Stalindən Qorbaçova: o, birincini yanıltmayıb, ikincidə isə yanılıb - “Cənab Yox”-un etirafı

Baxış sayı:
6511

O, SSRİ-nin siyasi elitasında ən qapalı, mürəkkəb və anlaşılmaz xarakterə malik siyasətçilərdən biri sayılıb. 28 il 5 ay müddətində SSRİ-nin xarici işlər naziri olan Andrey Qromıko ölkənin xarici siyasəti üçün ən çox iş görən, amma ən az danışan, demək olar ki, heç vaxt zarafat etməyən, Kreml ziyafətlərinə çox da meyilli olmayan və olduqca sərt bir məmur kimi yadda qalıb. Rəhbərlik etdiyi nazirliyin aparat işçiləri belə onu il ərzində cəmi bir neçə dəfə, nazirliyin kollegiya iclaslarında canlı olaraq görüblər. Qalan vaxtlarda isə öz nazirlərini yalnız efirdə seyr ediblər. Onun dövlət məmurlarının heç biri ilə dostluq münasibəti olmayıb, heç kimlə istər siyasi, istərsə də adi həyat məslələri ilə bağlı bölüşməyib. Siyasi fəaliyyətini birbaşa ölkənin birinci şəxsi ilə tənzimləyib.

1909-cu ildə Belarusiyanın Qomel vilayətində anadan olan Andrey Qromıko bütün gənclik illərini təhsilə həsr edib. 7 illik orta təhsildən sonra o, texniki peşə məktəbində, daha sonra isə kənd təsərrüfatı texnikumunda təhsil alıb. Belarusiya Dövlət Xalq Təsərrüfatı institutunnda ali təhsil alarkən 2-ci kursdan qiyabi şöbəyə keçib və Minsk ətrafında məktəb direktoru işləyib. 1936-cı ildə namizədlik disertasiyasını müdafiə etdikdən sonra onu Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasında elmi işçi kimi işə qəbul ediblər.

Qromıko boş vaxtlarında da biliklərini artırmaq üçün çox ciddi şəkildə mütaliə ilə məşğul olub. O, ingilis dilində sərbəst danışıb, dünya ölkələrinin tarixi, iqtisadiyyatı, mədəniyyəti ilə bağlı geniş bilgilərə malik olub.

1930-cu illərin ortalarında SSRİ-də dövlət orqanlarında kütləvi “təmizlik” işləri aparıldıqdan sonra gənc kadrlara böyük ehtiyac duyulanda Xarici İşlər Komissarlığında (nazirliyində) yeni kadrların işə cəlb olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Vyaçeslav Molotov rəhbərlik edib. Qromıko da özünü sınamaq, fəaliyyətini bu sahədə davam etdirmək üçün komissiyaya müraciət edib. Onun bütün göstəriciləri komissiya üzvlərini qane edib. Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb. Maraqlı faktlardan biri odur ki, yeni seçilmiş kadrların siyahısı İosif Stalinə təqdim olunanda, rəhbər Qromıkonun soyadını oxuyarkən fikrini belə bildirib: “Bu soyad mənim çox xoşuma gəldi...”

Cəmi bir neçə ay keçdikdən sonra Stalin Qromıkonu kabinetinə dəvət edib, qısa söhbətdən sonra onu SSRİ-nin ABŞ-dakı səfirliyinə (həmin dövrdə nümayəndilik adlandırılıb) müşavir vəzifəsinə göndərməsi ilə bağlı fikrini bildirib. Rəhbərdən xüsusi tapşırıqlarını aldıqdan sonra Andrey Qromıko Amerikaya, yeni vəzifəsinin icrasına yollanıb.

Qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirən və bacarıqlı bir kadr kimi rəhbərliyin diqqətində olan Qromıko 1943-cü ildə Amerikada səfir vəzifəsinə təyin olunub.

Amerikadakı diplomatik fəaliyyəti dövründə böyük üçlüyün, Stalin, Ruzvelt, Çörçillin görüşlərinin təşkilində Qromıkonun xüsusi xidmətləri olub.

Amerikadan geri çağrıldıqdan sonra Qromıko xarici işlər nazirinin müavini, Londonda səfir, daha sonra xarici işlər nazirinin birinci müavini vəzifələrində işləyib.

1957-ci ildə Dmitri Şepilov xarici işlər naziri vəzifəsindən Mərkəzi Komitəyə katib təyin olunanda Nikita Xruşov yeni nazir təyinatı məsələsini onunla məsləhətləşib. Şepilovun cavabı isə çox aydın olub: Mənim iki müavinim var, birinə bir tapşırıq verirsən, işi icra edib qurtarana qədər “buldoq” itləri kimi çənəsi, dili-dodağı əsir, o birisi isə, Andrey Qromıko, olduqca ağıllı, məntiqli, savadlı bir diplomatdır, ona nazir kürsüsünü tam etibar etmək olar.

