Şərabçılığın inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Baxış sayı:
4069

Azərbaycan Prezidenti İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
Muxalifət.az xəbər verir ki, sərəncamda deyilir:
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə şərabçılığın inkişaf etdirilməsi, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılması məqsədi ilə qərara alıram:
 
1. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görsün.
 
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.