Sürücü məsuliyyətsizliyi və ya avtomobillərdə təhlükəsizlik tələbləri - ŞƏRH

Baxış sayı:
4972

Rusiya istehsalı “VAZ” avtomobillərində təhlükəsizlik tələbləri təbii ki, digər ölkələrdə istehsal edilən avtomobillərdəki tələblərə heç yaxın da gəlmir.
Muxalifet.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında nəqliyyat eksperti Azər Allahverənov deyib. 
Onun sözlərinə görə, son illər müəyyən irəliləyişlər nəzərə çarpsa da, bu avtomobillərdə təhlükəsizlik məsələləri arzuolunan deyil. 
“Bunu başqa ölkələrdə istehsal olunan avtomobillərlə “VAZ” avtomobilləri arasındakı qiymət fərqində də görmək olar. Çünki Almaniya, Yaponiya kimi ölkələrdə istehsal olunan avtomobillərin nəinki təhlükəsizlik elementləri, eyni zamanda avtomobilin banında istifadə edilən metalın keyfiyyəti, qalınlığı belə əsas şərtlərdəndir. 
Yəni qəza baş verdiyi halda mexiniki zərbə alan avtomobil içəridəki sərnişinlərə bilavasitə təhlükə yaratmamalıdır. Amma “VAZ” avtomobillərində istifadə olunan dəmirin keyfiyyəti çox zəifdir. Təbii ki, bu, potensial olaraq, təhlükə yaradan haldır. 
Bundan başqa, avtomobillərin konstruksiyasında daha bir elementə diqqət yetirək. Almaniya istehsalı avtomobillərinin qabaq hissəsində amartizasiya elementinə üstünlük verilir, ABŞ istehsalı avtomobillər üzbəüz dəyən istənilən maşını aşırmağa qadirdir. Çünki onlarda maşının ön hissəsinə xüsusi fikir verilir, o, kifayət qədər sərt və dayanıqlı olur. Amartizasiya elementi zərbə zamanı fəsadları minimuma endirmək imkanı yaradır”, - ekspert bildirib. 
O əlavə edib ki, 90-cı illərə qədər istehsal olunan “VAZ” avtomobillərində təəssüflər olsun, təhlükəsizlik tələblərinə cavab verən elementlər yoxdur və nəzərdə tutulmayıb.
“Çünki, həmin dövrdə sürət bu qədər yüksək deyildi və avtomobil sıxlığı yox idi. Amma indi müasir dövrün tələbləri belədir ki, avtomagistrallarımız kifayət qədər sürətlidir və nəticə etibarı ilə yüksək sürətlə hərəkət edən avtomobil qəzaya düşdükdə ağır xəsarətlər yetirə bilir. Ona görə də arzuolunan haldır ki, istehlakçılar, sürücülər təhlükəsizlik tələblərinə cavab verən avtomobillər əldə etsinlər”, - A.Allahverənov qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın avtomobil parkında olan maşınların 60 faizə qədəri 90-cı illərdə və sovet dövründə istehsal olunan avtomobillərdir: 
“Təbii ki, bu sayda avtomobilin dövriyyədən çıxarılması olduqca çətin prosesdir. Xüsusilə də, bunun üçün konkret mexanizm yoxdur. 
2018-ci ilin dekabrında prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Həmin dövlət proqramında da konkret olaraq, istismara yararsız, köhnəlmiş və təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin istismardan çıxarılması üçün nəzərdə tutulan utilizasiya prosesi nəzərdə tutulub. Bu o deməkdir ki, istənilən şəxs öz avtomobilini həmin proqramın icraçılarına təqdim etməklə müəyyən vəsait əldə edərək, güzəştli şərtlərlə yeni avtomobil ala biləcək. Yəni belə sxem üzrə təbii ki bu avtomobillərdən yaxa qurtarmaq mümkündür”. 
Ekspert bir neçə gün öncə Göygöldə baş verən dəhşətli qəzaya ilə bağlı da fikirlərini bölüşüb:
“Səkkiz nəfərin ölümü ilə nəticələnən bu qəzaya diqqət yetirsək, burada iki “VAZ” avtomobilinin üz-üzə toqquşduğunu görərik. Bu qəzanın səbəblərinə gəlincə isə, fikrimcə, burada sürücülər yol hərəkəti qaydalarını kobud surətdə pozublar. 
Bununla yanaşı, həmin avtomobillər təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün bu faciənin fəsadları daha ağır olub. Təbii ki, müəyyən elementlər nəzərdə tutulsaydı, həmin hadisə bu qədər faciəvi olmazdı”. 
A.Allahverənov deyib ki, qəza vəziyyətlərinin yaranmasında sürücülərin özlərindən çox şey asılıdır:
“ Misal üçün, bu gün işə gəldiyimdə Yaponiya istehsalı avtomobilin sürücüsünün bir əli ilə siqareti saxladığı, digər əli ilə telefonla məşğul olduğunu və sükana nəzarəti əlindən buraxdığını gördüm. Hətta həmin sürücü təhlükəsizlik kəmərindən belə istifadə etmirdi. Bu vəziyyətdə hansı təhlükəsizlikdən söhbət gedə bilər?! Bu adam heç öz şəxsi təhlükəsizliyini təmin etməkdə maraqlı deyil.
Bu bir daha onu göstərir ki, hətta biz o avtomobilləri dövriyyədən çıxarsaq, bu cür sürücülərə görə yol hərəkətində təhlükəsizliyin təmin edilməsi çox çətindir”. 
Amma yenə də qeyd etmək istəyirəm ki, təhlükəsizlik elementləri qəzanı şərtləndirən əsas elementlərdən biridir”.