​Türkiyə sosialist iqtisadiyyatına keçirmi?

Baxış sayı:
3592

Oktyabrın 3-də açıqlanan aylıq və illik inflyasiya rəqəmləri 3-4 dəfə yüksək çıxınca xəzinə və maliyyə naziri Berat Albayrak oktyabrın 9-da "İnflyasiya ilə cəbhə boyu mübarizə proqramı"nı ictimaiyyətə təqdim etdi.Nazirin sözlərinə görə, inflyasiyaya qarşı ölkənin 81 milyon əhalisi birlikdə mübarizə aparacaq.
İstehsalçı şirkətlər topdan satış qiymətlərini 10% aşağı salacaqlar,istehlakçı kreditlərinə və kredit kartları ilə xərcləmələrə limit qoyulacaq,Mərkəzi Bank faizləri müəyyən qədər aşağı salacaq,24 milyard dollarlıq Əlavə Dəyər Vergisinin yarısı 10 gündə qaytarılacaq,ilin axırına qədər işığın və qazın qiyməti artırılmayacaq və s.
Nazir Albayrak miqdarı xeyli yüksək olan xarici borcların ödənməsinə dair yenə konkret yollar göstərmədi.Elə isə hal-hazırda iqtisadiyyata nəfəs verib yenidən güclənmə mərhələsinə keçirmək üçün ən vacib şərt-xarici borcların ödənməsi və yeni kreditlər tapılmasıdır.
Proqramda şirkətlərin mümkün qədər az işçi çıxarması üçün onlara dəstək vermək də nəzərdə tutulur.Ancaq istər 10 gündə 12 milyard dollarlıq ƏDV-nin geri qaytarılacağına istərsə də mümkün qədər az işçi çıxarmaları üçün firmalara maliyyə dəstəyinin hansı mənbələrdən veriləciyinə dair konkret ünvanlar da yoxdur.
Şirkətlərin topdan satış qiymətlərində 10% endirim etmə kampaniyasına ilk dəstəyin Koç Holdinqdən gəlməsi maraq doğuran hadisədir.Çünki AKP hökumətinin daim təzyiq altında saxladığı,böyük tenderlərdən uzaqda tutduğu Koç Holdinqin fəxri prezidenti, 87 yaşlı Rahmi Koç 5-6 ay qabaq "Bundan sonra Türkiyədə 1 quruş da investisiyamız olmayacaq"- şəklində açıqlama vermişdi.
McKensey məşvərət firmasının xidmətindən hələ işlər başlamadan imtina edən Türkiyənin öz daxili imkanlarını iqtisadi böhranla mübarizəyə səfərbər edəcəyi məlum idi; nazir Albayrakın oktyabrın 9-da açıqladığı proqramın mahiyyəti də bundan ibarətdir.Ancaq proqramda görülməsi nəzərdə tutulan tədbirlər Türkiyənin bazar iqtisadiyyatı qaydalarından getdikcə uzaqlaşdığını göstərməkdədir.
Qanunlarda edilən dəyişikliklər, prezident Erdoğanın bazarın aktyorlarına hər gün etdiyi xəbərdarlıqlar,ölkənin müxtəlif guşələrindəki bələdiyyə rəhbərlərinin məhəllə bazarlarını gəzərək qiymətlərə nəzarət etmələri və s. faktlar insana sosialist inqilabından sonra Rusiyada cərəyan edən prosesləri xatırladır.
Nazir Albayrakın proqramında da nəzərdə tutulduğu kimi, istehsalçı şirkətlər öz qiymətlərində 10% endirim edəcəkdilərsə, o qiymətləri niyə o qədər yüksəltmişdilər? Qiymətləri endirmək mümkün idisə, niyə bunu hökumətin tələbindən (və ya təzyiqindən- istehsalçı şirkətlərin bunu könüllü etdiklərinə inanmaq sadəlövlükdür) sonra etdilər? Albayrakın proqramının açıqlanmasından əvvəl də sonra da cərəyan edən proseslər "hökumətin qiymətlərə nəzarəti" deyil də nədir?
2001-ci ilin ağır iqtisadi böhranında belə hökumət tərdbirlərin əksəriyyətini bazar qaydaları çərçivəsində görmüş, cəmiyyətdəki gərginliyin azalması üçün ictimai təşkilatların, vətəndaşların göstərdikləri sərt reaksiyalara belə müdaxilə edilməmişdi.Digər tərəfdən,24 iyundakı prezident və parlament seçkilərindən sonra faizlərin aşağı düşəcəyinə, inflyasiyanın yenidən tək rəqəmə enəcəyinə dair vədlər özünü qətiyyən doğrultmadığı halda xəzinə və maliyyə nazirinin dalbadal açıqladığı proqramlarda dərdə dərman olacaq konkret addımlar görünmür.
Hökumət, dünyada fövqəladə hadisələr baş verməsə, ilin son 2.5 ayında işığın və qazın qiymətini artırmayacağını öz öhdəsinə alır.Bəs "fövqəladə hadisələr"in kriteriyaları hansılardır: sabah istənilən hadisəni "fövqəladə" kateqoriyasına daxil edib işığın və qazın qiymətinin artırılmayacağının təminatını kim verə bilər?
Ölkənin duayen iqtisadçılarından olan professor Korkut Boratav bu gedişatın "talonlar və ərzaq növbələri" ilə nəticələnəcəyi barədə xəbərdarlıq edir. Şərhçilərin başqa bir qismi isə hökumətin qiymətləri 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkisində ağır yara almamaq nəzarət altında saxlayacağını iddia edirlər.Ondan sonrakı qiymət artımları isə hökumətin taleyinə onsuz da təsir göstərə bilməyəcək.2019-cu ilin martındakı seçkidən bu qədər çəkinən iqtidar sosialist sistemlərdə olduğu kimi, qiymətləri özü müəyyənləşdirib ciddi nəzarət altında saxlaya bilərmi? Qətiyyən ehtimaldan kənarda deyil...