SUSMAQ QIZILDIR, AMMA... – Azərbaycanda erməni əsilli şəxs necə toxunulmaz olub?

Baxış sayı:
12979

Tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki profilində “Sputnik Azərbaycan”ın şef redaktoru Mətin Yaşaroğlunun işdən azad olunması ilə bağlı status paylaşıb. Həmin statusu olduğu kimi dərc edirik:
“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib. Müraciətdə o cümlədən “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.
Əlbəttə ki, səmimi addım olsa idi təqdirəlayiq sayardım. Ancaq özümə borc bilirəm ki, Elmira xanımdan soruşum. Axı Mətin Yaşaroğlu ofisi Bakıda yerləşən, özü də Prezidentin köməkçisi Əli Həsənova məxsus binada məskunlaşan KİV-də işləyib. Elmira xanım, Bakıda nə iş görüb, nəyə görə Prezidentin köməkçisinin öz binasında ermənilərə xidmət edən agentliyə yer verməsini araşdırıbmı?! Əminəm ki, yox. Ona görə də bu gün mətbuatın tirajladığı müraciətini boş bir kağız parçası və uğursuz bir piar kampaniyası sayıram.
Qarabağı, dövlətçiliyi düşünən adam birinci növbədə birbaşa erməni lobbisinə xidmət edən mətbuatın Bakıda necə fəaliyyət göstərməsini araşdırar. Deyəsən Aprel döyüşləri zamanı mətbuatda baş verən xaosdan dərs çıxarmaq istəmirlər.
P.S. Bu məsələdə ictimai qınağın olmaması məni dəhşətə gətirdi. Ölkə rəhbərliyinin ən üst qatında təmsil olunan şəxs az qala ermənilərə xidmət etməkdə suçlanır, cəmiyyət və hakimiyyət isə susur. Bax bu, dəhşətdir”.

Muxalifet.az