Sudanda Baş Qərargahın binası önündə kütləvi etiraz... - YENILƏNDİ

Baxış sayı:
8872

Aprelin 12-də yüz minlərlə sudanlı etirazların davam etdiyi Sudan Ordusunun Baş Qərargah binasının qarşısına gəlib.
Etirazçılar hərbi keçid şurasının qərarını qınayan şüarlar səsləndirir.
Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə Prezidenti Ömər əl-Bəşirin həbs olunduğunu, həmçinin iki il ərzində ölkəni idarə edəcək hərbi şuranın qurulduğunu və 2005-ci ildə qüvvəyə minən konstitusiyanın fəaliyyətinin dayandırıldığını bəyan edib. Bununla yanaşı, ölkənin hava məkanı bir sutkalıq bağlanıb.
Hərbi çevriliş nəticəsində dövlət başçısı Ömər əl-Bəşir, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Sudanın beynəlxalq aeroportu bağlanıb, ölkə ərazisində üç aylıq fövqəladə vəziyyət rejimi elan edilib.
2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ildir ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Dörd aya yaxın davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.