ƏVƏZ ZEYNALLIYA QARŞI ŞOK İTTİHAMLAR - Üç rayonun icra başçısı məhkəmədə şahid kimi tanınır / YENİLƏNİB

Baxış sayı:
8357

Martın 27-də hakim Əli Məmmədovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural Yayınları" MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“Turan” İnformasiya Agentliyi xəbər verir ki, bir çox media nümayəndələri zala buraxılmayıb.
Məhkəmə prosesi bitdikdən sonra jurnalistlərə açıqlama verən Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib ki, prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb.
Onun sözlərinə görə, məhkəmə prosesində təqsirləndirilən şəxslərin məhkəməsinin böyük zalda keçirilməsi, cinayət işinin ibtidai istintaqa qaytarılması, bu işdə adı  hallanan prokurorluq əməkdaşı barəsində xüsusi qərar çıxarılaraq, Baş Prokurorluqda araşdırılması üçün vəsatət verilib.
Onun sözlərinə görə, indiki mərhələdə məhkəmə vəsatərlərin bir çoxunu təmin etməyib.
Zeynallı prosesdə özünü təqsirli bilməyib. O bildirib ki, vəzifəli şəxs olmadığı üçün ona qarşı irəli sürülmüş rüşvət alma ittihamı əsassızdır.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Əvəz Zeynallı vəkil Elçin Sadıqovun azadlıqda olmasından narazı olduğunu söyləyib: "Mənə ittiham verilib ki, Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma onun işi ayrıca icraata götürülüb və azadlıqdadır. Nəyə görə Elçin Sadıqov azadlıqdadır? Axı barəmdə ittiham onunla birlikdə verilib. Biz bir ittihamla saxlanılaraq həbs edilmişik".
Əvəz Zeyallı daha sonra məhkəmə prosesinin kiçik zalda keçirildiyindən narazı qaldığını vurğulayıb: "Xahiş edirəm ki, məhkəmə böyük zalda keçirilsin və prosesə daha çox insan buraxılsın".
Hakim qeyd edib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq.
“Trend”in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkil Fəxrəddin Mehdiyev vəsatətlə bildirib ki, məhkəmə proseslərində təqsirləndirilən şəxslər şüşə qəfəsdən çıxarılsın və müdafiəçilərin yanında əyləşsin. F.Mehdiyev, həmçinin, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.
Prokuror vəsatətlərin əsassız olduğunu bildirib.
Məhkəmə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti rədd edib. Daha sonra Əvəz Zeynallının vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Məhkəmə bu vəsatəti də rədd edib.
Sonda vəkillərin məhkəmə zalının dəyişdirilməsi ilə bağlı vəsatəti təmin edilib. Hakim bildirib ki, növbəti proses daha böyük zalda keçiriləcək.
Sonra prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Bakının Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.
İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası aprelin 10-na təyin olunub.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Hazırladı: RƏŞAD