“Vəkillik haqqında” yeni qanuna ehtiyac var” – Fuad Ağayev

Baxış sayı:
14

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində ölkədə müdafiə hüququ ilə bağlı problemlərdən danışıb.
 
Amerikanın Səsi: “Vəkillik və vəkillik fəaliyyəti haqqında” və digər qanunvericilik aktlarına edilmiş son dəyişikliklərdən sonra ölkədə müdafiə hüququnun reallaşdırılmasında hansı mənzərə yaranacaq?
Bu qanunu artıq yamaqlamaq gecdir, yamaqlamağa ehtiyac da yoxdur.
Fuad Ağayev: Birinci növbədə “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanun o vaxtkı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən (birinci növbədə onun rəhbəri tərəfindən) hazırlanırdı. Faktiki olaraq hüquq ictimaiyyəti ona hansısa ciddi dəyişikliklər etmək, geniş müzakirələr imkanından məhrum idi. Ona görə, hazırki qanun daha çox keçmiş rəhbərliyin mövqeyini əks etdirir. Baxmayaraq ki, mənim həmin rəhbərliklə münasibətim həmişə normal olub. Özlərinə də dəfələrlə bildirmişəm ki, bu qanun qanunvericilik texnikasına yad olan bir normativ hüquqi aktdır. Ona görə bu qanunu artıq yamaqlamaq gecdir, yamaqlamağa ehtiyac da yoxdur. Özü də bu şəkildə yamaqlamağa ehtiyac yoxdur. Vəkillik haqqında yeni bir qanuna ehtiyac var. Həmin qanun geniş hüquq ictimaiyyəti tərəfindən müzakirə edilməlidir. Həmin qanun kimlərin ki, mənafeyinə toxuna bilər, onlar tərəfindən müzakirə edilməlidir. Bu müzakirələr əsnasında mükəmməl bir layihə ortalığa qoyulmalıdır ki, qanuna çevirilsin.
Amerikanın Səsi: Bir sıra ekspertlər nümayəndəlik institutunun ləğvindən sonra müxalif fikirli insanların hüquqi yardım sahəsində problemlərlə üzləşəcəyini bildirir. Siz necə hesab edirsiniz?
SSRİ dövründə belə istənilən şəxs nümayəndə ola bilərdi. SSRİ dövründə hətta cinayət işləri üzrə təqsirləndirilən şəxsin müdafiəçisi istənilən şəxs ola bilərdi.
Fuad Ağayev: Birincisi, nümayəndəlik institutu təsisatı ləğv olunmayıb. Sadəcə bu təsisat mahiyyətindən uzaq bir anlama gətirilib çıxarılıb. Yəni, bu çağa qədər, hətta SSRİ dövründə belə istənilən şəxs nümayəndə ola bilərdi. SSRİ dövründə hətta cinayət işləri üzrə təqsirləndirilən şəxsin müdafiəçisi istənilən şəxs ola bilərdi. Əlbəttə bu öz-özlüyündə normal hal deyildi. Çünki hüquq elmindən, hüquqşünaslıqdan tamamilə uzaq olan şəxslər də nümayəndə kimi çıxış edə bilərdi. O şəxslər ki, fiziki şəxs olaraq, yaxud hüquq firmasının əməkdaşları olaraq, hüquqşünas olaraq nümayəndə kimi çıxış edirdilər, - mən hesab edirəm ki, - Azərbaycan şəraitində onların məhkəmə iclaslarında nümayəndəsi olduqları şəxsləri təmsil etmələri kifayət qədər səmərləi idi. Hətta bir çox vəkillərdən daha səmərəli olaraq onlar çıxışlar edirdilər. Mülki-prossesual, inzibati-prossesual qanunvericiliyə edilmiş indiki dəyişikliklər nəticə etibarı ilə nəinki siyasi baxışları fərqli olan insanların, ümumiyyətlə adi vətəndaşların təmsilçiliyinə çox mənfi təsir göstərəcək. Çünki vəkil