​“Tehranda rejimin tezliklə dəyişəcəyinə ümid bəsləmək hələ tezdir”- QƏRB EKSPERTLƏRİ

Baxış sayı:
4742

 “Lakin bu ildən sonra İranda heç bir şey əvvəlki kimi olmayacaq”
 
İran əyalətlərində aşağı təbəqədən olan insanların törətdiyi iğtişaşlar son on ildə ən irimiqyaslı aksiyalar sayılır. Lakin hələ də nümayişçilərin tam olaraq nə istədiyi bəlli deyil. Ekspertlərin rəyinə görə, etiraz hərəkatı çətin ki, indiki anda daha da dərinləşsin.
Lakin gəlinən ümumi rəyə əsasən bu hadisə İranın daxili siyasi həyatında yeni mərhələnin başlanğıcını qoyub.
Almaniyanın “Der Spiegel” qəzetinin yazarı Kristof Sidof 2017-c ilin əslində Tehran üçün olduqca uğurlu keçdiyini yazır.
 “İran tərəfindən dəstəkənən silahlı dəstələr Livan, Suriya, Yəmən və İraqın bir hissəsinə nəzarət edirlər. İslam respublikası özünün əbədi bölgəsəl rəqibi Səudiyyə Ərəbistanı ilə mübarizədə mövqelərini möhkəmləndirib.
Lakin 2018-ci il rejim üçün çətin günləri vəd edir. Bütün bunlar ölkədaxili situasiyanın göründüyü qədər sabit olmaması ilə bağlıdır. Etiraz nümayişləri prezident Həsən Ruhaninin başına soyuq qar kimi düşüb.
 
Müəllifin fikrincə, 2009-cu ildəki hadisələrdən fərqli olaraq builki aksiyaların miqyası yalnız Tehranı əhatə etmir. Üstəlik, nümayişlərdə əsasən əhalinin kasıb hissəsi daha çox fəallıq göstərir.
Rejimin aksiyaların görüntülərinin yayılmasının qarşısını almaqla bağlı bütün səylərnə rəğmən burada cəmiyyətin müxtəlif hissələrindən olan insanların mübarizə aparmasını görmək olar.
Əldə olunan video və foto görüntülərdən bir qism qadınların baş örtüsünə qarı çıxdığını müşahidə etmək mümkündür.
 
Sidof həmçinin iğtişaşlar zamanı “diktatora ölüm” və “İslam respublikasını istəmirik” kimi sədaların gəlməsini olduqca düşündürücü hesab edir:
 “Burada bir şey aydındır. İslam inqilabından 40 il sonra siyasi sistem hələ də siyasi və iqtisadi islahatlara hazır olmadığını göstərir”.
Sidof rejimin əvvəlki dövrlərdən fərqli olaraq təşviş içində olduğunu iddia edir. Onun fikrincə, hüquq-mühafizə orqanlarının aksiya iştirakçılarına qarşı divan tutma əməliyyatları bunu göstərir.
Buna rəğmən eirazçıların da əvvəlki illərdən fərqli olaraq daha aqressiv davrandığı qeyd olunur. Bunu şəhərlərdə onların qorxmadan polis məntəqələrinə, yanğınsöndürmə stansiyaları və banklara hücumlarından görmək olar.
 
Lakin müəllifin fikrincə, İranda rejimin dəyişməsini söyləmək hələ tezdir. Etiraz aksiyalarında iştirak edənlərin maraqları olduqca müxtəlifdir, hakim siyasi elitanın gücü deidkcə yüksəkdir, hüquq-mühafizə orqanları yüksək səviyyədə silahlanıb və onların İraq və Suriyada kifayət qədər döyüş hazırlığı təcrübələri var.
Jurnalistin rəyini öyrəndiyi İran üzrə ekspert Sörən Faiqa (Hamburq universiteti) bu etirazların əslində prezident Həsən Ruhanınin əlinə oynadığı düşüncəsindədir. “Aksiyalar göstərir ki, ölkə Ruhaninin istədiyi kimi liberallaşmağa və islahatlara ehityac duyur. Prezident buradan siyasi sərmayə əldə edə bilər”.
İsveçrənin “Le Temps” qəzetinin icmalçısı Stefan Büssar İran iqtisadiyyatı üzrə tannmış ekspertlərdən sayılan Firudin Havənddən müsahibə alıb.
Ekspetin fikrincə, İrandakı etirazları anlamaq üçün 2015-ci ilin iyulun 14-nə, yəni Tehranın BMT-nin 5 daimi üzvü və Almaniya ilə imzaladığı məşhur nüvə anlaşmasına geri dönmək lazımdır.
 
Həmin vaxt prezident Ruhani iranlılara yeni sazişin ölkə iqtisadiyyatı üçün yeni üfüqlər açacağını, onun yenidən qlobal iqtisadi sistemə inteqrasiya olunacağını vəd edirdi. Lakin bunların heç biri baş vermədi.
Ekspert burada İran rəhbərliyinin yuxarı eşalonunda duran insanları günahkar hesab edir. Onun fikrincə rəhbərlik bu sazişdən İranın şah dövründən qalan neft pullarının geri qaytarılması üçün istifadə etməyə çalşaraq, xarici və bölgə siyasətində eyni siyasəti yürütməkdə davam etdi. Bu isə Qərb və İslam Respublikası arasında ciddi təfriqəyə yol açdı.
“Nüvə proqramı üzrə sazişdən sonra beynəlxalq investorlar İranda aktivləşsələr də sonradan onların həvəsləri söndü. Qərb bankları yeni sanksiyaların gələcəyi qorxusu ilə İrandakı heç bir iri layihəni maliyyələşdirmədi. Beləliklə, saziş əhalinin geniş təbəqələri içində ciddi iqtisadi tərəqqiyə yol açmadı. İndi də ölkədə sərvətlərin bölünməsində ciddi qeyri-bərabərlik hökm sürür. Korrupsiya siyasi və ictimai həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu səbəbdən gələcək üçün heç bir real perspektiv gözə çarpmır”, - Havənd belə deyir.
Ekspert İrandakı iqtisadi statistikanın da ürəkaçan olmadığını qeyd edir:
 
“İranda rəsmi olaraq işsizlik 12,5% olaraq göstərilib. Lakin əslində bu 20%-dən də çoxdur. Gənclər arasında isə bu rəqəm ümumiyyətlə 30%-i keçir. Əsas ziyan görənlər isə əllərində diplom, iş tapa bilməyən gənc universitet məzunlarıdır. Gənclik etiraz hərəkatının buraxılış mexanizmlərindən biri sayılır”.
Havənd də etiraz hərəkatının bu gün görünən halı ilə uzağa getməyəcəyini düşünür. Onun rəyinə görə, hərəkatın lideri yoxdur. Aksiyalar xarici və daxili strukturların dəstəyindən məhrumdur. Bu səbəbdən etirazların İran daxlində ciddi alternativ yaratması mümkün deyil. Rejim özü də əliboş dayanmayaraq sərt davranacaq və repressiyaları gücəndirəcək.
“Hər halda biz İranın daxili siyasətində yeni bir mərhələyə qədəm qoyuruq. Artıq rejimə heç bir inam qalmayıb. Bu faktın özü belə İranın hakim dairələrinin güclə ayaqda durduğunu göstərir”, - Havənd sonda qeyd edib./musavat.com/