Türk əsgəri ilə bağlı bu ehtimal erməniləri qorxuya salıb

Baxış sayı:
7333

İrəvan Türkiyənin Naxçıvanda hərbi baza yarada biləcəyindən narahatdır
 
Son vaxtlar Türkiyənin dünyada və regionda, xüsusilə də Cənubi Qafqazda nüfuzunun artması Ermənistanda ciddi narahatlıqla qarşılanmaqdadır. Erməniləri narahat edən digər bir məsələ isə Türkiyənin Naxçıvanda hərbi baza yarada biləcəyi ehtimalıdır.
Muxalifet.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan yerli mediaya açıqlamsında Türkiyənin bölgədəki siyasi aktivliyindən açıq narahatlığını ifadə edib. 
Safrastyan hesab edir ki, Rusiyanın Suriya məsələsində Türkiyənin dəstəyinə ehtiyac olduğu bir məqamda Türkiyə Cənubi Qafqazdakı aktivliyini artıra, Azərbaycanda, xüsusilə Naxçıvanda hərbi baza yarada bilər. R.Safrastyanın sözlərinə görə, türk mətbuatında Türkiyənin öz sərhədlərindən kənarda üçüncü hərbi baza yaratmaq hazırlığı ilə bağlı məluamatlar yer alır. Və erməni şərqşünası ehtimal edir ki, belə bir hərbi baza məhz Azərbaycan ərazisində yerləşdirilə bilər.
Erməni mətbuatında yer alan məlumatların təhlili göstərir ki, İrəvan türk əsgərinin bölgəyə gəlişini özü üçün faciə və təhlükə hesab edir və bu səbəbdən də bu ehtimalı az qala günün reallığı kimi gündəmə gətirir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə hərbi əməkaşlıq mövcud olsa da, Türkiyənin Azərbaycan ərazisində hərbi baza yaratması ilə bağlı hər hansı rəsmi informasiya mövcud deyil. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ordusu işğaldakı torpaqları qısa zamanda azad etməyə, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadirdir.