Talal Silodan ŞOK AÇIQLAMALAR davam edir: “Menbiçdə də İŞİD-lə ABŞ-ı təmsil edən yaraqlılar razılaşmışdılar – terrorçulara buraxılış sənədi satırdılar”

Baxış sayı:
5260

İŞİD-in Menbiçi PKK-nın qolu olan terrorçulara təhvil verməsi

SDG-nin (Suriya Demokratik Qüvvələri - əsas hissəsini PKK-nın Suriyadakı şaxəsi olan YPG/PYD qüvvələri təşkil edir) Türkiyəyə qaçan keçmiş mətbuat katibi Talal Silo SDG ilə İŞİD arasında Rakkada əldə edilən razılaşmanın bənzərinin Menbiçdə də əldə olunduğunu bildirib.
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın dəstəklədiyi PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin əsasını təşkil etdiyi SDG ilə İŞİD arasında Rakkada əldə olunan razılaşma çərçivəsində, bundan əvvəl verilən açıqlamadan fərqli olaraq, çox sayda terrorçunun şəhərdən rahat şəkildə çıxmasına icazə verildiyi, onların arasında bir çox əcnəbi döyüşçünün olması və onların silah-sursatla dolu maşın karvanları ilə bölgəni tərk elədikləri BBC-nin xüsusi xəbəri ilə aşkara çıxmışdı.
 
200 dollarlıq “buraxılış vərəqələri”

Ötən ay Türkiyəyə sığınan SDG-nin keçmiş mətbuat katibi Silo Menbiçdə Rakkadakına bənzər şəkildə əldə edilən razılaşma çərçivəsində 2000 İŞİD yaraqlısına şəhərdən çıxmağa icazə verildiyini bəyan edib.
Silo “Tayms”a verdiyi müsahibəsində SDG-nin İŞİD yaraqlılarına sənəd satdığını da iddia edib: “Menbiçdən 2000 nəfərə qədər terrorçu qaçıb. Onlar şəhərdən gedərkən orada idim. SDG komandirlərindən sənəd ala bildilər”.
SDG-nin keçmiş mətbuat katibi deyib: “SDG-nin aşağı səviyyədəki İŞİD yaraqlılarına öz nəzarətlərindəki torpaqlarda sərbəst şəkildə səyahət edə bilmələri üçün 200 dollara səyahət sənədi satdılar, rəhbərlikdəki İŞİD yaraqlıları isə sənədlər üçün daha çox pul ödədilər”.
 
ABŞ-ı utandırır

“Tayms” qəzeti Silonun türklər üçün qiymətli bir şahid olduğunu, kürdlərin onun təzyiq altında qaldığını iddia elədiklərini, onun açıqlamalarının amerikalıları utandırdığını yazıb.
Qəzet ABŞ-ın Silonun açıqlamalarını təkzib etməyə çalışdığını da qeyd edib. Silo bundan əvvəlki müsahibələrində demişdi: “YPG ABŞ-ın İŞİD ilə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqarkın istəyi ilə SDG şəklinə salındı”.
Qeyd edək ki, Menbiç üzərində nəzarət 2016-cı ilin avqustunda İŞİD-dən SDG-yə keçmiş, bundan sonra isə yaraqlılar şəhərin yerli əhalisinin qeydiyyat sənədlərinin saxlanıldığı dövlət idarəsini yandırmış, öz evlərinə qayıtmaq istəyən ərəbləri və türkmənləri və onlarla əməkdaşlıq etməyən kürdləri sıxışdırmağa başlamışdı.