Bu təqdimatdan sonra Andrey Qromıko 1957-ci ildə SSRİ-nin xarici işlər naziri vəzifəsinə təyin olunub.

Qromıkonun son qərarları həmişə gözlənilməz və “təhlükəli” olub. Məsələn, o, Molotovun yetirməsi olduğu halda, 1957-ci ildə “antipartiya qrupu”nun işi ilə bağlı Molotovu sərt tənqid edərək Xruşovu müdafiə edib. Xruşov onu nazir təyin etsə də, 1964-cü ildə Xruşovun devrilmə işində Qromıko onu tənqid edərək Brejnevi müdafiə edib.

Andrey Qromıko Brejnev komandasında baş katibin sabit, etibarlı, sədaqətli silahdaşı sayılıb.

Dünya diplomatları arasında öz çəkisi olan Qromıko xariçi ölkələrdəki həmkarları üçün çox da arzulanan siyasətçi sayılmayıb. Güzəştə getmək Qromıkonun xarakterinə yad bir məsələ olub. O, xarici ölkələrə səfərləri zamanı müzakirələri saatlarla uzadaraq qarşı tərəfin bütün “kart”larını açmağa nail olub, ən sonda isə öz mövqeyini mütləq şərt olaraq ortaya qoyub, istədiyinə nail olmağı bacarıb.

Qromıkodan “hə” cavabını almaq mümkünsüz bir iş sayılıb. Elə buna görə də xarici həmkarları ona çox vaxt açıq şəkildə, yarızarafat, yarıciddi “Cənab Yox” deyə müraciət ediblər və haqqında bu fikri söyləyiblər: Əgər diplomat “hə” deyirsə - bu “ola bilər” deməkdir, əgər “ola bilər” deyirsə - bu “yox” deməkdir, əgər “yox” deyirsə - bu artıq Andrey Qromıkodur.
Bəzi müasirləri Qromıkonu ləng siyasətçi kimi qiymətləndiriblər. Baş diplomat isə belə düşünənlərin cavabını bir cümlə ilə verib: “Bir gün müharibədənsə, 10 il danışıqlar aparmaq daha yaxşıdır...

Brejnevin vəfatından sonra ölkəyə rəhbərlik edən Yuri Andropov Qromıkonu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edib. Həmin ərəfədə Kremldə tez-tez baş verən yerdəyişmələrdə o, 1985-ci ilə qədər bu vəzifədə çalışıb.
Çernenkonun vəfatından sonra həmkarları Andrey Qromıkonu baş katib vəzifəsinə keçməyi təklif ediblər və bu keçid tam real sayılıb. Qromıko yaşını və heç də qaydasında olmayan səhhətini nəzərə alaraq bu təklifdən könüllü olaraq imtina edib. Amma bununla yanaşı, onun Qorbaçovla məxfi görüşü də olub. Tərəflər bu görüşdə razılığa gəliblər: Qromıko Qorbaçovun baş katib olmasının təşəbbüskarı olaca, Qorbaçov isə baş katib olduqdan sonra Qromıko SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kürsüsündə əyləşəcək.

Danışıqlar nəticəsini verib. Məhz Qorbaçovun baş katib olması üçün ilk təşəbbüskar və ona ilk dəstək verən Qromıko olub.
İstədiyinə nail olan Qorbaçov Qromıkonu Kremldən uzaqlaşdırmaq üçün 1988-ci ildə özünəməxsus bir hiyləyə əl atıb. Onun göstərişi ilə 19-cu partiya konfransında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə yenidən baxılıb və qərara alınıb ki, dövlət başçısının yeni vəzifəsinin adı SSRİ Ali Sovetinin sədri olmalıdır və bu vəzifəni hakim partiyanın rəhbəri tutmalıdır. Bununla da Qromıko MK-nın plenumuna “könüllü” istefası ilə bağlı ərizə təqdim edib.

Sonralar Andrey Qromıko iki cildlik “Xatirələr” kitabında bu cümlələri də qeyd edib: “Mən heç vaxt siyasi fəaliyyətimdə heç bir səhvə, yanlışlığa yol verməmişəm. Bu illər ərzində yalnız bir səhvim olub, Qorbaçovun baş katib olmasında təşəbbüskarlığım...”

Andrey Qromıko 1989-cu ildə 80 yaşında vəfat edib. Öz vəsiyyətinə görə onu Moskvada, Novodeviçye qəbirstanlığında dəfn ediblər./musavat.com