Tramp ABŞ qoşunlarının yerləşdiyi ölkələrdən beş qat artıq pul tələb edir

Baxış sayı:
2068

ABŞ prezidenti Donald Tramp və onun müşavirləri ABŞ-ın hərbi bazalarının yerləşdirildiyi ölkələrdən daha çox pul almağın yeni formulunu işləyib hazılayıblar.

CNN-in verdiyi xəbərə görə, Vaşinqtonda yeni hesablama metodu “50% artıq qiymətinə” adlanır.

Yəni buna görə dövlətlər ərazilərində ABŞ ordusunun yerləşməsinin bütün maliyyəsini qarşılamaqla bərabər üstəlik, bu məbləğdən əlavə onun 50%-ni də ödəyəcəklər.

Bu isə müttəfiqlərinin ABŞ hərbçilərini saxlamaq üçün ən azı 5-6 dəfə artıq xərcə düşməsi deməkdir.

Qeyd olunur ki, Donald Tramp neçə illərdir, ABŞ qoşunlarını qəbul edən ölkələrin kifayət qədər pul ödəməməsindən şikayətlənir. O, hesab edir ki, müttəfiqlər ABŞ ordusunun timsalında əlavə dəyər qazandıqları üçün onun məsrəflərini də ödəmək məcburiyyətindədirlər.

Birləşmiş Ştatlar 100-dən çox ölkədə hərbi kontingentlə təmsil olunur. Xaricdə yerləşən ordunun böyük hissəsi Yaponiya, Cənubi Koreya, Almaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarda məskunlaşıb.

Bu səbəbdən də yeni qaydaların ən çox Almaniya, Yaponiya və Cənubi Koreyaya toxunacağı bildirilir.