​Stalini xilas edən ilk azərbaycanlı QADIN PİLOT

Baxış sayı:
6067

Bu gün alman faşizmi üzərində qələbənin 74-cü ildönümüdür. Bu qələbədə Azərbaycan həm insan resursu, həm də qara qızılı ilə misilsiz xidmətlər göstərib.
İstər ön cəbhədə, istərsə də arxa cəbhədə həyatı bahasına qələbə üçün çalışan insanlar arasında qadınlar xüsusi çəkiyə malik idi. Qəlbindəki odu, düşmənə nifrəti gülləyə çevirərək qələbəyə böyük töhfələr vermiş qadınlardan biri də Azərbaycanın ilk qadın pilotu Züleyxa Seyidməmmədovadır.
Muxalifet.az bildirir ki, oxu.az ilk azərbaycanlı qadın pilot, müsəlman şərqinin ilk döyüşçü pilotu Züleyxa Seyidməmmədovanın mənalı ömür yoluna nəzər salıb:
O, ilk baxışdan dövründən heç nə ilə fərqlənməyən bir ailədə dünyaya gəlmişdi. Mühasib bir ata, təhsilsiz və 11 yaşında ərə verilmiş bir ananın nikahından doğulmuş ikinci qız idi. Onun da arzuları anası tərəfindən "Bircə bu çatışmırdı" cümləsinə rast gəlmişdi.
Züleyxa Seyidməmmədova ailəsinə baharın ilk nəfəsi ilə gəlmişdi - 1919-cu ilin martın 22-də doğulmuşdu. Atası Mirhəbib ağa Hacı Zeynalabdin Tağıyevin  mühasibi idi, həm dini, həm də dünyəvi təhsil almışdı.
Anası, demək olar ki, uşaq yaşda ərə verilmişdi, 13 yaşında ilk övladı Simanı, 14 yaşında isə Züleyxanı qucağına almışdı.
Hələ körpə olanda dəcəl, dəlisov, inadkar Züleyxa həyətlərində qollarını geniş açır, uçduğunu xəyal edirdi.
Əla qiymətlərlə oxuyan Züleyxa ilə bağlı valideynlərinin öz planları vardı: qızları mühəndis olacaq, zavodlardan birində çalışacaq, sakit, xoşbəxt bir həyat sürəcəkdi.
Bir gün Züleyxa evə dönəndə anasında deyir: "Mən təyyarəçi olacağam". Anası Mina xanım isə "Elə bircə bu çatışmırdı", - deyə cavab verir.
Uçmaq sevdası səbəbsiz yaranmamışdı. Yeddinci sinifdə oxuyanda fizika müəllimləri Cümşüd Əfəndiyev şagirdləri Bakı təyyarə meydanına aparır. O gündən bu eşq onun köksündə qor kimi yanmağa başlayır.