omayan şəxslər, hüquqşünaslar təkcə siyasi baxışları fərqli olan, yaxud müxalif siyasi baxışlı şəxsləri təmsil etmir. Belə baxsaq, ümumi işlərin sayında müxalifətdə olan şəxslərin işlərinin sayı elə də böyük faiz təşkil etmir. Biz deyəndə ki, bu müxalif baxışlı insanların təmsilçiliyinə, hüquqlarının qorunmasına təsir göstərəcək. Biz onu da nəzərə almalıyıq ki, bu ümumilikdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi işinə çox mənfi təsir göstərəcək.
Amerikanın Səsi: Azərbaycan Avropa məkanında əhalinin sayına görə ən az vəkil olan ölkədir. Belə olan halda müdafiə hüququ sahəsində islahatlar aparılmadan nümayəndəlik institutunun ləğvi hansı zərurətdən irəli gəlib?
Azərbaycan vəkillərin savadlılıq, hüquqi vərdişlərin səviyyəsinə görə də Avropada axırıncı yerdədəir.
Fuad Ağayev: Bu doğru fikirdi ki, Azərbaycan adam başına düşən vəkillərin sayına görə Avropada axırıncı yerdədir. Ancaq onu da nəzərə alaq ki, Azərbaycan vəkillərin savadlılıq, hüquqi vərdişlərin səviyyəsinə görə də Avropada axırıncı yerdədəir. Bu fakt, faktlığında qalır. O ki qaldı hansı dərəcədə təsir göstərəcək, əlbəttə yaranmış vəziyyət müsbət heç bir təsir göstərməyəcək. Çünki, əgər bu cür dəyişikliklər hazırlanırdısa, yəni nümayəndə qismində yalnız vəkilin öz müştərisini mülki, inzibati işlərdə təmsil etmək hüququ qanunvericilikdə əks etdilirdisə və digər şəxslərin təmsilçiliyi demək olar ki, heçə endirilirdisə müvafiq hazırlıq işləri görülməli idi. Vəkillik təsisatında ciddi islahatlar aparılmalı idi. Vəkillik təsisatında ciddi islahatlar aparılmadan vəkillərin sayı (demirəm zəruri, minimuma çatdırmadan) heç olmasa iki dəfə artırılmadan, yəni indiki təxminən 900 nəfərdən azı 2000 nəfərdədk artırılmadan bu cür islahat adlandırlan dəyişikliklər əslində anti-islahat səciyyəsi daşıyır.
Amerikanın Səsi: Son illər bir çox vəkillər “siyasi” adlandırdıqları işlərə çıxdıqdan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırıldıqlarını bildirir. Bu tendensiyaya son qoyulması üçün hansı addımlar atılmalıdır?
Vəkillərdən əsassız şikayət etmiş şəxlsərin məsuliyyətə cəlb olunması məsələsi Məhkəmə Hüquq Şurası, digər müvafiq qurumlar qarşısında qaldırılmalıdır.
Fuad Ağayev: Bu tendensiyaya son qoyulması üçün vəkillik təsisatında ciddi islahatlar aparılmalıdır ki, Vəkillər Kollegiyasının rəhbərliyi daxil olmuş şikayətlərə çox tənqidi yanaşsın, əsassız müraciətlərlə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi öz vəkillərini müdafiə etmək iqtidarındarında olmalıdır. Vəkillərdən əsassız şikayət etmiş şəxlsərin məsuliyyətə cəlb olunması məsələsi Məhkəmə Hüquq Şurası, digər müvafiq qurumlar qarşısında qaldırılmalıdır ki, bu şəxslər öz səlahiyyətlərindən sui-istifadə etməsinlər və heç kəsi aldatmasınlar. Əgər cəzasız olaraq o şəxslər necə indiyədək edirdilərsə, eləcə də öz müraciətlərini davam etdirəcəklərsə müsbət heç bir dəyişiklik olmayacaq.