“Təyyarələr artıq havada idi, Nəsrallahın bəxti onda gətirdi ki...” - İSRAİL ORDUSUNUN NÜMAYƏNDƏSİ AÇIQLADI

Baxış sayı:
14203

İsrail ordusunun mətbuat xidməti “Hizbullah”ın Livanın Bekaa vadisində, Nabi Şitdə yerləşən məxfi raket zavodunun fotosunu dərc edib. Və bəyan edib ki, ötən həftə “Hizbullah” İsrail ordusunun avtomobilinə atəş açanda həmin zavodun məhv edilməsi əmri verilmişdi. Lakin “Hizbullah” lideri Həsən Nəsrallahın bəxti onda gətirdi ki, hədəfdən yayındı-İsrail ordusu həmin hücumda itki vermədi.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, ordu nümayəndəsi anonimlik şərti ilə brifinq keçirib, “Hizbullah”ın İrandan göndərilmiş avadanlıqlarla qurulmuş raket zavodunun fotoşəkillərini nümayiş etdirib.

İsrail ordusu bildirir ki, həmin zavodda “yüksək dəqiqlikli raketlərin istehsal xətti qurulub”. İrandan göndərilmiş bir neçə avadanlıqla qurulmuş istehsal xətti 10 metr dəqiqlikli raketlər hazırlamağa imkan verir.

“Bu obyekt “Hizbullah”ın yüksək dəqiqlikli raket layihəsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə “Hizbullah” zavoda zərbə endiriləcəyindən çəkinərək obyektdən dəqiq və unikal avadanlığı Beyrutdakı mülki obyektə evakuasiya edib”,-İsrail ordu nümayəndəsi bildirib.

Zavod raket mühərriklərinin istehsalı, keyfiyyətin yoxlanılması, döyüş başlığı üçün partlayıcının hazırlanması və logistika bölmələrindən ibarətdir. Ordu nümayəndəsi “Hizbullah”ın raket proqramının neytrallaşdırılması barədə təxminən beş ay qabaq əmr aldıqlarını açıqlayıb.

Bildirilir ki, İsrail aviasiyası sentyabrın 1-də Livanda “Hizbullah”a aid hərbi obyektlərə, o cümlədən həmin raket zavoduna zərbələr endirməyə hazır idi. Lakin “Hizbullah”ın İsrail əsgərlərinə hücumda hədəfdən yayınması son anda əməliyyatın təxirə salınmasına səbəb olub.

“Nəsrallahın hədəfdən yayınması və israilliləri öldürə bilməməsi faktı “Hizbullah”ı yüksək dəqiqlikli raket proqramının məhv edilməsindən xilas etdi. Təyyarələr artıq havaya qaldırılmışdı”,-İsrail ordusunun nümayəndəsi bildirib.

Bundan əvvəl “Hizbullah” lideri Nəsrallah yüksək dəqiqlikli raket zavoduna malik olmadıqlarını, İsrailin belə bəhanə uyduraraq Livana hücum etmək istədiyini demişdi.