​Sudanda gərginlik daha da artır: Əhali geri çəkilmir

Baxış sayı:
15040

Ordunun dağılışmaq barədə çağırışına baxmayaraq, Sudan Silahlı Qüvvələri baş komandanlığının Xartumun mərkəzindəki mənzil-qərargahı önündə oturaq tətil iştirakçılarının sayı artmaqda davam edir.
Muxalifet.az xəbər verir ki, minlərlə sudanlı həmkarlar ittifaqları assosiasiyasının tətilə qatılmaq barədə çağırışına qoşularaq paytaxtın mərkəzinə axışır.
Bu gün səhər hərbçilər etirazçıların bir həftə əvvəl qurduqları barrikadaları sökməyə başlayıblar. İnsanlar arasında ordunun nümayişi güc yolu ilə dağıtmağa hazırlaşdığı barədə şayiələr yayılıb. Silahlı Qüvvələrin mənzil-qərargahının, Müdafiə Nazirliyinin və prezident iqamətgahlarının birinin daxil olduğu binalar kompleksi önündə gərginlik durmadan artır.
Bu ərəfədə Sudanın hərbi keçid şurası etirazçıları dağıtmaq üçün gücdən istifadə etməyəcəyini bildirib. Əhalinin etiraz aksiyası keçirmək hüququnu tanıyan hərbi hakimiyyət, eyni zamanda, onları dağılışmağa çağırıb.
Etirazçıların əsas tələbləri arasında bütün siyasi məhbusların həbsxanalardan buraxılması tələbi də yer alır.
Xatırladaq ki, aprelin 11-də Sudanda hərbi çevriliş baş verib. Prezident Ömər əl-Bəşir və bir sıra yüksək vəzifəli şəxslər həbs olunub, ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.