SURİYADA RUSİYA QALİB OLACAQ - Türk ordusu Türkiyə-Suriya sərhədini ələ keçirir, ABŞ ordusu geri çəkilir... / TƏHLİL

Baxış sayı:
12565

Frederik Pleitgen, CNN Rusiya artıq Suriyada var olan ən təsirli xarici gücdür. Bu ölkənin prezident Vladimir Putin isə öz hərbi gücü ilə Suriya ordusunu himayə edən və Bəşər Əsədlə müttəqfiq olan təsirli siyasi fiqurdur. "İndi Suriyanın şimal-şərqi sərhəd bölgəsindən Türk ordusunun kürd qüvvələrini "təmizləmək" üçün apardığı əməliyyat Putinə Rusiyanın təsirini genişləndirmək şansını verə bilər", - deyə amerikan şahinləri həyəcan siqnalı verir. Rusiyanın Suriyada " ayaq səsləri" Rusiyanın Suriyadakı əsas bazası, Aralıq dənizi sahillərində, Latakiya şəhərinə yaxın olan Hmeimin hava limanıdır. Bu, sadə bir aviabaza deyil. Rusiyanın Suriya kampaniyasını idarə edən yüksək səviyyəli hərbçilər də orada yerləşdirilib. Bazada, həmçinin, ABŞ koalisiyasına aid döyüş təyyarələri ilə toqquşma riskini aradan qaldıran və onları yönləndirən, ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə əlaqə quran Rusiya ordusunun dekonfiqurasiya mərkəzi də var. Bir az cənubda, Suriyanın Tartus limanında Moskvanın əsas dəniz bazası və Aralıq dənizdəki yeganə bazası da var. Suriyada döyüş gərgin olan ərəfədə Rusiya sualtı qayıqları və “Kruiz” raketləri ilə təchiz olunmuş döyüş gəmiləri tez-tez İŞİD-ə və Əsəd əleyhinə olan üsyançı qruplara atəş açırdılar. Suriya münaqişəsinin qızışdığı bir zamanda Rusiya bölgədə orada quru qüvvələrə sahib idi. Sadəcə, döyüş əməliyyatları ləğv edildiyi üçün bu qoşunların bir hissəsi geri göndərildi. Moskva Suriyadakı hərbi iştirakdan başqa, bu ölkədə iqtisadi varlığını da sürdürür. Rusiyanın neft və qaz şirkətləri Şərqi Suriyada karbohidrogen yataqlarının istismarı üçün işbirliyi də qurublar. Rusiya ABŞ-ın Suriyadan geri çəkilməsini necə görür? Çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrov Trampın ABŞ qüvvələrini geri çəkmək barədə verdiyi açıqlamaya əməl edəcəyinə inanmadığını söylədi. "Donald Tramp dəfələrlə qoşunlarını Suriyadan və digər ölkələrdən çəkəcəyini açıqladı. Sonra isə gördüyü işlər onun bu vədlərini boşa çıxartdı. İstisna etmirəm ki, indi də oxşar bir şeyi müşahidə edirik",- deyə Lavrov Qazaxıstanın paytaxtı Nur-Sultanda belə açıqlama verdi. Rusiya Suriya hökumətini dəstəkləyir, Türkiyə isə Suriyanın əsas üsyançı qruplarından birini dəstəkləyir. Rusiya və Türkiyə Suriyadakı bu müharibədə əks tərəfləri dəstəkləsə də, Rusiya şübhəsiz ki, ABŞ-ın Suriyadan tamamilə çəkilməsini alqışlayacaq. Çünki bu, Moskvaya daha çox hərəkət azadlığı verəcək: təkcə Suriyada deyil, həm də bütün Yaxın və Orta Şərqdə. Rusiya bir türk istilasını dəstəkləyirmi? Türkiyə Suriyaya girməyi və kürd döyüşçülərini sərhədə yaxın böyük bir ərazidən geri çəkməyi planlaşdırır. Türkiyə həm Suriyada, həm də beynəlxalq siyasi səhnədə Rusiya üçün getdikcə daha vacib bir partnyora çevrilsə də, Rusiyanın Türkiyənin elan etdiyi hərbi əməliyyatları