqlar altına atmaq, iqtisadiyyatını çökdürüb, “hər şey ailəm, Azərbaycana düşmən olan ağalarım üçün” demək Heydər Əliyevçilik sayıla bilməz.
Azərbaycançılığı bəhanə edib, Heydər Əliyevin adından Moskvanın anti-Türk siyasətini sırımaq Heydər Əliyevçilik ola bilməz.
Heydər Əliyevin oğlu, Azərbaycan Respublikasının Prezidenti sayın İlham Əliyevə və ailəsinə cəbhə açmaq Heydər Əliyevçilik deyildir.

Sayın Zahid bəy Oruc, bildiyim qədər Sizin rəhbərlik etdiyiniz Sosial Tədqiqatlar Mərkəzinin işinin biri də Azərbaycanda sosial araşdırmalar aparmaqla, siyasi qruplaşmaların dövlətçiliyimiz üçün nə kimi rol oynadığı haqda xalqı və dövlətini aidiyyəti qurumlarını bilgiləndirməkdir. Eyni zamanda, sizin işiniz Prezident İlham Əliyevin tez-tez işlətdiyi “5-ci kolon”un nələrlə məşğul olduğunu və hansı qüvvələrdən təşkil edildiyini araşdırıb, Azərbaycan xalqını məlumatlandırmaqdır.
Siz gözəl bilirsiniz ki, “Elçibəyçilər” və “Əliyevçilər” fikrini dərinləşdirməklə, bu adlar altında gizlənən, Elçibəyçiliyə və Əliyevçiliyə aidiyəti olmayan eynimərkəzli “5-ci kolon”un mövqeyini möhkəmləndirirsiniz.
Mən çox istərdim ki, siz bu düşüncədə kimlərinsə təsir altında deyil, Dövləti Ali-nin yanında olasınız.
Sayğılarla Cahandar Bayoğlu,
Turan Partiyası GK Başqanı