​Vergidən yayınan avtomobil nəqliyyatı ilə bağlı - Açıqlama

Baxış sayı:
5524

Avtomobil nəqliyyatı sahəsində vergidən yayınma hallarına rast gəlinir və bu sahədəki problemlərin aradan qaldırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər görülür.
Muxalifet.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib.
Onun sözlərinə görə, buraya avtomobil nəqliyyatı ilə yükdaşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan “E-nəqliyyat” sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr də aparılır.
Bununla yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.
H.Həsənov nəzərə çatdırıb ki, əsas məqsəd daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəltmək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır.
Qeyd olunub ki, bu ilin sentyabr ayında sərnişindaşıma xidmətlərindən dövlət büdcəsinə 284641 manat daxil olub. 2017-ci ilin sentyabrında bu göstərici 255815 manat təşkil edib.