Vərdişlərimiz, yoxsa... – OXUCU KÖŞƏSİ

Baxış sayı:
4432

Uşaqlığımızın unudulmaz xatirələrindən biri də Sabir babamızın qanımıza, canımıza hopmuş bu misralarıdır: “Gəl, gəl a yaz günləri, ilin əziz günləri”. İndi ilin əziz günləridir. Dağda, bağda əriyən qarlar, aşıb-daşan çaylar, tel-tel olan taxıl, yarpağı çiçək-ləçək olub açmaq istəyən ağaclar yazın gəlişindən xəbər verir. Bizim bu hərəkətə çox ehtiyacımız var. Yalnız təsirlərin soyuqluğundan yox, həm də həyatımızı üşüdən nəsnələrin ağırlığından buz bağlamış ürəyimiz istiyə möhtacdır.
Novruz bayramı da arxada qaldı. Adət etdiyimiz kimi, bu bayramın bütün atributllarını da etdik. Doğrusunu desəm, bu “ənənə” sözü qulaqlarımı qıdıqlayır. Amma nə qədər çərçivə və adətlərdən qaçsaq da, nə qədər inkarçı olsaq da, vacıb saydığımız, vaz keçə bilmədiyimiz vərdişlərimiz var. Ətrafımızda saçan adi gündəlik məişət qaydalarından tutmuş böyük, qlobal, taleyüklü məsələlərə qədər. Neynəyək ki, biz işığımızın sönməyinə, qazımızın kəsilməsinə vərdiş edirik və bu vərdişlər artıq adət halına keçir. Çox qəribədir, haqqımız-hüququmuz tapdanır, öyrəşirik, yediyimiz-içdiyimiz zəhərə öyrəşirik, ətrafımızda ədalətsizliklər baş verir, ğöz yumuruq, öyrəşirik. Bir də ğözümüzü açıb görəcəyik ki, bir dar cığırla gedb-gəlirik, buna da öyrəşərik. Bu vərdişdi, adətdi, ya ənənədi?
Məsələn, deyim ki, bu ay məmləkətin işıq sistemində baş vermış qəza ucbatından evimizdə elektriklə işləyən nə varsa sıradan çıxıb: televizor, işiq lampalarından, soyducuya qədər.            Normal  halda kimsə  bunun təzminatını ödəməlidir, ya yox? Amma heç özümüzü yormuruq, çünki mənası yoxdur. Bax, bu da Azərbaycansayağı ənənədir. Yəqin həmin yarımstansiyada işiğı tənzimləyənlərin heç müvafiq təhsili də yoxdur. Bəlkə dünənəcən hardasa baytar həkimi, ya da aqranom işləyib, amma indi hansısa qohumuna görə camaatın işiğını ona tapşırıblar. O da sözün bütün mənalarında yararlanır ənənəvi olaraq.
Biz dünyanın bir parçasıyıq, dünyaya inteqrasiya edirik. Özü də bu inteqrasiya deyəsən çox sürətlə gedir, gecələr küçələrə çıxanlar bunun fərqindədirlər. Əvvələr utanıb-gizlətməyə çalışdığımız qüsurumuz indi açıq-aşkar görünür. Bu demokratiyanın bizim məmləkətimizə gəlişinin ən barız göstəricisidirmi?! Seçkilər? Düşüncə özgürlüyü? Vicdan azadlığı? Yox! Əksəriyyətimiz açıq-açığına deməsək də, ürəyimizdə fikirləşirik ki, belə deyil. İnsan haqları çox qorunduğu üçün indi “mavi” olduqlarını gizlətmək istəmirlər. Bizim hüquq anlayışımız bura qədərdir. Belə qızğın təbliğat ki, düşünülmüş şəkildə bizim kütləvi informasiya vasitələrində gedir – ailələrimizdə böyüyən uşaqlar  üçün çox qorxuludur.
Ola bilər mən köhnə fikirliyəm, adətlərə, vərdişlərə bağlı adamam. Ancaq biz dünyadan, Qərbdən niyə ancaq bunu öyrənirik? Köhnə bazara təzə nırx qoymuruqsa, bu nırxın bizə uyub-uyumayacağını niyə düşünmürük?!
