Təhsil almaq istəyən gənc qızın intiharı - sosioloqlar problemin kökündəki səbəblərdən danışdılar

Baxış sayı:
6601

Əhməd Qəşəmoğlu: “Cəmiyyət o qədər mürəkkəbləşib ki, valideyn qızını Bakıya buraxmaq istəmir”; Mehriban Zeynalova: “Bəziləri düşünür ki, qız övladına  kapital qoyuluşu əlverişli deyil”

Zaqatalanın Əliabad qəsəbə sakini 17 yaşlı Gülər İsmayılovanın intihar etməsi xəbəri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İlkin yayılan məlumata görə, yeniyetmə qız təhsilini davam etmək istəsə də, valideynləri onu özündən 15 yaş böyük iş adamı ilə nişanlamağa çalışıb. Beləliklə, nişan gününə bir gün qalmış Gülər İsmayılova evin həyətində özünü asaraq, intihar edib.

Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib: “Nişan üçün gəlməmişəm, elə bir plan olmayıb. Qızımın intihar səbəbini bilmirəm. Hər kəs ağlına gələni yazır. Bizim qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”.

Beləliklə, bu hadisə yenidən bir məsələni gündəmə gətirmiş oldu, xüsusən də bölgələrdə bir çox valideynlər qız övladlarının təhsil almaq istəyini məhdudlaşdırır, buna qarşı gəlir, “duz yükü”ndən azad olmaq üçün tez ərə verməyə çalışırlar. Bəziləri buna Gülər kimi intihar etməklə qarşılıq verir, bəziləri isə taleyə boyun əyməli olur.

17 yaşlı Gülər İsmayılova ile ilgili görsel sonucu

Araşdırmalar da göstərir ki, ölkənin şimal və cənub rayonlarında qızlar adətən 8-ci sinifdən nişanlanır, erkən nikaha sövq edilir, bununla da onların təhsil alması tamamilə arxa plana keçir. Təhsil müəssisələri isə qızların məktəbə davamiyyəti məsələsinə ciddi yanaşmır. Halbuki ölkə konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq hüququ var.

Ümumiyyətlə, son illərdə cəmiyyətdə qız övladlarına qarşı getdikcə daha çox stereotiplə yaranmaqdadır. Məsələn, statistik məlumata görə, son 25 ildə ölkəmizdə oğlan uşaqlarının sayı sürətlə artmağa, qızların sayı isə azalmağa başlayıb. Azərbaycan mentalitetində, cəmiyyətində oğlan uşaqlarının doğulması daha arzuolunan olaraq qalır. İnsanlar düşünür ki, oğlan uşaqları onların ailələrinin soyunu davam etdirir, familiyalarını daşıyır, beləliklə, nəslin davamçısıdır. Oğlan uşaqlarına daha çox diqqət olması səbəbi ilə analar da əksər hallarda daha çox oğlan uşaqlarına düşkün olur, evdəki qız uşağına deyil, əsasən oğlan uşaqlarına yeni geyimlər, əşyalar almağa çalışırlar. Eləcə də valideynlər daha çox oğlan övladlarının təhsil almasına çalışır, qızın təhsil almasına isə ya diqqət edilmir, ya da əlverişli sayılmır.

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışdı: “Qızların oxumasına əvvəllər də ölkəmizdə meyl olmayıb. O zamanlar bu problemin fakturası başqa cür idi. Amma indi bu fakturanın mənzərəsi dəyişib. Əvvəllər düşünürdülər ki, qız uşağı evdən çölə çıxmamalı, şəriətə əsasən gözə çox da gözə görünməməli idi, cəmiyyətdə rolu aşağı idi, əsas işi evlə bağlı idi. İslamda qadının hüquqları çoxdur, amma bu hüquqlar əsasən onun ailəsi ilə bağlıdır. Qadın cəmiyyətdə yer tutması üçün təbii ki, təhsil almalıdır. Azərbaycan qadınının cəmiyyətdə rolunun artırılması məsələsi təxminən 20-ci əsrin 30-cu illərindən sonra artmağa başladı. Həmin zaman da çox insanlar buna qarşı idi. Yəni əksər kişilər razılaşmırdı ki, onun qızı, ya xanımı cəmiyyətdə fəal olsun. Bu ənənə 60-cı illərdə kifayət qədər zəiflədi və qızlarımızın təhsil alması üçün böyük imkanlar, şərait yarandı. Son 20-30 ildə isə qızların təhsil almasına məhdudiyyətlər yaranıb. Çünki indi cəmiyyətdə xaotik bir  vəziyyət yaranıb, mənəvi dəyərlər bir qədər basqı altına keçib. Bu da xeyli  problem yaradıb.

