Tamadalığı hesabına Kremldə ali vəzifəyə təyin olunan gürcü – Menteşaşvilinin yüksəlişi

Baxış sayı:
9024

Leonid İliç Brejnevin hakimiyyəti illərində Kremldə ciddi siyasi fiqurlardan biri olan Konstantin Çernenko digər həmkarlarından fərqli olaraq sırf kabinet məmuru sayılıb. İstər xarici dövlətlərə, istərsə də ölkədaxili bölgələrə Çernenko çox nadir hallarda səfər edib. Həmin nadir səfərlərdən biri də Çernenkonun 1981-ci ildə Gürcüstana rəsmi səfəri olub. Həmin dövrdə Konstantin Çernenko Mərkəzi Komitənin katibi vəzifəsində işləyib.

Tbilisidə ali qonağı qarşılamaq üçün bütün lazımi tədbirlər həyata keçirilib. Kreml nümayəndəsinin görüşləri, gəzəcəyi yerlər, şərəfinə veriləcək ziyafət əvvəlcədən ən kiçik detallara qədər götür-qoy edilib.

Beləliklə, gəzməyi çox da sevməyən Çernenkonun Gürcüstan səfəri başlayıb.

Həmin dövrdə Gürcüstanın birinci katibi olan Eduard Şevardnadze Çernenkonu böyük təntənə ilə qarşılayıb. Rəsmi görüşdən sonra moskvalı qonağın gəzinti proqramı başlayıb.

İlk səfər Tbilisidəki “Mziuri” uşaq parkına olub. Parkın ərazisinə daxil olmaq üçün 10-15 pillədən ibarət keçiddən keçmək lazım olub. Pillələr üzüaşağı olduğundan Çernenko pillələri asanlıqla enib. Amma parkdan geri çıxanda Çernenko pillələri qalxarkən sözün əsl mənasında əziyyət çəkib. Ağ ciyərlərində ciddi problem olan Çernenko təngnəfəs olduğundan iki dəfə dayanmaq məcburiyyətində qalıb.

Maşına əyləşən kimi Çernenko Şevardnadzedən gəzinti və görüşlərin sayının azaldılmasını xahiş edib. Şevardnadze elə həmin andaca qonağın şərəfinə veriləcək ziyafətdən başqa nəzərdə tutulan digər tədbirləri ixtisara salıb.

Axşam saatlarında ziyafət başlanıb. Şevardnadze ilk badəni Çernenkonun şərəfinə qaldırdıqdan sonra moskvalı qonağa bildirib ki, milli ənənələrə görə gürcü ziyafətlərində məclisi idarə etmək üçün tamada seçilir və o, Tbilisi şəhər Partiya Komitəsinin birinci katibi Tengiz Menteşaşvilini Çernenkoya həm də tamada kimi təqdim edib.

Tengiz Menteşaşvilininin məclis aparmağı Çernenkonun hədsiz xoşuna gəlib. Təmtəraqlı sağlıqlar, poeziya nümunələri, lətifələr Kreml nümayəndəsinin könlünü xoş edib. Səfər sona çatıb, Konstantin Çernenko Gürcüstandan xoş təəssüratlarla ayrılıb.

Bu səfərdən təxminən bir il sonra Çernenko Moskvadan Şevardnadzeyə zəng vurub. Hal-əhval tutduqdan, respublikada ümumi vəziyyət haqqında qısa məlumat aldıqdan sonra o, mətləbə keçib:

- Eduard Amvrosieviç, mən Tbilisidə olanda ziyafətdə bir nəfər tamadalıq edirdi. Həmin adam indi haradadır?

Təbii ki, ilk anda Şevardnadze söhbətin nədən getdiyini anlamayıb. Amma suala cavab verib:

- Həmin adam Tengiz Menteşaşvilidir, siz gələn vaxtı da, elə indi də o, Tbilisi şəhər Partiya Komitəsinin birinci katibdir.

- Bilirsiniz, o şəxs mənim yaddaşımda savadlı, qabiliyyətli, məsuliyyətli bir adam kimi qalıb. Rus dilində də çox səlis danışır.

Mən onu SSRİ Ali Soverti Rəyasət Heyətinin katibi vəzifəsinə təyin edilməsi ilə bağlı təklif vermək istəyirəm.

- Konstantin Ustinoviç, bir gürcünün yerinə yenidən başqa bir gürcünü təyin etmək nə dərəcədə düzgün olar?

- Siz buna görə narahat olmayın. Onu yanınıza çağırın və söhbət aparın.

Məhz həmin ərəfədə, 1982-ci ilin noyabrında SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi, milliyətcə gürcü olan, qızıl unitazı ilə tarixə düşən Mixail Georqadze korrupsiyada ittiham olunduğuna görə intihar etmişdi (ətraflı yazını bu linkdə oxuya bilərsiniz https://www.musavat.com/news/qizil-unitazli-evde-ozunu-gulleleyen-katib-...).

Şevardnadze elə həmin gün Tengiz Menteşaşvilini yanına dəvət edib, məsələni ona anladıb. Birinci katib Moskvadan gələn vəzifə təklifini məmnunniyyətlə qəbul edib.

Beləliklə, tamadalığının hesabına 1982-ci ilin noyabr ayından 1989-cu ilin may ayına qədər Tengiz Menteşaşvili SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləyib. Konstantin Çernenko baş katib olduğu dövrdə ona böyük hörmət bəsləyib, arabir peşəkar tamada olduğunu da zarafatla ona xatırladıb.