Bütün dünyada yalnız cinayətkarlar polisə yan baxırlar. Hər hansı bir ailəni tərpətsən, onun ailə üzvlərindən, yaxın qohumlarından kimsə polisdə işləyir. Özü də çox əzab-əziyyətlə çalışır. Bunu da bilir ki, çiynində daşıdığı paqonların qiyməti yoxdur. Çünki cinayətini subut etdiyi adamın havadarları dövlət anlayışından çox-çox yuxarıdadırlar. O qədər yuxarıdadırlar ki, taladıqları məmləkətin qanunlarını özləri bildiyi kimi işlədirlər.
Bütün dünyada polisin böyük səlahiyyətləri var. Polisə müqamət göstərmək, silah çəkmək ən böyük cinayət sayılır, çünki polis əslində dövlətin özü deməkdir, dövlətin simasıdır.        
Xatırlayıram, 10-15 il əvvəl Türkiyədə Genel Kurmay başqanı olmuş general Doğan Gürəşin oğlunu hardasa xulqanlıq etdiyinə gorə türk polisi döyə-döyə əzmişdi. Ya da Amerikada Corc Buşun qızını polis cərmələmişdi. Yaşı çatmadığı halda barda içki içdiyinə görə. Bizdə, Azərbaycanda belə hadisəni təsəvvürə gətirə bilərsinizmi? Əslində biz dünyadan bunları öyrənməliyik. Qanuna riayət etməyi -istinasız, filansız. Belə ənənələri yaratmalıyıq. Onları hörmətsız etməklə yalnız və yalnız cinayətkarlar qazanacaq.          
Köhnələri unuduruq, yenilərini isə yarada bilmirik. Əlbəttə, unutmalı olduğumuz çox şeylər var. Yaltaqlıq, özümüzdən bir pillə yuxarıda oturanların qarşısında iki qat əyilmək, unutqanlıq, milli sərvətlərə sayqısızlıq və sairə. Özümüzdən yeni yaratdığımız vərdişlər olmamalıdır. Hər kəsin fikrinə hörmətlə yanaşmaq, seçki mədəniyyəti, danışdığımız sözə qiymət vermək. Nəyi qoruya biləcəyik, nəyi yaradacağıq, onu zaman göstərəcək. Bu hərəkətlərimizdən isə bizim qloballaşan dünyada var ola bilmək məsələmiz asılı olacaq. Seçki ilində olduğumuz üçün baxırsan ki, cürəbəcür quruplaşmalar, bloklar fəallaşıb. Bizim məmləkətdə müəyyən regionların nümayəndələrinin qruplaşması ənənəsini yaratmalıyıq. Bütün dəyişmələr də əqidə birliyi ilə gələcək. Hər kəs öz işi ilə məşğul olsa, polis asayişi qorusa, ordu vətəni görünən müdaxilədən, o biri təşkilat görünməyən müdaxilədən qorusa, dövlət aparatı sosial məsələləri çevik həll etmək ənənələri yaratsa, başqa ölkələr kimi biz də insan kimi yaşmağa adət edəcəyik.
Son vaxtlar gülüş doğuran bir ənənə yarnıb. Hər hansı bayramda bir-iki pullu kişi yetim uşaqlara üç corab, dörd qoğal, beş şokolad aparır, dalınca beş-altı televiziya kanalları gedir, onun da dalınca həmin kişilərin boynundan “El atası” medalını asırlar. A qardaş, başına dönüm, bu millətin nə qədər el atası var? Bu medalı kim təsis edib, onunla işim yoxdu. Amma hər yetimxanaya şokolad aparan bizim el atamız olsa, biz dönüb olacağıq bir hala. Əgər bir iddianız varsa, ildə bir savadlı, istedadlı, amma imkansız uşağı öz hesabınıza göndərin oxumağa. Özü də bunu televizorda göstərmək lazım deyil. Bəndələr onsuz da hər şeyi tez unudur. Allahın da televizora baxmağa vaxtı yoxdur. Həmin uşaqlar oxuyub millətə xidmət edəndə sizin necə ata olduğunuz onsuz da bilinəcək. Belə ənənələri yaşatmaq lazımdır. Yaşamaq ücünsə daim dəyişmək yenilənmək tələb olunur. Bax burda Sabir babamız yaxşı deyib:
Ax! Necə kef çəkməli əyyam idi,
Onda ki,övladi-vətən xam idi !    
       
                                                                                  
Əlizadə Nəhmədağaoğlu