TRAMP SİYASƏTİNİ DƏYİŞİR, ABŞ meydana geri dönür - RUSİYA TƏHDİDİNƏ QARŞI

Baxış sayı:
3073

Suriyanın cənubunda Əl Tanf hərbi bazasının olduğu bölgədə Rusiyanın əməliyyat aparacağı ilə bağlı xəbərlərin yayılmasından sonra Amerika ordusu təlimlərə başlayıb. Beş ay bundan əvvəl Amerika hərbçilərinin Suriyanı tərk eləməsinin lazım olduğunu söyləyən ABŞ prezidenti Donald Tramp İdlib əməliyyatı xəbərindən sonra planını dəyişdirib.

ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”un verdiyi xəbərə görə, ABŞ lideri Amerikanın regiondakı hədəfləri üçün hərbi səylər və böyük diplomatik təzyiq göstərmək qərarı verib.

Xarici İşlər Nazirliyindəki mənbəyə istinad edən “Vaşinqton Post” İŞİD terror təşkilatına qarşı mübarizəsinin demək olar ki, tamamlandığını və Pentaqonun hal-hazırki bir nömrəli hədəfinin İranın qüvvələrinin Suriyadan çıxması olduğunu yazır.

“Vaşinqton Post”un yazdığına görə, Trampın fikrini dəyişdirməsinin səbəbi Rusiyanın İrana yardım eləməsi olub. Suriya daxilindəki müharibədə dövləti, yəni Bəşər Əsəd hökumətini dəstəkləyən Rusiya və İran hal-hazırda müxalifətçilərin əlindəki son vilayət olan İdlibi müxalifətçilərin əlindən almağa hazırlaşırlar. Həftənin əvvəlindən indiyə qədər Rusiya qırıcıları dəfələrlə bombardmanlar ediblər.

2 200 nəfər Amerika hərbçisinin daxili müharibə ölkəsini tərk eləməyəcəyini bildirən qəzetdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin sözləri dərc edilib: “Tələsmək lazım deyil”.

ABŞ hərbçiləri Suriyanın cənubundakı Əl Tanf bazasında hərbi təlim keçirməyə başlayıblar. CNN kanalına müsahibə verən Pentaqon əməkdaşı 100 nəfərdən artıq amerikalı hərbçinin iştirak edəcəyi və bir neçə gün davam edəcək təlimlərin keçirilməsinin məqsədinin Rusiya təhdidinə qarşı hazırlıq olduğunu bildirib(Hurriyyet.org).