Uşağın xəstə doğulmaması üçün... - Həkim

Baxış sayı:
9436

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun və “UPDATE medicine”nin təşkilatçılığı, “Avrasiya” kliniki elmi jurnalının informasiya dəstəyi ilə Fetal Exokardioqrafiya modulu keçiriləcək. Bu barədə danışan “Elmed” Tibb Mərkəzinin USM mütəxəssisi, radioloq Taleyə Aslanova deyib ki, belə seminarlar həkimlərin təkmilləşməsində böyük rol oynayır. “Biz bu modulları davamlı tibbi təhsil kimi dəyərləndiririk. Budəfəki modulda radiologiya və fetal ultrasonoqrafiya üzrə lektor doktor Azər Fərəcdir. 2 moduldan sonra bizə texniki vərdişləri təkmiləşdirmək üçün tapşırıqlar veriləcək. 25-36 may tarixində keçiriləcək simpoziumda isə Türkiyədən dəvət olunmuş professorlar fetal exokardioqrafiya mövzusunda təlim keçəcəklər”, - T.Aslanova deyib. Radioloqun sözlərinə görə, “Elmed” klinikası ən müasir USM aparatı ilə təmin olunub. Bu aparatda bir çox proqramlar var ki, onları öyrənmək lazımdır: “Bu seminarlar radioloq, ginekoloq və uşaq kardioloji cərrahları üçündür. Məqsəd xəstə uşaq doğumunun qarşısını almaq, fetal dövrdə qüsurları aşkarlamaqdır. Uşağı ana bətnində radioloq, ginekoloq izləyir. Bu həkimlər bir yerdə fəaliyyət göstərməlidir. Mükəmməl aparat və təcrübəli həkim hətta çətin aşkar olunan qüsurları belə görə bilər. Biz həkimlər heç vaxt “mən bilirəm” deməməliyik. “Bilməliyəm, öyrənməliyəm” deməliyik. Mən diaqnostika sahəsində olduğum üçün çox məqamlar da məndən asılıdır. Düzgün diaqnoz qoyulmalıdır ki, müalicə də düzgün aparılsın. Biz xəstəliyi yox, xəstəni müalicə etməliyik”.