Məsələn, qızların bölgələrdən, rayonlardan gələrək Bakıda və yaxud digər böyük şəhərlərdə təhsil almasında əxlaqi, mənəvi problemlər ortaya çıxıb. Valideynlər qızlarını Bakıya buraxmaq istəmirlər. Çünki Bakıda o qədər problemlər eşidirlər ki, qorxuya düşür və qızının təhsil almasına razı olmurlar. Digər məsələ: sovet dövründə hər ali və orta məktəbin yanında yataqxana var idi, tələbə qızlar çox rahat şəkildə o yataqxanalarda qalırdı. İndi isə vəziyyət dəyişib. Bəzən eşidirik ki, məcburiyyətdən bir sıra tələbə qızlar müxtəlif yollara əl atır ki, təhsil haqqını ödəyə bilsin. Yəni indi cəmiyyət elə mürəkkəbləşib ki, valideyn qızını Bakıya buraxanda çoxlu sayda problemlər yaşayır. Bir müddət bundan əvvəl bölgələrdə sorğu keçirmişdik. Məlum olmuşdu ki, bəzi ucqar kənd və rayonlarda valideynlər qız övladlarını aşağı siniflərdən məktəbdən çıxardır. Həmin valideynlərin bir neçəsi ilə söhbət etdim, mənə izah etdilər ki, “onsuz da onu oxumağa göndərməyəcəm, imkanım yoxdur”. Bununla da hazırda bu məsələ ilə bağlı valideynlər arasında maarifləndirmə işləri aparılmır, həmçinin normal təhsil mühiti yoxdur. Bu, çox ürəkağrıdıcı məsələdir".

Qeyd edək ki, qonşu Türkiyə dövlətində qızların təhsil almaq hüququ məhdudlaşdırılaraq, zorla ərə verilməsi faktı olanda aidiyyəti orqanlar məsələni ciddi nəzarətə alır, həmin qızlar valideynlərin öhdəsindən alınaraq sığınacaqlara verilir, onların təhsilini davam etdirməsi üçün şərait yaradılır. Sosioloq bu məsələni xatırladaraq qeyd etdi ki, ölkəmizdə də bu cür şəraitin yaradılmasına böyük ehtiyac var: “Ümumiyyətlə, konstitusiyamızda da var ki, hər kəsin təhsil almaq hüququ var. Əgər valideyn övladını məktəbə, ali məktəbə buraxmırsa, deməli, onun təhsil almaq hüququnu pozur. Digər tərəfdən, heç kəsin haqqı yoxdur ki, qız övladının təhsil almaq hüququnu məhdudlaşdırsın. Bəlkə həmin qız gələcəkdə ölkənin çox mühüm bir şəxsiyyəti, mütəxəssisi olacaq”.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da qeyd etdi ki, əvvəllər ölkədə övladını təhsildən yayındırmağa çalışan valideynlərin məsuliyyətə cəlb olunması, cəza metodları olub: “Bəzən bəhanə gətirirlər ki, əgər qızları şəhərə oxumağa getsə, müxtəlif problemlərlə qarşılaşa bilər, əxlaqı pozular və sairə. Əgər valideyn övladını düzgün tərbiyə etsə və onu düzgün  informasiya ilə məlumatlandırsa, uşaq kənardan informasiya almayıb, valideynlə bərabər məsələləri müzakirə etməyə hazır olsa, düşünürəm ki, heç nədən qorxmaq lazım deyil. Valideynin övladının təhsil hüququnu məhdudlaşdırması yolverilməzdir. Bəzən də deyirlər ki, təhsil haqqını ödəməyə imkan yoxdur. Bəlkə uşaq ödənişsiz təhsili qazanacaq? Bu cür fikirdə olanlar 16 yaşında qızını ərə verib, sonra ona yaxın durmayanlardır. Onlar üçün qıza kapital qoyuluşu əlverişli deyil. Bunun da  kökündə stereotiplər durur. Bu cür valideynlər düşünür ki, oğlan böyüyüb evə qazanc gətirəcək, onları saxlayacaq, qız isə başqa evə köçəcək, qazancını başqalarına verəcək, ona görə qız uşağı əlverişli deyil. Bax bu stereotiplərdən azad olmalıyıq”./musavat.com