Türkiyəyə milyonlar yatıran “Global Media”nın AZƏRBAYCANLI SAHİBİ KİMDİR?

Baxış sayı:
7666

8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi iddia olunan şirkət qardaş ölkədə xəbər kanalı açır İki gün əvvəl bir sıra saytlarda “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olunmuşdu. Qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada 3 aydır intensiv hazırlıq işləri aparır. Türkiyə telekanalları xəbər verir ki, bina son texnologiya əsasında tamamilə yenilənib. Ən maraqlısı isə odur ki, “Global Media”nın 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi vurğulanır. Azərbaycanda “Global Media” şirkətinin fəaliyyəti haqda demək olar ki, heç bir informasiya olmadığından, Türkiyə mənbələrinin bu xəbəri ölkəmizdə təccüb doğurmaya bilməzdi. Əlbəttə, bu şirkətin arxasında hansısa yüksək rütbəli məmurun durduğu istisna deyil. Çünki virtualaz.org Türkiyədəki qaynaqlara istinadən bildirir ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur. Təbii ki, bu fəaliyyət indiyə qədər gizli aparıldığından, sözügedən media holdinqin hansısa iş adamına deyil, çirkli pullarını yumaqla məşğul olan Azərbaycan məmurlarından birinə məxsus olduğu şübhə doğurmur. Bəs hansı məmura? Bu sual ətrafında araşdırmamız davam edir. Hələlik isə onu qeyd edək ki, Muxalifet.az-ın əldə etdiyi bilgilərə görə, “Global media”nın İdarə Heyətinin rəhbəri (Yönətim Kurulu Başqanı) Elnur Abdullayev, İdarə Heyətinin üzvü (Yönətim Kurulu Üyəsi) Qazi Karadağ, Baş müdir (Genel Müdir) Məmməd Gülməmmədov, İzləyici Təmsilçisi Ləman Çakır, Sorumlu Müdir Zübeyir Erdindir. Məlumat üçün bildirək ki, “Global media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış isimlər olmasa da, Baş müdir Məmməd Gülməmmədov “Ölkə.az” saytının baş redaktorudur. Bu baxımdan istisna olunmur ki, “Global Media”nın sahib olduğu 4 internet portalından biri məhz “Ölkə.az”-dır və bu şirkətin arxasında da həmin saytı maliyyələşdirən şəxslər dayanır. Ancaq bu, hələlik bir ehtimaldır və yaxın günlərdə “Global Media”nın sahibinin kim olduğu və niyə məhz Türkiyədə fəaliyyət göstərməyə üstünlük verdiyi haqda geniş açıqlama verəcəyik . Onu da bildirək ki, sözügedən media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağə planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir. Yeni açılacaq xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi aparıcı xəbər kanalları ilə rəqabətə girəcək. İnternet mənbələrində göstərilir ki, “Global Media” 2001-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir. 2007-ci ildə şirkət Azərbaycanda rəqəmsal yayım və çap biznesi sahəsində fəaliyyətə başlayıb. Habelə Türkiyədə serial biznesinə girib. Tərkibində sərgi və reklam biznesi ilə məşğul olan “AzExpo” LLC, çap biznesi ilə məşğul olan “Global Print” şirkətləri var. Türkiyənin media sektoru reklam bolluğuna görə gəlirli biznes sahəsi hesab edilir. Lakin Azərbaycan şirkətinin bu sektorda rəqabətə nə dərəcədə davam gətirəcəyi hələ məlum deyil. Bundan əvvəl SOCAR-da Türkiyənin media sektoruna girmişdi və xəbər telekanalı satın almışdı. Hansı ki, bu yatırımın uğursuz olduğu haqda məlumatlar var.