Türkiyənin İdliblə bağlı A və B planı!

Baxış sayı:
3073

Suriyada müxaliflərin əlində qalan son böyük şəhər olan İdlibə qarşı Əsəd rejimi və müttəfiqlərinin mümkün əməliyyatı gözlənərkən, şəhərdəki müxalif qruplar keçirdikləri toplantılardan sonra müqavimətə davam etmək qərarı aldı. Türkiyənin isə ehtimal olunan bir əməliyyat vəziyyətində A və B planları hazırdır.
 
Habertürk - Çetinər Çətin
Suriya rejimi, Rusiyalı və İranlı müttəfiqlərinin dəstəyilə iki ildə ölkədəki bütün müqavimət bölgələrinin nəzarətini bir-bir geri aldı. Geriyə bir tək üç milyon vətəndaşın yaşadığı ölkənin şimal-qərbindəki İdlib qaldı. İdlibə qarşı əməliyyat artıq qaçılmaz görünür. Ancaq orada baş verəcəklər bir bölgənin nəzarətinin geri alınması ilə məhdudlaşmayacaq. İdlib, sadəcə, qanlı bir müharibə cəbhəsi deyil, eyni zamanda Moskvanın başçılıq etdiyi müharibədən sonrakı dövrün ilk böhranının də rəmzidir.
 Qarşıdakı bir neçə gün ərzində rejim əsgərlərinin 4 fərqli nöqtədən quru əməliyyatına başlaması gözlənərkən, Türkiyənin yaxınlığında bir insanlıq dramının qarşısını almağa yönəlik A və B planları hazırdır.
 A planı olaraq rejimin kimyəvi silah istifadə etdiyi təqdirdə 18 kilometr dərinlikdə mülki vətəndaşların qorunmasını təmin edən bir tampon bölgə yaradılması planlaşdırıb.
 B planı isə vətəndaşların şəhəri tərk etmək məcburiyyətində qaldığı təqdirdə Afrin sərhədləri içində Cinderes xəttində qaçqınların yerləşdirilməsi olaraq müəyyənləşdirilib. B planı üçün isə bütün kəşfiyyat işləri hazırlanıb.
 
İDLİB YENİ QƏZZA OLUR
 
Tehranda keçirilən üçtərəfli görüşdən sonra İdlibin Sarda qəsəbəsində bir araya gələn siyasi müxalif qruplar, müqavimət qərarını müzakirə edib. Siyasi və hərbi qruplar, təcavüzə qarşı cavab vermək istəyindədirlər.
Rusiya və İranın dəstəyi ilə Əsəd rejiminin qurudan hücuma keçdiyi təqdirdə mülki vətəndaşları qorumaq üçün müxalif qrupların qarşılıq verəcəyi və bu məqsədlə hərbi və maddi-texniki hazırlıq gördükləri bildirilib. Təxmini kimyəvi hücum ehtimalına qarşı isə əhaliyə təlimlər verilir.
Müxalif qruplar, İdlibin son qala olduğunu, bu səbəblə son ana qədər müqavimət göstərəcəklərini bildirərək, "İdlib Yaxın Şərqin ikinci Qəzzası olacaq" deyirlər.
 
İDLİB ÜÇÜN DİPLOMATİYA QRUPU
 
Tehran sammitində bölgəyə yönəlik hərbi hərəkat keçiriləcəyinə dair mesaj verilməsindən sonra İdlibdəki 7 siyasi müxalif qrup dünən Sarda qəsəbəsində bir araya gəlib. İclasda sammitin nəticələri hərtərəfli şəkildə qiymətləndirilib.
Üçlü zirvədən istədikləri nəticəni almayan siyasi müxaliflər, İdlibdəki silahlı qrupların nümayəndələri ilə görüşmək qərarı alıb. Görüşün sabah axşam saatlarında Dana bölgəsində baş tutması gözlənilir.
 Siyasi qruplar, Türkiyə, BMT və Aİ nümayəndələri ilə görüşmək üzrə bir "Dialoq və Diplomatiya Qrupu" yaradıblar. Ancaq dərhal bildirim ki, Türkiyə xaricində özlərinin ciddi qəbul olunacağına dair çox böyük gözləntiləri yoxdur. Bu qrupların qarşıdakı bir neçə gün ərzində danışıqlara başlaması gözlənilir.
 
