​Vətəndaşlara 70000-dən çox ağac tingi paylanıldı - ETSN

Baxış sayı:
8776

"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70000-dən çox ağac tingi paylanılıb. Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova aprelin 12-də keçirilən mətbuat konfransında bildirib.
"İlk dəfə ağac paylama aksiyası ötən ilin payızında təşkil olundu, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəklədi və fəal iştirakları ilə ağac əkilməsinin təşviqi istiqamətində Nazirlik tərəfindən başladılan yeni bir formanı təqdir etmiş oldu. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib", - İ. İbrahimova deyib.
Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək regionlarda əsasən meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil etdi ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq.