Tatarıstanda məmur qadın “Porshe”dən imtina etdi, bəs bizdə?

Baxış sayı:
6100

Hüquqşünas: “Ölkəmizdə korrupsiyanın əsas təşəbbüskarı elə qadınlardır”

Hər bir qadın arzulayır ki, əlamətdar günlərdə ürəyincə olan hədiyyələr alsın. Belə günlərdən birini qadınlar ötən həftə qeyd etdilər.  8 martda dünyanın çoxsaylı ölkələrində yaşayan qadınlar iş və həyat yoldaşlarından, dostlarından, sevgililərindən müxtəlif hədiyyələr aldılar. Rusiyanın Tatarıstan Muxtar Respublikasının sakini Taliyə Minullina isə milyonlarla qadının arzusu olan bir hədiyyə - “Porshe” avtomobili alıb. Avtomobili ona sevgilisi hədiyyə edib. Nə qədər qəribə də olsa, Taliyə hədiyyədən imtina edib - səbəb bu gənc xanımın dövlət məmuru olmasıdır.

Tatarıstan İnvestisiya İnkişaf Agentliyinin rəhbəri olan A.Minullina məhz məmur olduğu üçün bahalı avtomobildən imtina edib. O, dövlət məmuru olaraq, avtomobili rəsmiləşdirməkdə çətinlik çəkdiyini, vəzifəsinin buna imkan vermədiyini bildirib. Sevgilisinə isə maşını sataraq, əldə edəcəyi pulu Tatarıstan iqtisadiyyatına yatırmağı tövsiyə edib: “Bu, mənim üçün ən yaxşı hədiyyə olacaq”.

Rusiyada yaşanan bu hadisəni oxuduqda, istər-istəməz Azərbaycanda hansısa qadın məmurun belə bir addım atıb-atmayacağı sualını doğurur. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,6 faiz təşki edir. Milli Məclis üzvlərinin 16,8 faizi də qadınlardan ibarətdir.

Azərbaycanın qadın məmurları analoji hədiyyə təklifi alarlarsa, Taliyə xanım kimi nümunəvi davranış sərgiləyərlər, yoxsa hədiyyəni götürməyə üstünlük verərlər? Ümumiyyətlə, Azərbaycanda dövlət məmurlarının hədiyyə almasına qanunvericilikdə hansı məhdudiyyətlər nəzərdə tutulur?

Картинки по запросу Əkrəm Həsənov

Suallara cavab verən hüquqşünas Əkrəm Həsənov bildirir ki, dövlət məmurlarının ala biləcəkləri hədiyyənin dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunla müəyyən olunub: “Əvvəllər bu məsələ ”Dövlət qulluğu haqqında” Qanunla tənzimlənirdi. Daha sonra “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olundu. Qanunun 8-ci maddəsinə əsasən vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı hüquqi və ya fiziki şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olmayan bir və ya bir neçə hədiyyəni qəbul edə bilər. Həmin məbləğdən yuxarı olan hədiyyə həmin vəzifəli şəxsin işlədiyi quruma məxsus hesab edilir. Yəni dövlət məmuru 55 manatdan yuxarı hədiyyə qəbul edə bilər, amma bir şərtlə ki, onu versin işlədiyi dövlət qurumuna".

Hüquqşünasın sözlərinə görə, Rusiyada dövlət məmurlarının gəlirləri barədə bəyannamə verməsi mexanizmi tətbiq olunur: “Bu mexanizm orada oturuşub artıq. Hər bir dövlət məmuru özünün illik gəlir və xərcləri barədə məlumatı açıqlayır. Tatarıstan da Rusiyanın subyekti olduğu üçün xanım məmur həqiqətən o avtomobili rəsmiləşdirməkdə çətinlik çəkə bilərdi. Bizdə bu mexanizm tətbiq olunmadığı üçün məmurlar öz adlarına, ailə üzvlərinin adına istədikləri qədər daşınar və daşınmaz əmlak əldə edə bilirlər”.

Azərbaycanda xanım məmurların analoji davranış sərgiləməsini isə Ə.Həsənov gözləmir: “Bəlkə də qadınların ürəyincə olmayacaq, amma hesab edirəm ki, Azərbaycanda korrupsiyanın əsas təşəbbüskarları elə qadınlardır. O baxımdan ki, mən tanıdığım dövlət məmurlarının çoxu rüşvəti məhz qadınlara görə alırlar. Ya evdə arvadı beynini yeyir ki, hamı gedib alır, qazanır sən bacarmırsan, ya da məşuqəsi buna təhrik edir. Yəni Azərbaycandakı korrupsiya prosesi qadınsız keçmir”.

Картинки по запросу Mirvari Qəhrəmanlı

Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirir ki, Azərbaycanda qadınlar korrupsiya prosesində ikitərəfli rol oynayır: “Birincisi, harın məmurun arvadı özündən də betər olur. Adətən çox kişiləri korrupsiyaya, rüşvətə evdəki situasiya məcbur edir. Vəzifədə işləyən qadınlara gəlincə, vallah, onlar kişilərdən geridə qalmırlar. Bu, ümumiyyətlə, vəzifəyə, kresloya olan ümumi yanaşmadan doğan haldır. Azərbaycanda hamı vəzifəyə böyük qazanc yeri, əlavə gəlir mənbəyi kimi baxır. Ona görə də vəzifəyə gələn  kim olursa-olsun, rüşvətə, korrupsiyaya bulaşır”.

M.Qəhrəmanlı da Azərbaycanda Tatarıstandakı kimi nümunələrin olması üçün “Gəlir bəyannamələri haqqında” Qanunun qəbulunu zəruri sayır: “2005-ci ildən bəri bu proses uzanır, hələ də həllini tapmayıb. Məmur bilsə ki, ilin sonunda gəlir və xərcləri barədə bəyannamə açıqlamalı olacaq, korrupsiyaya bu qədər bulaşmaz. Qadınların rüşvət almasına gəlincə, korrupsionerin qadını, kişisi olmaz. O elə korrupsionerdir. Bu gün ölkədə aparılan islahatların effekt verməsi üçün məmurların gəlir bəyannaməsi verməsi mexanizmini tətbiq etmək lazımdır. Yoxsa birini çıxarıb başqasını qoyurlar, yeni gələn də eyni yolla gedir...”/musavatt