Əvəz Zeynallının üzünə duran vəkillər... - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
6852

Vəkilin dövlət büdcəsindən maliyyələşən qurumda işləməsi qanunsuzdur

“Xural” informasiya qurumunun başqanı, tanınmış jurnalist Əvəz Zeynallının şərlənərək tutulmasının bir ilinə sayılı günlər qalır. Artıq şərlənmənin də kimin sifarişilə edildiyi, icraçıların kimliyi üzə çıxır. Elə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininin (AAYDA,  keçmiş “Azəravtoyolservis”) hüquqi təminat və insan resursları idarəsinin rəisi Şahbaz Qasımovun sözügedən dövlət agentliyinin media üzrə işlərdə vasitəçi rolunda jurnalistin üzünə durması çox şey deyir. Dövlət agentliyinin idarə rəisi həm də “İsmayılbəyli və partnyorları” vəkil bürosunda 3 ildir vəkil kimi çalışır. Heç demə, vəkilin AAYDA-ya hüquqi yardım xidməti rüşvətdə vasitəçilik imiş. Vəkilin dövlət orqanında işləməsi, dövlət büdcəsindən maliyyələşən qurumdan haqq alması isə qanuna ziddir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin lV hissəsində vəkillik fəaliyyətinin dövlət qulluğu ilə uzlaşmadığı vurğulanıb.
Dövlət büdcəsindən maliyyələşən orqanlarda vəkillik xidməti geniş yayılıb, təkcə AAYDA-ya xas deyil. Büdcədən “dolanan” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hüquq şöbəsinin müdiri Kamal Əliyevin vəkillik stajı 6 ildir. Dövlət hesabına AMEA əməkdaşlarının konstitusion hüquqlarına qadağa qoyan hüquq müdirinin vəkil bürosu “ Yusifbəyli və partnyorları”dır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsindən ayrılan vəsaiti vəkil xidmətinə ödəməkdə lap “gül vurub”, bütöv bir idarəni 39 saylı vəkil bürosu kimi məhkəmə mübahisələrinə görəvləndirib. Konstitusiyaya zidd olan bu MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ İLƏ İŞ İDARƏSİNİN – MƏRKƏZİ FİLİALININ  direktoru Abuzər Mütəllimov 39 saylı vəkil bürosunun müdiri, departament müdiri Yeganə Məmmədova , baş mütəxəssis Emil İsgəndərli və daha 19 nəfər vəzifəli şəxs vəkil bürosunun əməkdaşlarıdır. Bunların da dövlət hesabına vəkilliyi - dövlət büdcəsinin vəsaitini rüşvətdə vasitəçiliklə hakimlərə çatdırmaqdan o yana keçmir.
Vəkillərin dövlət hesabına istintaqı, ittihamı müdafiə etməsinin prosessual və qeyri-prosessual rüşvət peşəkarlığı ilə gerçəkləşməsi daha çox cinayət işlərində üzə çıxır. Amma inzibati və mülki işlərdə də peşəkar qeyri-prosessuallıq halları yetərincədir. Özü də Vəkillər Kollegiyasının (VK) rəhbərliyi səviyyəsində. VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN vəkili kimi tanınması, məhkəmələrlə rüşvət vasitəçiliyində dövlətin- ittiham, istintaq orqanı olan DİN-in hesabını təyinatı üzrə xərcləməməsi bir yana, hələ üstəlik DİN-in işçisi, nümayəndəsi kimi əmək haqqı alması sıradan vətəndaşın hansı hüquq(suzluq) durumunda olduğunu ortaya qoyur.
Dövlət büdcəsinin vəsaitinin təyinatdan qıraq talan edilməsinə bağlantılı dövlət orqanları – Maliyyə Nazirliyi, Hesablama Palatası , prokurorluq susur. “Susmaq haqqı” da , görəsən, büdcədən ödənilir?
...Şübhə, güman bildirən köməkçi nitq hissəsininin - “görəsən” modal sözünün sonuncu cümlədə işlənməsi artıq oldu. Əminliklə!..
Məğrur BƏDƏLSOY