Türkman lider “kürd dövləti” oyununun sirrini açdı

Kürdlərin referendum tələbləri bundan sonra da davam etsə, Kərkükə müdaxilə qaçılmaz olacaq.
 
Bunu “Habertürk”ə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib.
“Kərkük valisi Nəcməddin Kərimin vəzifəsindən azad edilməsinin referendumla əlaqəsi yoxdur. Bu, valinin korrupsiyaya bulaşması ilə əlaqədardır. Artıq peşmərgənin Kərkükdə sayı artırılır. Türkman və ərəblərə təzyiqlər artırılır. Bəzi silahlı PKK-çılar artıq hava limanına da yerləşdirilib.
Kərkükə Haşdi Şabi qruplaşması və İraq ordusu da girə bilər. Ümid edirəm ki, bu iş silah gücü ilə həll edilməyəcək. Bərzaninin referendum istəyi ayrıdır. O, Bağdaddan daha çox şey qoparmaq istəyir. Onlar Bağdadı vurmaq üçün heç nədən problem yaradıblar”, – deyə o bildirib.
Salehi Türkiyənin Kərkük və türkmanların yanında olduğunu bildirib. O, referendumun baş tutacağı halda iki seçimin olacağını bildirib.
Siyasətçi bu seçimlərin nədən ibarət olduğunu söyləməyib.