""Turan" normal iş rejimini bərpa etməyə çalışır" - MEHMAN ƏLİYEV

 Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev onun azad edilməsinə səbəbin "beynəlxalq və daxili təzyiq" olduğunu deyib.
 
Cənab Əliyev BBC Azərbaycancaya onu da bildirib ki, hazırda o, Turanın normal iş rejimini bərpa etməyə çalışır.
Şənbə günü, Vergilər Nazirliyi Turan agentliyinə qarşı təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
Bakı şəhər Lokal Vergilər Departamenti, yoxlamanın yekunu əsasında qəbul etdiyi qərarı agentliyə göndərdiyi rəsmi məktubla bildirib.
Lakin agentlik hələ də normal iş rejimini bərpa etməyib, Mehman Əliyev BBC-ə deyib.
Azərbaycanda bağlanmış media təşkilatlarının qısa tarixçəsi
Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.
Avqustun 24-də Turan agentliyinin direktoru saxlanılıb. Ertəsi gün səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Lakin bu qərar sentyabrın 11-i ləğv edilərək, ev dustaqlığı ilə əvəzlənib. 16 sentyabrda Turana qarşı ittihamların ləğv edilməsilə Mehman Əliyevə qarşı cinayət işinə də son qoyulub.
Mənəvi və maddi ziyan
İstintaq dövründə Turan agentliyi ittihamları dəfələrlə rədd edib və 2010-cu ildən 2016-cı ilə kimi, 6 illik müddət ərzində əlavə vergi hesablanmasına qarşı şikayət edib.
Bu iş üzrə dinləmələr 27 sentyabra təyin edilib, lakin cənab Əliyev indiyədək bu şikayətin məhkəmə tərəfindən baxılmamasını "kobud qanun pozuntusu" adlandırıb.
"Lakin nazirliyin qərarı ilə hər şeyin artıq sıfırlandığını" deyən direktor, buna görə agentliyin şikayətini əsaslandıran məqamların mövcud olmadığını qeyd edib.
Buna baxmayaraq, Mehman Əliyev ona və agentliyə dəyən maddi və mənəvi ziyan üçün təzminat almaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.
Özünə qarşı ölkə daxilində səyahətə qoyulan məhdudiyyətlərin olmadığını deyən Turan direktoru, rəsmi məlumatın verilmədiyinə görə beynəlxalq səyahətlərinə məhdudiyyətin olub-olmamasından tam əmin olmadığını bildirib.
Agentliyin direktoru Mehman Əliyev, ona və agentliyə qarşı ittihamların ləğv edilməsində beynəlxalq və daxili təzyiqin böyük rolu olduğunu deyir
Təzyiqlər və dindirmələr
Azadlığa buraxılması və daha sonra Turan agentliyinə qarşı ittihamların ləğv olunmasına gəldikdə, Mehman Əliyev "beynəlxalq təzyiqin mühüm rolu" olduğunu deyib.
"Daxili təzyiq də güclü oldu - vətəndaş cəmiyyətindən və ümumiyyətlə, cəmiyyətdən", - cənab Əliyev əlavə edib.
ABŞ Senatının komitəsində sanksiyaların tətbiq edilməsi təklifi, Guardian qəzetində korrupsiya iddiaları və beynəlxalq təşkilatlar, qurumlar və müxtəlif dövlətlərdən tənqidlərin təzyiqi artırdığını deyən agentlik direktoru, istintaq dövründə ona və Turanın əməkdaşlarına qarşı da "böyük təzyiqin" olduğunu deyib.
"Turanın əməkdaşlarını saat [gecə] 2-dək dindirmişdilər", deyən cənab Əliyev istintaqın onun həmkarlarından ona qarşı saxta ifadə almağa cəhd etdiyini iddia edib.
Hətta digər Turan əməkdaşlarının da həbsini gözlədiyini deyən direktor, bir ara "istintaqın bütün Turan kollektivini mütəşəkkil cinayət qrupu kimi təqdim etmək istədiyini" bildirib.
"Hər şeyi yenidən qurmaq laxımdır"
Mehman Əliyev Vergilər Nazirliyinin Turanın bank hesabından indiyədək təxminən 4000 manat məbləği götürdüyünü və Nazirliyin bu məbləği qaytarmaq əvəzinə, gələcək vergi öhdəliklərinə kəsilən məbləğlə əvəzləyəcəyini deyib.
Bütün bunlara baxmayaraq, o, Turanın hələ normal iş rejiminə qayıtmadığını qeyd edib.
Turan agentliyi sentyabrın 1-dən fəaliyyətinin dayandırılacağını elan edib, hərçənd redaksiya əməkdaşları öz imkanları hesabına işi davam etdiriblər. Hazırda agentliyin saytında az sayda məlumatlar dərc olunmaqdadır.
Mehman Əliyevin agentliyin fəaliyyətinin hələlik belə davam edəcəyini bildirib.
"Hələ də vəsait problemi var - bundan da əvvəl var idi", o, qeyd edib.
"Bu gün mən interneti bərpa etmək üçün müraciət etmişəm. Kommunal xərcləri həll etmək lazımdır. Hər şeyi yenidən qurmaq lazımdır", o əlavə edib.