ƏMƏLİYYATA QARŞI BİRGƏ KOORDİNASİYA MƏRKƏZLƏRİ
 
Siyasi qruplarla yanaşı, İdlibdə silahlı qruplar da, Tehran sammitindən çıxan nəticəni öz aralarında toplaşaraq müzakirə ediblər.
Toplantıda rayonun 85 faizinə nəzarət edən Heyət təhrir Şamın da (HTŞ) içində olduğu 12 qrupdan 9-u iştirak edib. Silahlı qruplar, Tehrandan istədiyi nəticənin çıxmadığını, yalnız mülayim və radikal qruplar deyil, bütün müxalifəti rədd edən bir mənzərənin ortaya çıxdığını ifadə ediblər.
İdlibdə silahları yerə qoymaq yerinə, müqavimətin davam edilməsinə yönəlik tövsiyə qərarı qəbul olunub və birgə koordinasiya mərkəzinin yaradılması haqqında bir fikir birliyi yarandığı qeyd edilib. Digər tərəfdən, şəhərin 3 tərəfinin rejim və muzdlu qüvvələr tərəfindən mühasirə edilməsi səbəbiylə, 7 fərqli nöqtədə koordinasiya mərkəzi qurmağı hədəf seçən silahlı müxaliflər, müdafiə zonalarını müəyyən etmək üçün növbəti 48 saat içində yeni görüşlər keçirəcəklər.
İdlibdəki silahlı və siyasi qrupların iclaslarında “müqavimətə davam” qərarı verilib.
 
DÖRD MƏRHƏLƏLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI
 
Siyasi qruplarla yanaşı, bu axşam İdlibdəki silahlı qrupların nümayəndələrinin bir araya gələrək son bir vəziyyət qiymətləndirməsi edəcəkləri gözlənilir.
 Regiondakı siyasi mənbələrin verdiyi məlumata görə, iclasda dörd mərhələli bir təhlükəsizlik konsepsiyası üzərində durulacaq. Təhlükəsizlik konsepsiyasının işlərində, köç hərəkatının baş verməsi halında insanı bir dəhlizin açılmasına cəhdin başlanılacağı bildirilib.
 İlk mərhələ Hələb xəttindən başlayıb, Xama və Lazkiyəni əhatə edən ərazidə quru əməliyyatının qarşısını almağa yönəlmiş olacaq. 2-ci mərhələdə şəhərə açılan 12 quru yolunun təhlükəsizliyi və buna bağlı olaraq keçidlərin nəzarəti artırılacaq, 3-ci mərhələdə isə İdlib, Al Dana, Sarda, və qərbi İdlib xəttində şəhər içində rejimin və İdlibdəki bəzi silahlı qrupların üsyan çıxarmasını qarşısını almaq üçün 113 nöqtəyə nəzarət məntəqəsi yaradılacaq.
 
4-cu TƏHLÜKƏSİZLİK MƏRHƏLƏSİ CİNDERESƏ İNSANI KOORİDOR
 
Hazırda ilk üç təhlükəsizlik konsepsiyası planında 37 min silahlı müxalifət yer alacaq. Bu 37 min silahlı müxalifət Hələb, Xama və Lazkiyə xəttində Əsəd rejim ordusunun hücumuna qarşı hazır saxlanılır.
Ancaq çətin vəziyyət olduğu təqdirdə 4 min nəfərlik müxalif qrup mümkün bir quru əməliyyatında əhalinin Afrinin Cinderes bölgəsinə sövq edilməsi vəzifəsini yerinə yetirəcək. Bu çərçivədə regiona iki dəhliz açılması planlaşdırılır. Birinci dəhlizin cənubdan birbaşa Afrinə, iki dəhlizin isə İdlibin şimal qərbindən birbaşa çıxarılacağı müəyyənləşib.
 
PKK-nın HÜCUMUNA QARŞI ASK HAZIR
 
“Zeytun Budağı” Əməliyyatı ilə tanınan Cinderesin Afrin bölgəsi içində yer olması, PKK/YPG-nin 12 kilometr məsafədəki Nubul Zəhra və Tel Rifat bölgəsində fəaliyyət göstərməsi, təhlükəsizlik dəhlizi yaradılmasını gündəmə gətirib.
TSQ gücləri, bölgədəki YPG-nin hərəkətlərini yaxından izləyərkən Cinderesə keçəcək qrupların təhlükəsizliyi üçün bölgədə geniş təhlükəsizlik tədbirləri görülməyə başlanıb. Bölgədəki 4 müşahidə nöqtəsi gücləndirilib. Cinderes xəttinə Afrindən xüsusi dəstək birlikləri yollanıb. Digər tərəfdən 4 müşahidə nöqtəsi humanitar dəhliz üçün lazımi tədbirləri görməyə başlayıb.
 
REJİM ORDUSU HƏRƏKƏTLİDİR
 
 Əsəd rejiminə bağlı hərbi birliklərdən ibarət 21 min nəfərlik silahlı qüvvə Hələb xəttində hazır gözləyir. Xama xəttində isə 3 min rejim əsgəri və 6 min İrana bağlı muzdlu qüvvələr var.
 Lazkiyə bölgəsində isə 2 min rejim hərbçisi, Rus hərbi bazaları və regiondakı əhalini ən çox qorxudan regiondakı Nusayrilərdən yaranan “Cosin” ordusu yerləşdirilib. Əməliyyata qarşı rejimin 7 ayrı bölgədə Əməliyyat və Əlaqələndirmə Mərkəzləri təşkil etdiyi bildirilir.
 Əməliyyat nöqtələrindən biri Rus, digəri İranlı milis qüvvələri ilə yaradılarkən, iki əməliyyat nöqtəsi isə Suriya rejimi tərəfindən yaradılıb. Rejimin qurduğu mərkəzlərdən 3 dənəsi TSQ-nin müşahidə nöqtələrinə olduqca yaxın məsafələrdədir. Rejimin, xüsusilə Nubul Zəhra və Lazkiyə xəttində yer alan bazalara yaxın məsafələrdə bazalar qurduğu deyilir.
 
XARİCİ DÖYÜŞÇÜLƏR DAĞIDILDI
 
Rusiya və Çin başda olmaqla, İranın ən çox təpki göstərdiyi HTŞ içindəki xarici döyüşçülər məsələsində isə təcili dəyişikliklər baş verib.
Daha əvvəl HTŞ içində yer alan Qafqaz və Çeçen mənşəli qruplar ilə Şərqi Türküstandan gələn əcnəbi döyüşçülərin ayrı bir əməliyyat birliyi kimi təşkilatlanması bu birlikləri birbaşa hədəf mövqeyinə gətirirdi. Dünən HTŞ-nin aldığı bir qərarla 6 min xarici döyüşçünün digər qrupların içinə dağıdıldığı bildirilib.
 
MÜQAVİMƏT GÖSTƏRİLƏCƏK
 
Hal hazırda İdlib şəhərini idarə edən İdlibdəki Keçid Hökumətinin sözçüsü İbrahim Rıdvan, Habertürk-ə verdiyi xüsusi açıqlamada, rejim və İran muzdlu qüvvələrinin quru əməliyyatına başladığı təqdirdə prosesin onlar üçün geriyədönməz vəziyyət alacağını deyib:
“Müxalifətin silahları yerə qoyması, xəyallarımızın, azadlığımızın Əsədə təslim edilməsi, hətta girov qoyulması mənasına gəlir. Daha əvvəl Şərq Gutada, Hamada, Dəməşqdə və Hələbdə baş verənlər bütün dünyanın gözləri önündə baş verdi. İstifadə edilən kimyəvi silahlara belə səssiz qalındı. Biz silahları təslim etdiyimiz an İdlibdə yaşayan 3,5 milyon dinc insanın taleyini, həyatını Əsədin insafına, hətta zülmünə təslim etmiş olarıq. Əsədə qarşı mübarizə və azadlıq ruhu bütün Suriyalıların qanına işləyib. Başqa cür yurd xaricinə qaçmaq məcburiyyətində qalmış 11 milyon Suriyalını yola gətirmək, hətta bir milyon şəhid verdiyimiz bu ərazilərdəki insanlara bunu izah etmək mümkün olmaz".
 
İDLİB YAXIN şƏRQİN YENİ QƏZZASI OLUR
 
İbrahim Rıdvan sonra bunları deyib: "Bizi terrorçu kimi görənlər öz ölkələrinə xarici döyüşçüləri buraxdılar. İdlibdə biz öz torpağımız üçün döyüşürük. İran və Rusiya isə öz muzdlu qüvvələrini ölkəyə gətirdilər. Ölkədə Hizbullah, PKK, Şiə orduları və Rusiyanın Qafqazlardan gətirdiyi minlərlə pullu əsgərlər var. Bundan sonra, bizim təslim olmağımız yalnız onların xəyalı ola bilər. Nə BMT-nin Suriya Üzrə xüsusi nümayəndəsi Steffan Də Mistura, nə də Rusiya lideri Putinin təklifləri xalqımızın yaralarına dərman olmur. İdlib, Suriya müqavimətinin son qalasıdır. İdlib məsələsinə seyrçi qalan dünya dövlətləri bilməlidir ki, İdlib, Yaxın Şərqin ikinci Qəzzası olacaq. Biz bir quru əməliyyatı qarşısında mülki vətəndaşları qorumaq adına qarşılıq verəcəyik. Əsəd və rejimi bizə hücuma cəhd edərsə, Dəməşqdə, Hələbdə, Lazkiyedə və Suriyanın şəhərlərində böyük aksiyalar, hücumlar başlayacaq" deyə, söyləyib.
Hazırladı: Müxalifət.az