dəstəklədiyi görünmür. Bunun səbəbi sadədir: Əsəd hökumətinin müttəfiqi olaraq Rusiyanın bildirdiyi məqsəd bu ölkənin bütün ərazisini üsyançılardan və ABŞ tərəfdarı qüvvələrdən geri almaqdır və Türkiyənin sərhədyanı əməliyyatı uzunmüddətli ərazi suverenliyinin pozulmasına səbəb ola bilər. Çərşənbə günü Dəməşq Türkiyənin Suriyaya qoşun yeritmək istədiyini eşitdirdi. "Ərdoğan rejiminin təcavüzkar davranışı, Suriya Ərəb respublikası ərazisindəki Türkiyənin ekspansionist istəklərini açıq şəkildə göstərir və buna heç bir bəhanə ilə haqq qazandırıla bilməz", - deyə Suriyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyildi. Lakin Rusiya həm də türk müttəfiqlərinə rəğbət bəsləməyə çalışır və həll yolu üçün bütün tərəflərlə danışıqlar aparmağı təklif edib. "Həm kürd tərəfinin nümayəndələri, həm də hökumət nümayəndələri ilə əlaqə saxlayırıq və onları Suriyanın bu hissəsindəki problemləri həll etmək, o cümlədən Türkiyə-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək üçün dialoqa başlamağa təşviq edirik”, - deyə xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya bacaracaqmı? Rusiya Türkiyənin Şimali Suriyaya keçməsinin və kürd qüvvələrini təmizləməsinin qarşısını ala bilmədi. Ancaq vasitəçilik yolu ilə qan tökülməsini potensial olaraq azalda bilər. Putin çərşənbə günü Rəcəb Tayyib Ərdoğanla danışdı və Türkiyə prezidenti ordunun Suriya sərhəddini keçməsinin sadəcə zaman məsələsi olduğuna işarət etdi. Türkiyənin “Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, Ərdoğan Putinə hərbi əməliyyatın Suriyada sülhə və sabitliyə töhfə verəcəyini və ölkədə siyasi prosesə yol açacağını söyləyib. Bununla belə, Putin daha böyük şəkildə qan tökülməsinin qarşısını ala bilər. Türklərin ərazidən "təmizləməyə" çalışdığı, əvvəllər ABŞ tərəfindən birləşdirilmiş kürd qüvvələri Suriya hökumətinə də, Rusiyaya da qarşı deyil. Əslində, Amerika ilə birgə İŞİD-ə qarşı vuruşan kürd döyüşçüləri Rusiya və Suriya hökuməti tərəfində, eləcə də Hələb döyüşü zamanı Əsəd əleyhdarlarına qarşı vuruşdular. Ruslar və Suriya hökuməti hər zaman kürdlərlə əlaqə quraraq, onları Suriya hökumətinin rəhbərliyinə tabe olmağa çağırıb və Əsəd Ordusunun kürdlərin olduğu bölgələrdə varlığını qorudu. İndi Rusiyanın "böyük anı" gələ bilər. Moskva Ankara, Şam və kürdlərə təsir göstərə bilir. Çərşənbə günü Kürd rəhbərliyi bəyanat verərək, Rusiyanın xarici işlər nazirinin açıqlamalarını alqışladığını və Rusiyanın vəziyyətin pisləşməsinin qarşısının alınmasında rol oynayacağına ümid etdiklərini söylədi. ABŞ Rusiyanın rolundan narahatdır Trampın Suriyadan çəkilmə qərarını tənqid edənlər narahatlığa əsas kimi Rusiyanın regionda artmaqda olan təsirinə xüsusi işarə etdilər. "ABŞ qüvvələrinin Suriyadan gərgin şəkildə çıxarılması yalnız Rusiya, İran və Əsəd rejiminə fayda verəcəkdir", - deyə ABŞ Senatının lideri, Suriyadan geri çəkilmənin ən qəti tənqidçisi Mitch McConnell sosial şəbəkə üzərindən paylaşım edib. Tərcümə etdi: Muxalifet.az