​Təhlükə bu dəfə Şərqdən gəlir... - TƏHLİL

Baxış sayı:
16660

Gürcüstanla bağlı yaranmış sərhəd məsələsi nə Gürcüstana, nə də Azərbaycana sərf edir. Problem 1991-ci ildən var. Məsələ o deyil, "Udabno məsələsi" kənardan idarə edilir. Daha doğrusu, oyun Rusiyada qurulub. Bu indi dəqiq nüansa oxşayır. Mən belə düşünürəm.
Amma məsələ "Bir kəmər, bir yol" layihəsi də deyil. Məsələ gələn ildən tam gücü ilə işləməyə çalışacaq başqa adı bəlli projelərdir. Amma bu da hələ ki, tam deyil.
Rus tacirləri Gürcüstan bazarına yenidən yiyələnməyə çalışırlar. 2008-ci ildən çıxdıqları açıq ticari bazardan danışıram. Təhlükə isə bu dəfə Şərqdən gəlir, Qərbdən deyil. Onsuz da Avropa iqtisadi sistemi Gürcüstan bazarına uyuşa bilmədi və ya bunun çox böyük zamana ehtiyacı var. Çünki sistem(sizlik) ötən əsrin oratalarından qurulub. Onun yerinə isə Çin iddialıdır. Kifayət qədər sistemli və bütün sistemsiz bazarlarda çalışa, tam gücü ilə işləyə biləcək bir iqtisadi-ticari sistemin Qafqazda “at oynatması”ndan, Rusiyanın buradan "rubl-rubl" çıxarılmasından söhbət gedir.
Əgər Rusiya Cənubi Qafqazın ticari sisteminin dəyişdirilməsi ilə razılaşarsa, bu, gələcəkdə daha böyük problemlərə yol aça bilər. İlkin mərhələdə bu Qərbin də işinə yarayır. “Kənardan izlə, sonrası haqqında düşünərsən” prinsipi...
Üzr istəyirəm, sən demə məsələ həm də "Bir kəmər, bir yol" imiş. Amma tam da o deyil...
Digər tərəfdən, Ermənistanla oyuna getməyən Azərbaycana da qulaqburması vermək istəyirlər. Amma şimalda onu da yaxşı anlayırlar ki, bizim qulağımız yekəpər rus barmaqlarının burmasına sığmır... Yəni ismarış Qərbədir. İmzalanacaq sazişə. Qərb rəsmi Bakının islahatlara getməsini istəyir. Bu isə Rusiyadakı müəyyən (cibinə və dövlətə işləyən müəyyən sektaların) maraqlarına uyğun deyil. Çünki ortada onilliklərlə xərclənərək qurulduğu bir sistem var.
Sistem çökərsə, Rusiyanın özü Qafqazda "tayqulaq" qalacaq. Onsuz da Merqvelaşvili, Zurabişvili (cəm halda İvanişvili) Rusiyanın Gücüstandakı sisteminin laxlamasının qarşısını ala bilmədi. İndi ortada "boğucu qaz" taktikasına keçib ki, yaranmış kiçik və dumanlı çaxnaşmalarla bu kiçicik dövlətlərin ipini ələ ala bilsin. Özü də Qərbə göstərə-göstərə...
Qərb isə bir ucu gedib Çinə dirənən axıntının ona sarı istiqamətlənmiş yönünün dəyişdirilməsinə asan-masan icazə verməz...

Tural Turan